2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR № 8/56

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) 18 oktyabr 2019-cu il tarixli 7/24 saylı qərarı ilə Azərbaycan Respublikasında bələdiyyə seçkiləri cari il dekabrın 23-nə təyin edilərək keçirilmişdir. Bu seçkilərdə ölkə üzrə seçici siyahısına daxil edilmiş 4 976 858 seçicinin 1 626 910 nəfəri, yaxud seçicilərin ümumi sayının 32,69%-i səsvermədə iştirak etmişdir.

Bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi müddətində Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmaqla 41 462 nəfərin namizədliyi qeydə alınmışdır. Seçki prosesinin bütün mərhələlərində, o cümlədən təşviqat dövründə bələdiyyə üzvlüyünə namizədlərə bərabər şərait yaradılmış, respublika üzrə 1 606 bələdiyyəyə 15 156 bələdiyyə üzvünün seçilməsi üçün 118 seçki dairəsinin 5 049 seçki məntəqəsində səsvermə keçirilmişdir.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində - Dağlıq Qarabağ regionunda (Xankəndi şəhəri, Şuşa, Xocalı, Əsgəran və Xocavənd rayonları), Ağdərə, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında tam, Ağdam Füzuli rayonlarının isə işğal altında olan hissələrində bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmamış, Azərbaycan Respublikasının suveren hüquqlarının və işğal nəticəsində məcburi köçkün düşmüş ölkə vətəndaşlarının digər hüquqları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının yaradılmasında iştirak, bu orqanlara seçmək və seçilmək hüququ kobud şəkildə pozulmuşdur.

İşğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində (respublika üzrə məntəqələrin təxminən 20%-də) veb-kameralar quraşdırılmışdır. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb edilmədən, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri izləmək imkanına malik olmuşdular. Seçkiləri 17 beynəlxalq müşahidəçi ilə yanaşı, müxtəlif siyasi partiyaları, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda öz təşəbbüsləri ilə seçkilərə qatılmış 52 636 yerli müşahidəçi, həmçinin respublikada fəaliyyət göstərən yerlixarici kütləvi informasiya vasitələrinin çoxsaylı nümayəndələri sərbəst şəkildə izləmişlər.

Seçki günü səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilmişdir. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan bir neçə saat sonra seçki məntəqələrinin protokol məlumatları birbaşa onlayn rejimdə qəbul edilərək operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirilmiş və bunun ardınca seçki məntəqələrinin təqribən 92 faizindən olan məlumatlara əsasən ilkin nəticələr açıqlanmışdır. Seçki məntəqələrindən məlumatların birbaşa qəbulu prosesi mütəmadi şəkildə davam etdirilərək qısa müddət ərzində bütün seçki məntəqələri üzrə ilkin nəticələr ictimaiyyətə təqdim olunmuşdur. Bütün bunlar seçkilərdə şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Qanunla müəyyənləşdirilmiş müddətdə yekun protokollaronlara əlavə olunan digər sənədlər məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına çatdırılmış, bütün bələdiyyələr üzrə dairə seçki komissiyalarının protokolları isə qanunvericiliyə uyğun olaraq səsvermə günündən sonra iki gün ərzində Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Yekun protokollar və digər seçki sənədlərindəki məlumatlar, habelə komissiyaya daxil olmuş müraciətlər tam, obyektiv və hərtərəfli araşdırılmışdır. Mərkəzi Seçki Komissiyası özünün qaynar xətti və elektron ünvanına daxil olan müraciətləri, sosial şəbəkələrdə paylaşılmış materialları da ətraflı şəkildə araşdıraraq seçkilərin qanunvericiliyə uyğun keçirilməsi və mövcud standartlara cavab verməsinə xələl gətirə biləcək halları nəzərə almaqla əldə edilən nəticələr əsasında qərar vermişdir. Araşdırma prosesində veb-kameraların görüntülərindən də istifadə edilmişdir.

Yekunda bələdiyyələrin bir qismində səsvermənin gedişi və nəticələrin bəzi seçki komissiyaları tərəfindən rəsmiləşdirilməsində seçkilərin nəticələrinə təsir edən bir sıra ciddi qanun pozuntularına, kobud səhvlərə və seçicilərin səsvermə hüquqlarının məhdudlaşdırılması hallarına yol verilməsi müəyyən edilmişdir. Bununla da seçicilərin iradəsini müəyyən etmək qeyri-mümkün olduğundan 32 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 12 seçki məntəqəsi məntəqə seçki komissiyasının buraxılması üçün əsaslar yaranmışdır. Qeyd edilməlidir ki, əvvəlki araşdırmaların nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları ilə 6, 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının qərarı ilə 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmış, Mərkəzi Seçki Komissiyasının 5 yanvar 2020-ci il tarixli 3/16 saylı qərarı ilə isə 2 məntəqə seçki komissiyası buraxılmışdır.

Ümumilikdə 39 seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək qeyri-mümkün olmuş və 9 bələdiyyə üzrə (o cümlədən 1 bələdiyyə üzrə səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyasının 31 dekabr 2019-cu il tarixli 26/143 saylı qərarı ilə etibarsız hesab olunmuşdur) səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün ciddi əsaslar müəyyən edilmişdir.

İki bələdiyyənin hər biri üzrə 2 qeydə alınmış namizədin lehinə verilmiş səslərin sayı bərabər olduğundan həmin bələdiyyələrin tam tərkibdə formalaşması mümkün olmamışdır.

Ümumilikdə müəyyən edilmişdir ki, 9 bələdiyyə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi nəzərə alınmaqla 15 075 nəfər bələdiyyə üzvü seçilmiş, nəticədə 1 595 bələdiyyə tam tərkibdə formalaşmış, 2 bələdiyyə isə tam tərkibdə formalaşmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 25-ci, 28.2-ci, 28.4-cü, 107.4-cü, 108-ci, 239-cu, 240-cı və 241-ci maddələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutduğu, bu seçkilərin ümumən Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirildiyi nəzərə alınsın.

2. 32 seçki məntəqəsi üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri, o cümlədən qeyd edilən seçki məntəqələrindən 16 seçki məntəqəsini əhatə edən 8 bələdiyyə üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

3. Bəzi seçki məntəqələri və bələdiyyələr üzrə seçkilərin etibarsız hesab edilməsinə dair Mərkəzi Seçki Komissiyasının və 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının müvafiq qərarları nəzərə alınaraq, ümumilikdə 39 seçki məntəqəsində (Əlavə 1) səsvermənin nəticələrinin və 9 bələdiyyəyə (Əlavə 2) seçkilərin etibarsız hesab edilməsi nəzərə alınsın.

4. Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 22 saylı Nəsimi ikinci seçki dairəsinin 5, 6 və 7, 23 saylı Nəsimi - Səbail seçki dairəsinin 9, 24 saylı Nizami birinci seçki dairəsinin 3 və 4, 61 saylı Neftçala seçki dairəsinin 14, 69 saylı Cəlilabad - Masallı - Biləsuvar seçki dairəsinin 8 və 10, 84 saylı Füzuli seçki dairəsinin 4, 111 saylı Zaqatala - Balakən seçki dairəsinin 3 və 119 saylı Ağdam kənd seçki dairəsinin 13 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.

5. Seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən 1 595 bələdiyyənin tam tərkibdə (Əlavə 3) formalaşması, 2 bələdiyyənin isə (Əlavə 4) tam tərkibdə formalaşmaması nəzərə alınsın.

6. Bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısı elan edilsin.

7. Bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilsin.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

11.01.2020-ci il

 

Azərbaycan.- 2020.- 12 yanvar.- S.5.