Azərbaycan daha güclü dövlətə
çevriləcək
İlham Əliyev 2020-ci il üçün yeni hədəflər
müəyyənləşdirdi
Yanvarın 13-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanında
2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə
keçirilib.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı müşavirədə
giriş nitqi söylədi.
Prezident İlham Əliyevin nitqi
-Bu gün biz ötən ilin yekunları haqqında danışacağıq, görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır.
Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.
Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması – bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.
Keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu təbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir.
Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Bu faktı xüsusilə qeyd etmək istəyirəm. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.
Dünya dini liderlərinin II Zirvə Görüşü ölkəmizdə keçirilmişdir. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər.
Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur.
Mən bir beynəlxalq tədbirə də diqqət yetirmək istərdim. Bu da keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresidir. Bu, astronavtika sahəsində ən mötəbər tədbirdir. Bu konqres çərçivəsində Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da çox önəmli hadisədir - həm konqresin keçirilməsi böyük hadisədir, eyni zamanda, Bakı ilə bərabər, daha üç böyük şəhər bu yarışda iştirak edirdi – Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Yəni, bu, bizim gördüyümüz işlərə böyük diqqətdir və bütövlükdə Azərbaycana göstərilən növbəti etimaddır. Onu da bildirməliyəm ki, təxminən 50 il bundan əvvəl - 1973-cü ildə Sovet İttifaqında cəmi bir dəfə Dünya Astronavtika Konqresi keçirilmişdir, özü də Bakı şəhərində. O vaxt Heydər Əliyevin səyləri nəticəsində sovet məkanında məhz Bakı bu konqresin keçirilməsi üçün seçilmişdir. Təxminən 50 ildən sonra növbəti dəfə Bakıda bu konqres keçiriləcək, artıq müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində.
Beynəlxalq müstəvidə
bir çox önəmli hadisələr baş verdi. Sadəcə
olaraq, mən əsas məsələlərə diqqət
yetirirəm. Artıq dediyim faktlar əyani şəkildə
göstərir ki, beynəlxalq mövqelərimiz kifayət qədər
möhkəmdir və keçən il bu mövqelər daha da
möhkəmlənmişdir.
Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır.
Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir.
Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır.
Kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olmuşdur - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Yəni, bu, onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artmışdır. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14 faiz artmışdır. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi.
Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artmışdır və rekord həddə - 51 milyard dollara çatmışdır. Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcəkdir. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir.
Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır. Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayırıq ki, sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin qaytarılmasında da biz bu əmanətləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytardıq və bu sahədə də MDB məkanında birinci olduq. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır.
Əlbəttə, uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilmişdir. Məktəblərdən 50-si modul tiplidir. Bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib. Bu, onu göstərir ki, ölkəmizin hər bir yerində gedən proseslər ümumi inkişafımızın potensialından bəhrələnir.
İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi sahəsində "Şimal-2” elektrik stansiyası istismara verildi. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində biz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa etdik. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. Əlbəttə ki, bu, həm bizim tələbatımızı tam ödəyir, həm də böyük ixrac imkanımız yaranmışdır. Hazırda bizim tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıbdır.
Ölkəmizdə qazlaşdırma 96 faizə çatmışdır. Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Onu da bildirməliyəm ki, bu il 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik.
Yol tikintisinə gəldikdə, bu il həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr icra ediləcək. Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulubdur. Keçən il 1300 kilometr yol çəkilmişdir. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik.
İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaqdır.
Keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında böyük zəlzələ baş vermişdi. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Ancaq minlərlə ev dağıntıya məruz qaldı. Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir.
Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir.
