Azərbaycanın BMT yanında daimi
nümayəndəsi Təhlükəsizlik Şurasında debatlarda Ermənistanın Azərbaycana
qarşı təcavüzü barədə danışıb
BMT-nin Nizamnaməsinə müvafiq olaraq, dövlətlərin öz üzərinə götürdüyü öhdəliklərin vicdanla yerinə yetirilməsi və beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün müstəsna əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev cümə günü BMT Təhlükəsizlik Şurasında keçirilən, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması naminə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə riayət edilməsinə həsr olunmuş açıq debatlarda çıxışında bu barədə danışıb.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin qəbul edilməsinin 75-ci ildönümünə həsr edilmiş debatlar bu ay BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsinin icrasına başlamış Vyetnam Sosialist Respublikasının təşəbbüsü ilə keçirilib.
Qoşulmama Hərəkatının nümayəndəsi qismində çıxış edən Yaşar Əliyev Vyetnamı BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsinə başlaması münasibətilə təbrik edib və Vyetnamın Baş Nazirinin müavini və Xarici İşlər naziri Fam Bin Minə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə riayət edilməsi mövzusunda konseptual qeydin təqdim edilməsinə görə minnətdarlığını bildirib.
Azərbaycanlı diplomat çıxışında qeyd edib ki, silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasət, terrorizm, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq və ekstremizm, habelə insan haqlarının pozulması, maliyyə böhranları və ətraf mühitin vəziyyətinin pisləşməsi bütün dünyada milyonlarla insanın həyatına mənfi təsir göstərməkdə davam edir.
O bildirib ki, Qoşulmama Hərəkatı multilateralizmin dəstəklənməsinə tərəfdardır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və "2030-cu ilədək olan dövr üçün davamlı inkişaf sahəsində Gündəliyin” əsasını təşkil edən multilateralizm və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunub saxlanması və möhkəmlənməsi Birləşmiş Millətlər Təşkilatının üç əsas elementi - sülh və təhlükəsizlik, inkişaf və insan haqlarının təşviqi və dəstəklənməsi üçün böyük əhəmiyyət kəsb edir.
Yaşar Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş və "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusuna həsr edilmiş XVIII Zirvə Görüşündə Hərəkatın üzvü olan ölkələrin dövlət və hökumət başçıları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinin, habelə sülhün və təhlükəsizliyin qorunub saxlanması və möhkəmlənməsi, hüququn aliliyinin, iqtisadi inkişafın və sosial tərəqqinin, hamı üçün insan haqlarının dəstəklənməsi üçün zəruri olan beynəlxalq hüququn norma və prinsiplərinin əsaslandırılmış olmasını bir daha təsdiq etdilər.
Y.Əliyev vurğulayıb ki, Qoşulmama Hərəkatı tərksilah və beynəlxalq təhlükəsizlik sahəsində yaranmış mürəkkəb vəziyyətlə əlaqədar bir daha özünün daimi narahatlığını bildirir. Bununla əlaqədar, Qoşulmama Hərəkatı tərksilaha və nüvə silahının yayılmamasına nail olmaq üçün indiki vəziyyətdən çıxmağa yönəlmiş səyləri bərpa etməyə çağırır. Qoşulmama Hərəkatı nüvə silahının hər hansı şəkildə tətbiqi zamanı fəlakətli humanitar nəticələrlə əlaqədar dərin narahatlığını bildirir və bu baxımdan bir daha təsdiqləyir ki, bütün dövlətlər beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn normalarına həmişə riayət etməlidirlər.
Azərbaycanlı diplomat deyib ki, hər bir dövlət özünün beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünü pozmaq üçün və ya onun siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən və ya güc tətbiq ediləcəyi ilə hədələməkdən çəkinməlidir. Bu cür güc tətbiq etmək və ya güc tətbiq ediləcəyi ilə hədələmək beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması deməkdir, heç bir halda qanuni hesab edilməməli və beynəlxalq problemlərin nizamlanması vasitəsi kimi istifadə edilməməlidir.
