Azərbaycan Qafqazda sülhün, Ermənistan isə müharibənin carçısıdır

 

2019-cu il Qafqaz dövlətlərinin tarixində ən mühüm siyasi müəmmaların durulub süzgəcdən keçməsi ilə yadda qalacaq. İl ərzində baş verən hadisələri Qafqazın siyasi müstəvisində xronoloji ardıcıllıqla nəzərdən keçirəndə Azərbaycanda və Ermənistanda baş verən siyasi prosesləri, beynəlxalq münasibətlərin inkişafı istiqamətində və əksinə atılan addımları nəzərdən keçirəndə bir medalın hər iki üzü aşkarlanır, kimin kim olduğunu üzə çıxarmağa imkan yaranır, Qafqazda hansı dövlətin münaqişələrə və müharibələrə, hansının sabitliyə və sülhə sədaqətini görə bilirik.

Bu iki dövlətin mahiyyətini, məram və məqsədlərini üzə çıxarmaq üçün nə dərin tarixi araşdırmalara, nə də məxfi arxiv sənədlərinə istinad etmədən bu ilin siyasi hadisələrinin fövqündə mövqelərini kifayət qədər aydın görmək mümkündür. Tarix nadir hallarda belə unikal imkan yaradır və bu məqamı nəzərdən keçirməmək, ondan faydalanmamaq səhv olardı. Azərbaycan Prezidentinin beynəlxalq münasibətlərin inkişafı istiqamətində atdığı addımlar "demokrat” qiyafəsində dünyəvi dəyərlərə sədaqət andı içən Ermənistan liderinin bəyanatları ilə müqayisə zamanı kimin kim olduğu üzə çıxır.

Azərbaycan xarici siyasətlə bağlı olan məsələlərin demək olar ki, hamısında böyük uğurlara imza atıb. Dövlət başçısı Azərbaycan mətbuat nümayəndələrinin bir qrupuna verdiyi müsahibədə bu amilləri bir-bir sadalayıb. Onlardan bir neçəsini qeyd edək. Ənənəvi tərəfdaşlarımızla əlaqələr yenidaha yüksək mərhələyə qədəm qoymuşdur. Bir çox birgə təşəbbüslər irəli sürülmüş, sülhə və əməkdaşlığa xidmət edən önəmli razılaşmalar əldə edilmişdir. Bütün beynəlxalq münasibətlər qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və bir-birinin işinə qarışmama prinsipləri üzərində qurulmuşdir. İndi Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatları yaradılır. Bu il 40-dan çox dövlət və hökumət başçısı beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə GörüşüQoşulmama Hərəkatının Zirvə Görüşü kimi mühüm tədbirlərə Bakı evsahibliyi etmişdir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcək. Qoşulmama Hərəkatında birləşən ölkələrin bu taleyüklü qərarı bütün dövlətlərin Azərbaycana bəslədikləri hörmətdən və dərin inamdan irəli gəlir. Bu mötəbər qurum əmindir ki, Azərbaycanın sədrliyi dövründə təşkilatın nüfuzu artacaq, dövlətimiz yeni sülh təşəbbüsləri ilə çıxış edəcək. Ölkəmiz həmçinin Avropa İttifaqı ilə əlaqələrini xeyli dərinləşdirmiş, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Tusk ölkəmizə səfər etmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənədlərdə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən tam dəstək verilir. Qoşulmama Hərəkatının Yekun Bəyannaməsində də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması birmənalı şəkildə ifadə edilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da Yekun Bəyannaməsində bu mövqedən çıxış edir. Bir sözlə, 150-yə yaxın ölkə, eyni zamanda, türkdilli ölkələrin mütləq əksəriyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bizim mövqeyimizi dəstəkləyirlər.