Keçən il
TANAP qaz kəməri istismara verildi. Hesab edirəm
ki, bu, tarixi nailiyyətdir. Çünki
TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə
imzalanmış sazişdən sonra "Şahdəniz-2”
qaz-kondensat yatağının işlənilməsi
üçün sanksiya verilmişdir. Əgər
TANAP imzalanmasaydı, "Şahdəniz-2”nin işlənilməsi
başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini
əldə edə bilməyəcəkdik. Bu,
böyük problemlər yarada bilərdi. Ona
görə həm TANAP üzrə sazişin imzalanması, həm
də bu qaz kəmərinin vaxtından əvvəl istismara
verilməsi və nəzərdə tutulmuş vəsaitə
çox böyük qənaət edilməsi doğrudan da
böyük tarixi nailiyyətimizdir. Cənub
Qaz Dəhlizinin qalan dördüncü layihəsi də
uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi
90 faizi keçibdir. Əminəm ki, biz bu il
TAP-ın istismara verilməsini də nəzərdə
tutulmuş vaxtda qeyd edəcəyik.
Bir məsələni də
diqqətə çatdırmaq istəyirəm. Bu da o məsələdir
ki, görülmüş bütün işlər, o cümlədən
beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə
dostluq münasibətlərimizin qurulması, ölkəmizdə
hökm sürən sabitlik və əmin-amanlıq -
bütün bunlar turizmin inkişafına böyük təkan
vermişdir. Çünki mən dəfələrlə
demişəm ki, turizmin inkişafı yalnız tarixi abidələrlə,
yaxud da hansısa diqqəti, marağı cəlb edən məsələlərlə
məhdudlaşmır. Bugünkü
dünyada elə bir bölgə yoxdur ki, orada problem
olmasın, özü də çox ciddi problem. Qeyd etdiyim kimi, müharibələr,
qarşıdurmalar, çevrilişlər, kütləvi
etirazlar, polis zorakılığı, insan haqlarının
tapdalanması - əlbəttə, o ölkələrdə ki,
dediyim bütün bu mənzərə mövcuddur, orada turist
axını da tənəzzülə uğrayır.
Azərbaycanda mövcud olan
sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi,
ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər
turizmin inkişafına xidmət göstərir. Ötən il
turistlərin səfərləri rekord həddə
çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir.
Mənə verilən məlumata görə, təkcə
bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard
260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə
almalıyıq ki, gələn turistlər əsasən
qonşu ölkələrdəndir və bizdə olduğu
kimi, orada da hələ ki, nağd hesablaşmalar
üstünlük təşkil edir. Ümumi hesablama
göstərir ki, xarici turistlər Azərbaycanda
bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər.
Mən bunu manatla deyirəm, amma, əslində,
bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir
növ ixrac növüdür. Bizim
makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox
böyük rolu var. Əlbəttə, biz əsas valyutanı
neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması
indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində
olacaqdır.
Beləliklə, əlbəttə
ki, 2019-cu ildə əldə edilmiş uğurlar haqqında
saatlarla danışmaq olar. Mən, sadəcə
olaraq, Azərbaycan vətəndaşlarına əsas hesab
etdiyim məsələləri çatdırdım. Bir daha demək istəyirəm ki, biz 2020-ci ildə
bu uğurlar yolu ilə gedəcəyik. Əminəm ki,
2020-ci il də ölkəmiz
üçün uğurlu olacaqdır.
İndi isə keçək
müzakirələrə. Biz keçən il
Azərbaycan tarixində həcm baxımından ən
böyük dövlət büdcəsini qəbul etdik.
İcmal büdcə 30 milyard manata yaxındır, təqribən
17,6 milyard dollardır. Əlbəttə
ki, büdcə xərclərinə nəzarət daha
güclü olmalıdır.
Maliyyə naziri həm büdcənin
əsas parametrləri və həm də bu il
görüləcək işlər haqqında məlumat
versin.
Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək
dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Azərbaycan
Respublikasının 2019-cu ildə inamlı inkişafı,
ümumi daxili məhsulun artması öz növbəsində
dövlət büdcəsinin icrasının göstəricilərində
də özünü büruzə verib. Belə ki, 2019-cu ilin
dövlət büdcəsinin mədaxil proqnozu 23 milyard 168
milyon manata qarşı 24 milyard 200 milyon manat məbləğində
icra olunmuşdur. Bu isə o deməkdir ki, 1 milyard 32 milyon manat
və ya 4,5 faiz artıq mədaxil təmin
edilmişdir.
