Getdikcə gəncləşən qədim Bakı

 

Dövlət başçısının tələbi: paytaxtda bütün tikinti işləri müasir şəhərsalma tələblərinə uyğun aparılmalıdır

 

Bakı dünyanın qədim şəhərlərindəndir. Paytaxtımız həm də dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Bakıda qədimliklə müasirlik birləşib. Bir yanda Şərq və Avropa memarlığına söykənən tarixi, digər yanda isə müasir dünya memarlığını özündə əks etdirən binalar paytaxta gözəllik gətirir. Buna görə də ölkəmizə gələn əcnəbi turistlər bir daha gəlmək istəyirlər.

Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni təyin edilən sədri qəbul edərkən son dövrlər şəhərdə görülən işləri yüksək qiymətləndirərək demişdir: "Biz bütün təmir işlərini çox böyük ustalıqla, binaların tarixi görünüşünə xələl gətirmədən aparmışıq. Bu, birinci amildir ki, biz Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişiktarixi abidələrimizi bərpa etmişik. İkinci amil müasir binalardır. Bunlar da memarlıq abidələridir. Məsələn, Heydər Əliyev Mərkəzi ən mötəbər mətbu orqanların birində dərc edilən hesabatda dünyanın ən gözəl 10 binasının arasında yer alıb. Mənim fikrimcə, bu, dünyanın ən gözəl binasıdır. Biz təkcə Heydər Əliyev Mərkəzinin timsalında nəinki müasir Bakımızın, Azərbaycanımızın rəmzini görürük. "Alov qüllələri”, "Crystal Hall”, Xalça Muzeyi, ofis binaları - bütün bunlar Bakının müasir memarlığını təcəssüm etdirir. Əsas vəzifəmiz, - mən bu vəzifəni çox ciddi qoymuşdum, - ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik”.

Dövlət başçısı, həmçinin vurğuladı ki, paytaxtda bundan sonra bütün inşaat işləri baş plana uyğun aparılmalıdır. Bakıda baş plana uyğun olmayan heç bir bina tikilməməlidir. Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə böyük səlahiyyətlər verilib. İndi əvvəlki kimi bu komitənin razılığı olmadan heç yerdə heç nə tikilə bilməz. Qanunvericilik yolu ilə bu səlahiyyət komitəyə verilib. Prezident, həmçinin tapşırdı ki, bütün yerli icra orqanları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan tikinti aparılmasına razılıq verə bilməz.

Qəbul zamanı Prezident onu da bildirdi ki, son dövrlər Bakı şəhərinin simasının dəyişməsi istiqamətində çox işlər görülüb. Bunlardan biri "Sovetskiadlanan köhnə yaşayış yerinin abadlaşdırılmasıdır. Burada bir-birinin içində tikilən köhnə, yöndəmsiz, ekoloji baxımdan mənfi təsir göstərən binaların demək olar ki, hamısı sökülüb. Bu proses həyata keçirilərkən vətəndaşların maraqları da nəzərə alınıb. Həmin sakinlərin bəzilərinə evlər, bəzilərinə isə pul kompensasiyası verilib.

Bu gün həmin ərazi abadlaşaraq Bakı sakinlərinin gözəl istirahət məkanlarından birinə çevrilib.

Ərazidə olan Mərkəzi park bu gün dünyanın ən gözəl parklarından biridir. Parkın tikintisi şəhərin havasının təmizlənməsinə, insanların istirahətinə, şəhərin estetik cəhətdən gözəl görünməsinə şərait yaradır. Hazırda bu park paytaxt sakinləri ilə yanaşı, Bakıya gələn turistlərin də sevimli məkanlarından biridir.

Dövlət başçısı ziyalılarla görüşündə Memarlar ittifaqı tərəfindən verilən təklifi bir daha xatırladaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə tapşırdı ki, Memarlar ittifaqı ilə birlikdə Bakının mərkəzi rayonunun formalaşması istiqamətində müvafiq təkliflər verilsin. Bunun üçün komitə ilə Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birlikdə yeni təkliflər planı hazırlayıb təqdim etməlidir. Prezident bu təklifləri dəstəkləyəcəyini bildirdi. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər.

Prezident paytaxtın ekologiyasının saflaşdırılmasına xüsusi əhəmiyyət verdiyini bildirdi. Qeyd etdi ki, Bakı çar Rusiyası və sovet dövründə sənaye şəhəri kimi formalaşıb. Təbii ki, sənayenin genişmiqyaslı inkişafı şəhərimizin ekoloji vəziyyətinə çox mənfi təsir göstərib. Dövlət başçısı bu dövrdə baş verən neqativ halları aradan qaldırmaq üçün bir neçə il bundan əvvəl Bakıda genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin başlanmasına start verildiyini bildirdi. Buna görə Bakının ekologiyasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr ləğv edildi. Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun ictimai zonalar yaradılır. Məqsəd Bakını parklarbağlar şəhərinə çevirməkdir.

Dövlət başçısı şəhərin ekologiyasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən Bibiheybət buxtasının və ətrafının neftdən təmizlənməsi, burada olan gölməçələrin qurudulması, park zonasının salınması, idman şəhərciyinin, o cümlədən Su İdman Sarayı və digər infrastrukturun yaradılmasını qeyd etdi. Eyni zamanda tarixə Qara şəhər kimi düşən ərazidə görülən abadlıq işləri və burada salınan park və tikilən müasir binalardan da söz açdı. Bu gün Qara şəhər tarixə qovuşaraq yerini şəhərə verib. Beləliklə, Bakının ekoloji cəhətdən fəlakət səviyyəsinə çatan bir ərazisi indi paytaxtımızın ən gözəl yerlərindən birinə çevrilib.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.- 11 yanvar.- S. 1; 3.