2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 10 yanvar 2020-ci il tarixli 78 saylı
müraciətə baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR ¹
8/48
2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən
Qızılhacılı bələdiyyəsinə qeydə
alınmış namizəd Böyükkişiyev Məhəmməd
Hüsü oğlu 10 yanvar 2020-ci ildə Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsi
dairə seçki komissiyasının (dairə seçki
komissiyası) 27 dekabr 2019-cu il tarixli 32/72 saylı qərarını
mübahisələndirmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının nəzdində ekspert qrupunun
üzvü tərəfindən nəzərdən keçirilərək
müvafiq rəy verilmiş və komissiyanın iclasında
baxılmışdır.
Daxil olmuş müraciət və müraciətə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Belə ki, M.H.Böyükkişiyev 3 yanvar 2020-ci il tarixdə notariatda təsdiq edilmiş müraciətində göstərir ki, dairə seçki komissiyasının 27 dekabr 2019-cu il tarixli 32/72 saylı qərarını poçt vasitəsi ilə 30 dekabr 2019-cu il tarixdə almışdır. Müraciət və ona əlavə edilmiş sənədlər onun tərəfindən 4 yanvar 2020-ci ildə poçta təqdim edilmişdir. Bununla da həmin qərardan şikayətvermə müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən ekspert qrupunun üzvü müraciətin şikayətçiyə geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Seçki Məcəlləsinin 112-1.5.3-cü maddəsinə və müvafiq Təlimatın 7.1.-ci bəndinə əsasən şikayət müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.1.-ci bəndinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsindən Qızılhacılı bələdiyyəsinə qeydə alınmış namizəd Böyükkişiyev Məhəmməd Hüsü oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2020-ci il tarixli 78 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayətçiyə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl
Rəhimov
11.01.2020-ci il
Azərbaycan.- 2020.- 12 yanvar.- S.4.