Qeyd etməliyəm ki, bu məlumatlar
operativ xarakter daşısa da, ümumi meyilləri göstərir. İlk növbədə,
onu da qeyd etmək istərdim ki, dövlət büdcəsinin
xərclərinin icrası 25 milyard 190 milyon manat proqnoza
qarşı 24 milyard 405 milyon manat məbləğində və
yaxud 97 faiz səviyyəsində icra edilmişdir. Beləliklə, dövlət büdcəsinin 2019-cu
ildə kəsiri cəmi 205 milyon manat təşkil
etmişdir. Bu isə o deməkdir ki, 2018-ci ildə təsdiq
olunmuş 2 milyard 22 milyon manat büdcə kəsiri proqnozu
2019-cu il üçün büdcə qəbul edildikdə təxminən
10 faiz az olmuşdur.
Dövlət büdcəsi kəsirinin
əhəmiyyətli dərəcədə azalması, ilk
növbədə, onunla bağlıdır ki, fiskal
orqanları - həm vergi, həm də gömrük
orqanları tərəfindən büdcə daxilolmaları
üzrə proqnozlar artıqlaması ilə icra edilmişdir. Digər tərəfdən
isə dövlət büdcəsi xərclərinin bəzi
maddələri üzrə qənaətlər əldə
edilmişdir. Burada, ilk növbədə,
Sosial Müdafiə Fondu üzrə transferti qeyd etmək istərdim.
Belə ki, 2019-cu ildə biz dövlət
büdcəsinə dürüstləşmə apararkən
Dövlət Sosial Müdafiə Fonduna transferti artıq 150
milyon manat azaltmışdıq. İlin nəticələrinə
görə isə faktiki olaraq əlavə transfertə ehtiyac
olmadığına görə təxminən 180 milyon manata qədər
qənaət əmələ gəlmişdir. Bu da onun hesabına baş vermişdir ki, sosial
sığorta haqlarının yığılmasında
böyük dönüş yaradılmışdır.
Ümumiyyətlə, qeyd etmək
istərdim ki, icmal büdcənin gəlirləri də faktiki
olaraq nəzərdə tutulduğundan xeyli çox daxil
olmuşdur, ümumi daxilolmalarımız daha çox
olmuşdur.
İcmal büdcənin gəlirləri 29 milyard 235 milyon manat məbləğində
proqnozlaşdırılsa da, faktiki icra 33 milyard 818 milyon manat və
yaxud 15,7 faiz artıq, yəni, 4 milyard 583 milyon manat çox təşkil
etmişdir. İcmal büdcənin xərcləri isə 27
milyard 371 milyon manata qarşı 26 milyard 476 milyon manat məbləğində
və yaxud 97 faizə yaxın icra edilmişdir. Nəticədə
icmal büdcədə də profisit yaranmışdır.
Profisit 7 milyard 343 milyon manat məbləğində
olmuşdur. Bu da proqnozlaşdırılan
kəsirlə müqayisədə təxminən 4 dəfə
çoxdur. Yəni, nəzərdə tutulmuş profisit
1,8 milyard manat məbləğində
proqnozlaşdırılırdı, amma bundan təxminən 4
dəfə çox oldu. Bu da nəticə
etibarilə, ilk növbədə, Dövlət Neft Fondunun gəlirlərinin
artımı hesabına baş vermişdir. Bu artım da, əsasən, iki istiqamətə
bölünə bilər. İlk növbədə,
neftin büdcədə nəzərdə tutulmuş qiymətinin
faktiki qiymətlə müqayisədə az olması, yəni,
büdcədə 60 dollarlıq qiymət nəzərdə
tutulmuşdusa, Neft Fondunun mədaxil üçün orta illik
qiyməti təqribən 64-65 dollar arasında göstərilir.
Amma ötən il əhəmiyyətli dərəcədə
artım daha çox Neft Fondunun vəsaitlərinin idarə
edilməsindən əldə olunan gəlirlərində
baş vermişdir. Yəni, nəzərdə tutulan 1,4 milyard manat mədaxilə qarşı 3,5
milyard manatdan yuxarı mədaxil, yəni, 2 milyard manat
artıq vəsait toplanmışdır. Eyni
zamanda, icmal büdcənin profisitinin digər səbəbi də
dövlət büdcəsində kəsirin olmaması ilə əlaqədardır.