Artıq bu gün Azərbaycan sülhə, əmin-amanlığa xidmət edən, müstəqilliyini qoruya bilən dövlət imicini qazanmış, Bakı isə Şərqin Cenevrəsinə çevrilmişdir. Azərbaycan sabitliyə, sülhə və əmin-amanlığa sadiqliyini bütün tədbirlərdə eyni qaydada inamla bəyan edir, atdığı bütün diplomatik addımlar qarşılıqlı əlaqələrin inkişafına, neytrallığının qorunmasına yönəlir. Artıq neçə ildir ki, Rusiya və NATO hərbi rəhbərlərinin yüksəksəviyyəli nümayəndələrinin görüşü də Bakıda keçirilir. Yerevan isə keçirilən beynəlxalq forumların, dünya əhəmiyyətli tədbirlərin sayına görə Bakı ilə müqayisədə perspektivsiz şəhərdir. Azərbaycan Qafqazda sülhün, Ermənistan isə müharibələrin və münaqişələrin carçısıdır.

İlin ən mühüm hadisələrindən biri postsovet məkanındakı respublikaların İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75 illik yubileyinə gedən hazırlıqla bağlıdır. Hazırlıq ərəfəsində Azərbaycanla Ermənistan bu məsələyə fərqli münasibətlər sərgilədilər. Alman faşizmi üzərində qələbə bütün bəşəriyyət və xüsusən də postsovet məkanında yaşayan xalqların hamısının həyatında böyük məna kəsb edir. Buna görə də rəsmi bəyanatlarda müharibənin tarixi nəticələri və keçmiş Sovet İttifaqının qələbənin əldə edilməsində əsas rolu haqqında fikir ayrılığı yoxdur. Eyni zamanda, faşistlərin qəhrəmanlaşdırılmasının yolverilməzliyi ilə bağlı fikirlər də üst-üstə düşür. Bu sırada ölkəmiz də istisna deyil. Lakin əsrlər boyu Rusiyaya sədaqət andı içən Ermənistan dolayısı da olsa şimal qonşusuna diş qıcadı, alman faşizminin əlaltılarına və bütünlükdə faşist ideologiyasına görünməmiş bir sevgi nümayiş etdirdi.

Azərbaycan ictimaiyyəti, o cümlədən veteranlar MDB dövlət başçılarına və parlamentlərinə Ermənistanda faşist Njdeyə abidənin ucaldılması ilə bağlı müraciətlər etdilər. MDB Zirvə görüşündə Azərbaycan Prezidenti bu məsələni qaldırmaqla baş nazir Paşinyana bir növ imkan verdi ki, bu abidənin ucaldılmasında iştirakı olmayan siyasi lider kimi üstünə düşə biləcək ləkəni yusun. Paşinyan isə qeyri-adekvat bəyanatlarla Njdeyə bəraət qazandırdı, onu Soljenitsınlə müqayisə etdi. Hələ bu azmış kimi o, başqa bir tədbirdə - Rusiyadan gəlmiş jurnalistlərlə görüşdə Njdeni Molotovla müqayisə etdi. Azərbaycan Prezidenti Paşinyanın bu addımını şərh etməyə söz tapmadığını bildirdi: "Çünki bu, o dərəcədə aşağı səviyyəli fərziyyədir ki, bunu şərh etmək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri idi. Molotov-Ribbentrop paktı 1939-cu ildə bağlanmışdı, ona görə ki, Sovet İttifaqı müharibəyə hazır deyildibu müqavilə gözlənilən müharibənin qarşısını almaq üçün imzalanmışdı. Molotov Njde kimi Hitlerə qulluq etmirdi. Molotov Njde kimi faşist şüarları səsləndirmirdi. Njdenin məşhur şüarı o idi ki, "Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür”. Yəni o, faşistdirbunu İkinci Dünya müharibəsi zamanı demişdir”.

