2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 10 yanvar 2020-ci il tarixli 73 saylı
müraciətə baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR ¹
8/49
2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
85 saylı Şamaxı seçki dairəsindən
Quşçu bələdiyyəsi üzrə qeydə
alınmış namizəd Həsənov Həbib Vəlican
oğlu və digərləri 10 yanvar 2020-ci il tarixdə Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) ərizə ilə müraciət edərək
85 saylı Şamaxı seçki dairəsi dairə seçki
komissiyasının (dairə seçki komissiyası) 3 yanvar
2020-ci il tarixli 2/2 saylı qərarını mübahisələndirmiş
və səsvermə günü həmin seçki dairəsinin
25 və 26 saylı seçki məntəqələrində
qanun pozuntusuna yol verildiyini iddia etmişlər.
Müraciət Azərbaycan Respublikası
Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilmiş, bu barədə müvafiq rəy verilmiş
və Mərkəzi Seçki Komissiyasının iclasında
baxılmışdır.
Ərizəçilər öz
müraciətlərində göstərmişlər ki, səsvermənin
nəticəsinə uyğun olaraq 25 və 26 saylı
seçki məntəqələrində səslər
düzgün hesablanmamışdır.
Araşdırma ilə səsvermə günü 85 saylı Şamaxı seçki dairəsinin 25 və 26 saylı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış və müəyyən edilmişdir ki, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Səslərin sayılmasında hər hansı bir pozuntuya yol verilmədiyi səslərin sayılmasını müşahidə etmiş müşahidəçilər V.Ə.Əsgərov, İ.İ.Heybətov, S.S.Qədimli, V.Kərimov, Y.M.İsmayılov, Ş.Osmanov, bələdiyyə üzvlüyünə seçilməmiş digər namizədlər G.E.Eminova, A.A.Alpaşayev, M.G.Sadıqov, həmçinin 85 saylı Şamaxı seçki dairəsinin müvafiq seçki məntəqələri məntəqə seçki komissiyasının üzvləri A.O.Cəbrayılov, İ.N.Ağarəhimov, S.Z.Zülfiqarov, digər şəxslər B.X.Bəhramov və A.A.Bayramovun izahatları ilə təsdiq olunur.
Beləliklə, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci və 8-ci hissələrinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Quşçu bələdiyyəsi üzrə qeydə alınmış namizəd Həsənov Həbib Vəlican oğlu və digərlərinin 10 yanvar 2020-ci il tarixli 73 saylı müraciəti əsassız olduğundan təmin olunmasın, 85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının 3 yanvar 2020-ci il tarixli 2/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
11.01.2020-ci il
Azərbaycan.-
2020.- 12 yanvar.- S.4.