Çalınmayan elegiya...
Xalq artisti Vəli Qədimov ömür boyu təkliyini
unutduran musiqiyə
sığınmışdı
Azərbaycan musiqi tarixinə adını silinməz hərflərlə həkk edən sənətkarlar az olmayıb. Belə unudulmaz musiqiçilərdən biri də 80 il öncə dünyaya göz açıb. O, xalqın sevimli artistinə çevrilənədək sənət yolunda fədakarlıq göstərmiş Xalq artisti Zeynəb Xanlarova ilə illər boyu çiyin-çiyinə çalışmış, eyni səhnədə könülləri riqqətə gətirən musiqilərimizi qanadlandırmış klarnet ustası Vəli Qədimov olub.
Əslən Balaxanı kəndindən olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisi ilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya göz açmışdı. Orta təhsilini Bakıdakı 69 nömrəli məktəbdə almış, elə uşaq yaşlarından da klarnet çalmağa başlamışdı. 14 yaşında artıq Tibb İşçilərinin Mədəniyyət Evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etmiş Vəli Qədimovun bu yolda, deyəsən, tale üzünə gülmüşdü: 1956-cı ildə peşəkar çalğıçı kimi ifasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının ansamblına dəvət edib.
Sənət yolu uzun və keşməkəşli olub. Vəli Qədimov bu çətin yollarda büdrəməmək üçün həmişə öz üzərində ciddi çalışıb, kamil sənətkarların məsləhətlərini dinləyib, onlardan bəhrələnməyi unutmayıb. Məhz sənətə sevginin bəhrəsi idi ki, 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə isə Xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist kimi tanınıb.
Dünyaya nəğməli-musiqili səfərlər
Azərbaycan musiqisi onun ifasında da dünyanın bütün qitələrində səslənib və sürəkli alqışlarla qarşılanıb. Sənətkarın yaradıcılıq yoluna nəzər salarkən onun, doğrudan da nəğməli-musiqili səfərlərinin sayının-hesabının olmadığını hiss edirsən. O, haralarda olmayıb ki: Rusiya, Baltikyanı ölkələr, ABŞ, İordaniya, Suriya, Yəmən, Türkiyə, Əlcəzair, Tunis, Hollandiya və s. Azərbaycan musiqisini belə səfərlərində o, solo klarnet ifaçısı kimi layiqincə təqdim edib.
Azərbaycan mədəniyyətinin təbliğində və musiqisinin zənginləşdirilməsində göstərdiyi xidmətləri xalqımızın alqışları, dövlətin isə layiq gördüyü fəxri adlarla yüksək qiymətləndirilib: 1987-ci ildə o, Azərbaycanın Əməkdar, 2000-ci ildə isə respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb.
Mahir klarnet ifaçısı Vəli Qədimovun 2008-ci ilin avqust ayında səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirən, uzun sürən xəstəlikdən sonra, 2009-cu il aprelin 15-də, 68 yaşında dünyasını dəyişib. Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Vəli Qədimovun ailəsində üç övladı böyüyüb - Fuad, Fərid, Famil.
Xoşbəxt sənətkarlar sırasında
Kamil sənətkarlar ölmürlər, yaşatdıqları sənətin ömrü də onlarınkının üstünə yazılır. Vəli Qədimov da belə xoşbəxt sənətkarlar sırasında daim xatırlanır, yad olunur. Onsuz keçirilən 70 illik yubiley tədbirində sənət dostları Vəli Qədimovun həm kamil sənətkar, həm də ali insani keyfiyyətlərə malik şəxsiyyət kimi haqqında ürəkdolusu söz açıblar.
Xalq artisti Ağacəbrayıl Abasəliyev deyib ki, Vəli Qədimov Şərqdə əvəzsiz bir musiqiçi idi: "Onunla tanışlığımız 1974-cü ildə bizim yaxın qohumların birinin məclisində oldu. Zeynəb Xanlarovanın ansamblında mən bədii rəhbər işləyərkən birgə çalışdıq. İşinə çox məsuliyyətli idi. Arzum budur ki, Azərbaycanda Vəli Qədimov sənəti davam etsin. Onun çox böyük dəyərli sənəti var idi. 1954-cü ildə Zeynəb xanımın ansamblında Vəli Qədimov ilk addımlarını atarkən atam onların rəhbəri olub. 1991-ci ildə həmin ansambla mən bədii rəhbərlik etməyə başladım və orada Vəli müəllimin böyüklüyünün bir daha şahidi oldum”.
Əməkdar artist Füruzə İbadova isə sənətkarın xoşrəftar olduğunu xatırladıb: "Heç kim onun yanında kədərli ola bilməzdi. Həmişə mənə deyirdi ki, maşın sürəndə gərək yanaqlarına palçıq vurasan, heç kim sənə baxmasın. Çox zarafatları var idi. Sənətkarlığına söz ola bilməzdi...”