Bu amillər Azərbaycanın
maliyyə mövqeyinin daha da möhkəmlənməsi, Azərbaycan
Respublikasının Prezidenti tərəfindən ölkəmizin
maliyyə mövqeyinin möhkəmləndirilməsi istiqamətində
aparılan ardıcıl siyasətinin nəticəsinin
müsbət göstəriciləridir.
Qeyd etmək istərdim ki,
2019-cu ildə dövlət büdcəsinin xərclərində
də əhəmiyyətli dəyişikliklər baş
vermişdir. İlk növbədə, ona görə ki, xərclərin
strukturunda müəyyən dəyişikliklər olmuşdur.
Bu da onunla bağlıdır ki, möhtərəm cənab
Prezident, Sizin sosial sahədə apardığınız siyasətin
nəticəsi olaraq il ərzində minimum
əməkhaqqı iki dəfə artırılaraq, onun maliyyə
təminatı təşkil edilmişdir. Pensiyanın
minimum məbləği də artırılmışdır.
Həmçinin sosial müavinətlərin də
əhəmiyyətli artımı baş vermişdir. Bu tədbirlər 2019-cu ilin dövlət büdcəsi
çərçivəsində hər hansı bir
dürüstləşmə aparılmadan tam təmin
edilmişdir. Bu da dövlətin bu sahədə
olan siyasətini və prioritetlərini tam açıq şəkildə
büruzə vermişdir.
Hesab edirəm ki, 2019-cu ilin
büdcəsində vacib elementlərdən biri də, cənab
Prezident, Sizin humanist Fərmanınızla bağlı idi. Bu isə
fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi
məsələsidir. Bu məsələ
ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində
əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir və 640 milyon manat məbləğində
vəsait dövlət büdcəsindən Mərkəzi Banka
müvafiq bankların hesablarına köçürülməsi
üçün təmin edilmişdir. Bunun
hesabına 593 min fiziki şəxs əziyyət çəkdiyi
kreditlərlə əlaqədar dövlətdən faktiki
olaraq böyük bir yardım almışdır. Bununla
yanaşı, Sizin Fərmanınızla nəzərdə
tutulan fiziki şəxslərin problemli kreditlərinin həlli
istiqamətində vacib addım manat ifadəsi ilə
verilmiş kreditlərin ödəmə müddətinin beş ilədək uzadılması və eyni
zamanda, faiz dərəcəsinin 1 faiz səviyyəsində
müəyyən edilməsi idi. Bununla bağlı 214,5 milyon manat məbləğində verilmiş
kreditlər Mərkəzi Bank tərəfindən Maliyyə
Nazirliyinin dövlət zəmanəti ilə təmin
edilmişdir. Beləliklə, bu da dövlətin
həyata keçirdiyi sosial siyasətin digər bir vacib
elementidir.
Möhtərəm cənab
Prezident, onu da qeyd etmək istərdim ki, dövlət büdcəsi
qarşısında duran bütün vəzifə və
funksiyalar - həm müdafiə, milli təhlükəsizlik, həm
də sosial, mədəniyyət, idman sahələrində
bütün beynəlxalq tədbirlərin tam ahəngdar maliyyələşdirilməsi
həyata keçirilmişdir. Xəzinədarlıq
orqanları tərəfindən, ilk növbədə, sosial
ödənişlərin vaxtında tam icrası təmin
olunmuşdur. 2020-ci il dövlət
büdcəsinin hazırlanması ilə əlaqədar da
müvafiq tədbirlər görülmüşdür. Artıq bu büdcə tərəfinizdən
imzalanmışdır və bu da Azərbaycan tarixində xərc
baxımından ən böyük büdcədir. Bu büdcənin icrası üçün lazımi
səviyyədə tədbirlər həyata keçiriləcəkdir.
Prezident İlham
Əliyev:Xarici borcun azaldılması
üçün nə qədər vəsait nəzərdə
tutulub?