Zaman dəyişir, Ermənistanda "demokratik” liderlər bir-birini əvəz edir, amma qatı millətçi ideologiya dəyişmir. Artıq III minilliyin ikinci onilliyi arxada qalır, lakin Ermənistan müharibə ritorikasından, faşist ideologiyasından əl çəkmək niyyətində deyil. Niyə özlərini demokrat elan edənlər Yerevanda Njdenin heykəlinə baş əyir, zavallı erməni xalqını faşist ideologiyasının quluna çevirirlər? Əsrdən artıqdır ki, qonşu ölkədə faşizmin kabusu dolaşır. Elə bu illər ərzində Azərbaycan sülhə və dünyanın demokratik dəyərlərinə, Ermənistan isə qatı millətçi faşist ənənələrinə sədaqətini qoruyur. Qafqazda sülhün bərqərar olması üçün bizdən tələb edilən əsassız kompromislərdən daha çox bu ölkədə demokratiyanın bərqərar olması vacibdir. Buna görə də bəşəriyyət bu ölkədə kök salan qatı millətçi ideologiyanı əvvəl etiraf etməli, sonra onun aradan qaldırılmasının yollarını düşünməlidir.

Məsələ burasındadır ki, ermənilərin nasist Almaniyası ilə əməkdaşlığı ötən əsrin əvvəllərinə gedib çıxır. Hələ 1918-ci ildə Tiflisdə erməni-alman ittifaqı yaradılır. Eduard Abramyan 2006-cı ildə "Abverdə qafqazlılar” kitabında bu hərəkatı malalayıb ona mədəni-maarifçi xarakteri verməyə cəhd edir. Tarixçilərə həmçinin erməni millətçilərinin "Azqqrupunun da Almaniya ilə əməkdaşlığı bəllidir. Sonralar Berlində, Münhendə, Buxarestdə və Sofiyada erməni gənclərin faşistnasist təşkilatları yaradılır. Bolqarıstanda və Rumıniyada Njdenin 1934-cü ildə əvvəl ABŞ-da, sonralar Avropa ölkələrində yaratdığı "Tseqakron” təşkilatının erməni millətçi üzvlərindən ibarət olan qrupları təsis edilir. Bu təşkilatın bəzi bölmələri sonralar Abverin xüsusi hissələrinin tərkibinə daxil olur. 1942-ci ilin dekabrında Dronun dəstəyi ilə erməni milli şurası yaradılır və bu qurum erməni milli komitəsinə çevrilərək erməni milli ideologiysı üzərində işləyir. 1944-cü ilin sonunadək Hebbelsin idarəsində erməni legionerləri üçün erməni və alman dillərində "Hayastan” ("Armenien”) həftəlik nəşrlər dərc edilir. Hebbelsin əlinin altında radioverilişlərdə erməni diktorları alman, fransız, rus və erməni dillərində çıxışlar edirdilər. 1944-cü ilin fevralında işğal edilmiş şərq ərazilərinin naziri Alfred Rozenberqin əmri ilə Birləşmiş erməni qərargahı yaradılır və Vartan Sarkisyan bu quruma rəhbər təyin edilir. Bu struktur Vermaxtın və Abverin bütün erməni hərbi və kəşfiyyat birləşmələrinin fəaliyyətini idarə edir. Bütün bunlardan sona Njdeni müdafiə etmək, onun ideologiyasını müasir Ermənistana zorla sırımaq yolveriləndirmi? Beləliklə, bu dövlətin xarici siyasətində qabaran əsas amil Qafqazda müharibələrin körüklənməsinə, Rusiya ilə Türkiyə və digər bütün dövlətlər arasında münasibətlərin gərginləşməsinə və regionda müharibə ocaqlarının artmasına göstərilən cəhdlərdir.

Prezident İlham Əliyevin təkcə bu il beynəlxalq münasibətlərin tənzimlənməsi istiqamətində atdığı addımlar və göstərdiyi dimlomatik səylər zamanın aynasında Azərbaycan dövlətinin sülhü müqəddəs amal kimi qoruyan surətini cızır. Yazının əvvəlində dediyimiz kimi, bu, medalın bir üzüdür. O biri üzündə isə "zavallı xalqa mərsiyə deyərək ərazi iddialarından əl çəkməyən, bütün dünyada türklərə və azərbaycanlılara nifrət aşılayan, qatı millətçi nasist ideologiyasından ikiəlli yapışan Ermənistan rəhbərliyinin aqressiv siyasi kursu dayanır.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.- 11 yanvar.- S.3.