Klarnet varlığı, həyatı olub
Ömrünün son illərini yataqda keçirən sənətkar sabaha nikbin baxsa da, amansız dərd onu ümidsizləşdirdiyi günlərdə ifa edə bilmədiyi musiqilərin həsrətini çəkirdi. Ondan əhvalını soruşduqda kövrək hisslərlə deyib ki, artıq üç ildir ki, özümü çox pis hiss edirəm: "...Sağ tərəfim işləmir. Nə gəzə, nə danışa bilirəm. Daha dözülməzi isə klarneti əlimə ala bilməməyimdir. Çala bilmirəm, qolum işləmir, nə edəcəyimi bilmirəm. İflic olmuşam, sağ tərəfim tamam tutulub. Vəlini klarnetdən, onu isə Vəlidən ayırmaq olmaz. Mən klarnet üçün doğulmuşam elə bil. Klarnet mənim bütün varlığım, həyatım, canım-ciyərim və ən sevimli övladımdır. Üç ildir klarneti işlədə bilmirəm, deməli, Vəli Qədimov üç ildir yaşamır. Özümü qanadı qırılmış quş kimi hiss edirəm. Quş qanadsız uça bilmir, mən də klarnetsiz yaşaya bilmirəm”.
Sonuncu
dəfə klarnetdə ifa etdiyi
havanı da xatırlamayan ustad
daxilən buna sarsılırdı: "Dəqiq
xatırlamıram. Üç il əvvəl olub bu. Musiqini ifa
edəndə birdən dayandım. Həmin vaxt
bilsəydim ki, bu, sonuncu ifamdır, klarneti əlimdən
yerə qoymazdım, qəlbimdəki bütün
nəğmələri çalardım. Lap uşaqlıqdan
bu alətə ayrı bir sevgim
olub. Sevirdim onu... Həyatda arxam, dayağım, yaşamağımın
səbəbi olub...”
Ürəyində çalınmamış nəğmələr
həddindən artıq
çox qalıb. "Bircə
çala bilsəydim”,
arzusu gözündə
donub, barmaqları kimi... Çala bilmədiyi üçün
sanki yaşamır, eləcə günlərini
sanayırmış: "...Vaxtımın çoxunu danışmadan, dinmədən,
sakitcə pəncərədən
çölə baxıb,
siqaret çəkməklə
keçirirəm. Mən təkliyimdə
musiqiyə sığınıram.
Artıq
nitqimdə də problemlər yaranıb, çətinliklə danışıram.
Ürəyim partlayır, dözə
bilmirəm. Gəncliyimə dönə bilsəydim, yenə də çalardım, klarneti əlimdən yerə qoymazdım. Elə bil ömrümü, övladımı əlimdən
alıblar...”
"Xalq artisti Zeynəb Xanlarovanın ansamblını
mən yığmışdım”,
- deyən ustad son illər həmin kollektivdən məşhur
qarmon ifaçısı,
Xalq artisti Aftandil İsrafilovun da getməsini özünə dərd edibmiş: "Mənim bütün həyatım
Zeynəb Xanlarovanın
ansamblında keçib.
Mən gözümü o ansamblda
açmışam. Mərhum Rəşid
Behbudov onunla işləmək üçün
mənə xəbər
göndərmişdi. Ancaq getmədim, dedim, Zeynəblə başlamışam, Zeynəblə
də qurtaracağam. Sağaldığım gün yenə
də o ansamblda işləyəcəyəm”.
Klarneti də susdu
Xəstəlik amansız olurmuş. Bunu Vəli Qədimov yataqda keçirdiyi son günlər daha çox hiss edib. Ona görə də bəzən dostlardan da gileyli
söz açıb:
"Qəlbimdə çox
sınmışam. Əvvəlki Vəli Qədimov yoxdur indi. Xasiyyətim də çox dəyişib. Səbəbini bilmirəm. Bəlkə də xəstəlikdir
səbəbi. Klarnet həsrəti
məni dəyişdirib.
Küsmüşəm, hamıdan - özümdən
də. Qolumdan da küsmüşəm
ki, niyə məni yarı yolda buraxdı. Həyatımın ən ağır
anlarını yaşayıram.
Klarneti əlimə alıb, baxa-baxa qalıram. Bir əlimdə tutub elə baxıram...”
Ustadın son günlərinin ağrı-acıları
özünün ifa edə bilmədiyi bir elegiyasıdır. Ona da təəssüflənirdi ki,
illər boyu barmaqlarının sığalı
ilə min bir mahnı ifa edən klarneti də susub. Onu özündən sonra ansamblda sevə-sevə
solo ifa edəcək kimsəsi yoxdur. Onu da deyib ki,
əlimdə ixtiyarım
olsaydı, heç yanvar ayında doğulmazdım. 1990-cı ildən bu yana
doğum gününü
unudan, 20 Yanvar faciəsinə elegiya ifa edən Vəli
Qədimovun təəssüfləndiyi
çox şeylər
qalıb, ən əsası da sağ qolunun imkan vermədiyindən, ifa etmədiyi neçə-neçə musiqi...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2020.- 12 yanvar.- S.8.