Samir Şərifov:Möhtərəm cənab Prezident, dövlət
borcunun uzunmüddətli idarə edilməsi ilə
bağlı Sizin müəyyənləşdirdiyiniz
strategiyaya uyğun olaraq müvafiq tədbirlər həyata
keçirilməkdədir. Hazırda bizim birbaşa
götürdüyümüz xarici dövlət borcumuz 17,2 faiz təşkil edir. Eyni zamanda, dövlət
qurumlarının, yəni...
Prezident İlham
Əliyev: Onlar
aydındır, yəni, 17,2 faiz. Yəni,
bu il nə qədər vəsait nəzərdə
tutulub? Mən sadə sual verirəm, sən
başlayırsan leksiya oxumağa.
Samir Şərifov:Bu il 1,7 milyard manat məbləğində.
Prezident İlham
Əliyev:Onda hansı səviyyəyə
düşəcək?
Samir Şərifov:Cənab Prezident, biz bu il bəzi tədbirlər
görməyi nəzərdə tuturuq. Sizə məruzə
olunduğu kimi, biz bəzi daha bahalı borcları daha ucuz
borclarla əvəz etmək istəyirik. Bununla
əlaqədar bəzi tədbirlər 2019-cu ildə
görülüb, 2020-ci ildə də görüləcək.
Biz çalışacağıq ki, xarici
dövlət borcumuz təxminən 1 faiz azalsın.
Prezident İlham
Əliyev:Çalışın ki, daha da ensin.
Samir Şərifov:Şübhəsiz ki, ümumi daxili məhsuldan
da daxil olacaq. Burada bir məsələ də
var, cənab Prezident, yəni, sırf texniki məsələ də
olsa, ümumi daxili məhsulumuz manat ifadəsində praktiki
olaraq, burada inflyasiyanın səviyyəsi, deflyator rol
oynayır. Ona görə biz onu dollara
keçirəndə orada müəyyən təsirlər
olur. Odur ki, nisbət baxımından burada
çox böyük əhəmiyyətli azalma olmayacaq.
Prezident İlham
Əliyev:İndi bizim xarici dövlət
borcumuz onsuz da çox aşağı səviyyədədir,
17 faiz ətrafında və bu il daha da düşəcək. Ancaq bizim maliyyə imkanımız var ki, tez bir
zamanda xarici borcumuzu daha da endirək. Çünki qeyd
etdiyim kimi, təkcə keçən il biz 6,4
milyard dollar əlavə vəsait qazanmışıq. Bu il də neftin qiyməti təqribən 65 dollar
səviyyəsindədir. Bizim büdcəmizdə
isə neftin qiyməti 55 dollar
götürülmüşdür. Biz
neftin qiymətini çox konservativ, yəni, aşağı səviyyədə
nəzərdə tutduq. Buna baxmayaraq,
büdcəmiz rekord həddə çatıb. Ona
görə əminəm ki, bu il bizə
böyük əlavə xarici valyuta axını olacaq. Ona görə nisbətən yüksək faizlə
götürülmüş borcları həm aşağı
faizlə götürüləcək borclarla əvəzləmək
olar, eyni zamanda, kreditorlarla danışıqlar aparıla bilər
ki, biz bu borcları vaxtından əvvəl qaytaraq. Çünki hesab edirəm ki, xarici dövlət
borcu nə qədər aşağı olsa, o qədər
yaxşıdır. Bir də ki, biz indi
xarici kreditləri də çox böyük ehtiyatla
alırıq. Ancaq texnoloji layihələrin
həyata keçirilməsi üçün kreditlər
alına bilər. Yoxsa, əvvəlki illərdə
hansısa tikintilərə, yol tikintisinə və bəzi
tikintilərə kreditlər götürülürdü.