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinin dəstəklənməsinə və təşviq edilməsinə, habelə beynəlxalq hüququn, o cümlədən dövlətlərin ərazi bütövlüyü və onların beynəlxalq sərhədlərinin toxunulmazlığı, güc tətbiq edilməsinin yolverilməzliyi, dövlətlərin daxili işlərinə qarışmamaq, işğal altında və müstəmləkə və ya xarici dövlətin əsarəti altında olan xalqların təyini-müqəddərat hüququ, Birləşmiş Millətlər Təşkilatının müvafiq orqanları tərəfindən səlahiyyətləndirilməmiş və beynəlxalq hüququn prinsiplərinə və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olmayan üzv dövlətlərə qarşı birtərəfli məcburetmə tədbirlərinin pislənməsinə və belə tədbirlərin ləğv olunması tələbinə, onların eksterritorial nəticələrini və qeyri-qanuni xarakterini, insan haqlarını pozmasını, hərtərəfli iqtisadi və sosial inkişafa mane olmasını nəzərə alaraq bu prinsip və normalara sadiqdir.
Qoşulmama Hərəkatı öz prinsipial mövqeyini və mübahisələrin dinc yolla, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinə, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə uyğun olaraq nizamlanmasının təşviqinə tərəfdar olduğunu təsdiqləyir və vurğulayır.
Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Məhkəmənin beynəlxalq mübahisələrin dinc vasitələrlə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və Beynəlxalq Məhkəmənin Statusunun müvafiq müddəalarına uyğun olaraq nizamlanmasının təşviqində mühüm rol oynaması vurğulandı. Diplomat dedi ki, Qoşulmama Hərəkatı Təhlükəsizlik Şurasını, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasını və digər orqanlarını, onun ixtisaslaşdırılmış təsisatlarını məşvərət xarakterli rəylərin mənbəyi və öz fəaliyyəti çərçivəsində beynəlxalq hüququn şərhi mənbəyi kimi Beynəlxalq Məhkəmədən daha geniş istifadə etməyə israrla çağırır.
Qoşulmama Hərəkatı müharibə əleyhinə və sülhsevər qüvvə kimi onun rolunun möhkəmlənməsinə sadiq qalaraq Yer üzündə firavanlasan dünya, ədalətli və bərabərhüquqlu dünya nizamının bərqərar olmasına nail olmaq əzmini təsdiq edir. Hərəkat çoxqütblü dünyada Birləşmiş Millətlər Təşkilatının möhkəmlənməsi, ölkələrin və bütün bəşəriyyətin maraqları naminə ümumi səylər üçün zəruri olan çoxtərəfli proseslər vasitəsilə işləmək əzmində olduğunu təsdiq edir.
Y.Əliyev çıxışını Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi kimi davam etdirib. O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi siyasi ekspansiya, təcavüz, işğal və etnik təmizləmə siyasətinə yol verilmədən ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dövlətlər arasında dostluq münasibətlərinin inkişafı hədəfinə yönəlmişdir. Y.Əliyev Ermənistan nümayəndəsinin çıxışı ilə əlaqədar qeyd edib ki, Ermənistan bilərəkdən Təhlükəsizlik Şurasını çaşdırmaq cəhdlərini davam etdirir.
Azərbaycanlı diplomat bildirib ki, Ermənistanın xalqların təyini-müqəddərat hüququ barədə fərziyyə və iddialarının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərdə bu prinsip barədə təsbit olunmuş müddəalarla heç bir ortaq cəhəti yoxdur. Ermənistan tərəfindən faktların təhrif edilməsi xüsusilə yolverilməzdir, çünki bu çıxış Ermənistan-Azərbaycan münaqişəsinə dair dörd qətnamə - 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş Təhlükəsizlik Şurasında səslənib.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri vurğulayıb ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən sülh prosesinin mandatı Təhlükəsizlik Şurasının bu qətnamələrinə əsaslanır. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağ regionundan və Azərbaycanın bu regiona bitişik digər yeddi rayonundan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması və Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində onun ərazi bütövlüyünün bərpa edilməsi münaqişənin nizamlanması üçün əsas şərtdir.
Y.Əliyev deyib
ki, Ermənistan bu tələbi
tam həcmdə yerinə yetirməlidir.
Azərbaycanlı diplomat
çıxışının sonunda
Birləşmiş Millətlər Təşkilatının Baş katibinin bir gün əvvəl bəyan
etdiyi sözləri sitat
götürüb: "Nizamnamənin, məqsəd
və prinsiplərin aktuallığı dəyişmədən
bizim vasitələrimiz yeni
reallıqlara uyğunlaşdırılmalıdır. Biz onlardan daha
artıq qətiyyətlə və kreativliklə istifadə
etməliyik. Buraya Nizamnamənin 25-ci maddəsinə
uyğun olaraq Təhlükəsizlik
Şurasının qərarlarının üzv
dövlətlər tərəfindən yerinə yetirilməsinin
təmin edilməsi də daxildir”.
Azərbaycan.-
2020.-12 yanvar.- S.2.