Bunun heç bir əsası yoxdur. Çünki görülən bu işlər dollartutumlu
işlər deyil. Ona görə hökumətə
kreditlərlə bağlı bir daha tapşırıq verirəm
ki, çox ehtiyatla davransınlar. Bizim, əslində,
xarici kreditlərə ehtiyacımız yoxdur. Biz indi özümüz kreditoruq. Beynəlxalq İnkişaf Agentliyinin hesabatında da
Azərbaycan donor ölkə kimi tanınır. O ki
qaldı, Dövlət Neft Fondunun əlavə vəsait
qazanmasına, əlbəttə, bu, çox müsbət
haldır. İdarəetmədən daha çox
pul qazanılıb. Ancaq yenə də
Dövlət Neft Fondunun strategiyası ondan ibarət
olmalıdır ki, biz pulumuzu azriskli instrumentlərə
yatıraq. Çünki bizim əsas məqsədimiz
bu vəsaiti qorumaqdır. Əlbəttə
ki, məbləğ artdıqca, qazanc da artacaq. Əminəm ki, Neft Fondunun idarəetmədən əldə
olunacaq gəlirləri ildən-ilə artacaq. Biz valyuta ehtiyatlarımızı bundan sonra da
artıracağıq. Hətta ən
çətin illərdə - 2015-ci, 2016-cı, 2017-ci illərdə
belə biz valyuta ehtiyatlarımızı qoruya və artıra
bilmişik.
Bizim xarici ticarət əlaqələrimiz
artır. Ticarət dövriyyəsində qeyri-neft
ixracının 14 faiz artması bilavasitə bu fəaliyyətlə
bağlıdır. Bir çox ölkələrdə
bizim ikitərəfli hökumətlərarası
komissiyalarımız fəaliyyət göstərir. Biz bir neçə ölkədə Azərbaycan
ticarət evlərini yaratdıq. Baş
Nazirin müavini Şahin Mustafayev bir çox ikitərəfli
komissiyalara rəhbərlik edir, o cümlədən qonşu
ölkələrlə - Rusiya ilə, İranla, həmçinin
bizim əsas ticarət tərəfdaşımız Çin
ilə. Ona görə bu il bu istiqamətdə
hansı işlər görülməlidir? Bu
barədə məlumat verin. Mən hökumətə
tapşırıq vermişdim, hökumətlərarası
komissiyaların bizim üçün əsas məqsədi
ondan ibarətdir ki, Azərbaycan məhsullarını o ölkələrə
ixrac etmək məqsədilə yerli şirkətlərin
xarici ölkələrdə fəaliyyəti, tenderlərdə
iştirakı üçün yeni imkanlar
araşdırılsın, eyni zamanda, bir çox ölkələrdə
biz bu istiqamətdə kontraktları da icra edə bilək. Keçən illə bağlı qısa məlumat
verin.
Baş Nazirin müavini Şahin MUSTAFAYEV çıxış
edərək dedi:
-Möhtərəm cənab Prezident,
qeyd etdiyiniz kimi, əsas ticarət tərəfdaşlarımızla
aparılan işlər nəticəsində keçən il uğurlu göstəricilər əldə
edilmişdir. İlk növbədə, bu iş yaxın
qonşu ölkələrlə çox sıx əlaqədə
həyata keçirilmişdir. Qeyd etdiyiniz kimi,
qeyri-neft ixracında 14 faizlik artım məhz bu işlərin
nəticəsində əldə olunmuşdur. İlk növbədə, Rusiya Federasiyası bizim
qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşımızdır.
Azərbaycan qeyri-neft ixracı üçün ən
iri bazar məhsulu sertifikasiyasıdır. Sizin
göstərişiniz əsasında Rusiya Federasiyasında Azərbaycanın
ilk ticarət nümayəndəliyi yaradılıb və
artıq iki ildən çoxdur fəaliyyət göstərir.
Rusiya Federasiyasında ticarət və şərab
evlərinin açılması baş tutmuşdur. Eyni
zamanda, Sizin tərəfinizdən hökumətlərarası
komissiya çərçivəsində ölkələr
arasında əlaqələrin inkişafını əks
etdirən yol xəritəsi təsdiq olunmuşdur. Yol xəritəsində də və yol xəritəsinin
əlavəsi olan tədbirlər planında da ölkələr
arasında əsasən ticarət dövriyyəsinin
artırılması istiqamətində atılan addımlar da
bir-bir qeyd olunmuşdur. Rusiya Federasiyası ilə ticarət
dövriyyəsi keçən ilin 11 ayının nəticələrinə
görə 20 faizə qədər idi, əminəm ki, illik nəticələr
elan olunanda təxminən o səviyyədə də
qalacaqdır. Qeyd etdiyim yol xəritəsində
bu ölkə ilə ticarət dövriyyəsinin yüksəldilməsi
istiqamətində, həmçinin ölkələrarası,
strukturlararası elektron mübadilə, aparılan
prosedurların sadələşdirilməsi, infrastruktur təminatının
yaxşılaşdırılması kimi tədbirlər nəzərdə
tutulmuşdur.
Sizin
tapşırığınız əsasında Rusiya
Federasiyası ilə yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində
keçən il önəmli illərdən
biri olmuşdur. Keçən ilin sonunda
çoxdan gözlənilən Samur çayı üzərində
yeni körpünün inşası başa
çatdırılmışdır,
açılışı baş tutmuşdur. Hesab edirəm ki, bu infrastruktur layihəsinin icra
olunması iki ölkə arasında ticarət mübadiləsinə
çox ciddi müsbət təsir göstərəcəkdir.
Eyni zamanda, hökumətlərarası komissiya
çərçivəsində yeni infrastruktur layihələrinin
həyata keçirilməsi istiqamətində işlər
aparılır. Rusiya Federasiyası ilə bizim
üç sərhəd-keçid məntəqəmiz var. Biz
bu il və gələn illərdə o yeni
sərhəd-keçid məntəqələrində də
infrastruktur təminatının yaxşılaşdırılması
istiqamətində işlər aparacağıq. Həmçinin Siz qeyd etdiyiniz kimi, turizmin
inkişafı baxımından Rusiya Federasiyasından gələn
turistlərin sayı önəmli dərəcədə
artmışdır. Sizin
tapşırığınızla artıq məhz
nağdsız əməliyyatların həyata keçirilməsinin
artırılması baxımından Rusiya
Federasiyasının "Mir” sisteminin Azərbaycanda tətbiqi
məsələləri öyrənilir və yaxın gələcəkdə
bizim iqtisadiyyata və ölkəmizin maraqlarına uyğun gələrsə,
bu sistemin də tətbiqi baş tutacaqdır. Sistemin
tətbiqi nəticəsində turizm imkanlarının, eyni
zamanda, Azərbaycana valyuta daxilolmalarının artımı
da gözlənilir.
Çinlə əlaqələr
baxımından keçən il uğurlu
il olmuşdur. Siz Çində "Bir kəmər,
bir yol” beynəlxalq konfransında iştirak etmisiniz. Siz bu konfrans çərçivəsində
Çinin lideri ilə görüş keçirmişdiniz.
Bu görüşdə 10-a yaxın sənəd
imzalanmışdır. Elə
görüş çərçivəsində 800 milyon
dollar həcmində kontraktlar imzalanmışdır. O
kontraktların icrasına başlanılıbdır. Azərbaycanın Çinə ixracında artıq əvvəlki
illərə nisbətən artımın müsbət
dinamikası müşahidə olunur. Çində
bir neçə ticarət və şərab evi
açılmışdır. Biz
düşünürük ki, Çin bazarı Azərbaycanın
emal olunmuş kənd təsərrüfatı məhsulları
üçün müsbət rol oynaya bilər və
Çinlə ticarət əlaqələrinin inkişafı
baxımından bu işlərin davam etdirilməsi zəruri
hesab olunur və tərəfinizdən lazımi göstərişlər
verilmişdir. Eyni zamanda, qeyd etməliyəm
ki, Çində Sizin tapşırığınızla ikinci
ticarət nümayəndəliyi fəaliyyət göstərir.
Ticarət nümayəndəliyinin fəaliyyəti
nəticəsində qeyri-neft ixracı və ticarət
dövriyyəsinin artımında önəmli nəticələr
əldə olunmuşdur. Çinlə əməkdaşlığa
gəldikdə isə, bir sıra istiqamətlərdə də
əlaqələr inkişaf edir, o cümlədən nəqliyyat,
logistika sektorunda uğurlar əldə olunur. Artıq Çindən konteyner qatarların
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən
Türkiyə ərazisinə keçidi təmin olunur. Əminəm ki, bu istiqamətdə görülən
işlər gələcəkdə böyük uğurlara gətirib
çıxaracaqdır.
Qonşu ölkələrdən
İranla da ticarət dövriyyəmizdə və ümumiyyətlə,
digər sahələrdə önəmli nəticələr əldə
olunmuşdur.
İranla ticarət dövriyyəsində 30
faizdən yuxarı artım olmuşdur. Ümumilikdə,
Siz çıxışınızın əvvəlində
qeyd etdiyiniz kimi, dünyada gedən proseslər, bölgədə
olan mürəkkəb vəziyyət və digər problemlər
fonunda bu nəticələrin əldə olunması,
doğrudan da Azərbaycan üçün böyük nailiyyətdir
və apardığınız siyasətin bariz göstəricisidir.
Eyni zamanda, Azərbaycan Rusiya və İran vasitəsilə
Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi
istiqamətində önəmli işlər həyata
keçirir. Siz qeyd etdiyiniz kimi, artıq
avtomagistral yollar inşa olunur, dəmir yolu təmir olunur.
Azərbaycan öz ərazisində işlərin
böyük hissəsini artıq başa
çatdırmışdır və yaxud başa
çatdırmaq üzrədir. Bu il
Azərbaycan-İran sərhədində yeni avtomobil
körpüsünün inşasına başlamaq
planlaşdırılıb. Düşünürəm ki, gələn
il o körpünün də tikintisi
başa çatacaq. Bakıdan Rusiya Federasiyası sərhədinə
qədər olan magistral yolun tikintisi gələn il başa çatdıqda, bu, Azərbaycan ərazisindən
yük avtomobillərinin keçidi baxımından təxminən
iki dəfəyədək vaxt itkisinin azalmasına gətirib
çıxaracaqdır. Beləliklə, Azərbaycan
bölgədə Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb
istiqamətində yük avtomobillərinin hərəkəti
üçün ən əlverişli şərait
yaratmış olacaqdır.
Cənab Prezident, qeyd etdiyiniz kimi,
qonşu ölkələrlə aparılan ciddi və önəmli
siyasət sayəsində həm ticarət dövriyyəsinin,
həm qarşılıqlı investisiya layihələrinin nəticələri
onu göstərir ki, bu siyasət müsbətdir,
düzgündür və öz bəhrələrini verməkdədir.
Keçən il olduğu kimi, bu il də
biz əlavə nəticələr gözləyirik.
Prezident İlham
Əliyev: Bizim
qonşu ölkələrlə ticarət dövriyyəsinin
artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət
dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət
dövriyyəmiz keçən il 4 milyard
dollara çatıbdır. Bu, böyük
artımdır. Ticarət dövriyyəmiz
Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi
artıb. Həm ikitərəfli formatda, həm
çoxtərəfli formatda biz uğurla fəaliyyət
göstəririk. O cümlədən energetika və nəqliyyat
sahələrində. Mən dəfələrlə
demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq
olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə
çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq
nəqliyyat mərkəzlərindən birinə
çevrilmişik. Nəyə görə?
Düşünülmüş siyasətə,
qonşularla yaxın münasibətlərimizə görə.
Ona görə qonşularla bağlı həm ikitərəfli,
həm üçtərəfli formatda bu il
də aparılacaq əməkdaşlıq diqqət mərkəzində
olmalıdır, bütün infrastruktur layihələri icra
edilməlidir.
Rusiya sərhədinə gedən
yolun böyük hissəsi bu il
tamamlanmalıdır. Astara şəhərindən
İran sərhədinə qədər yeni avtomagistral yolun
tikintisi əminəm ki, tam başa çatacaqdır. Həmçinin Gəncə-Gürcüstan sərhədi
avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi
də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır. Eyni
zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin
sonunda Rusiya-Azərbaycan sərhədində
açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan
ticarət əlaqələrini möhkəmləndirməyəcək,
eyni zamanda, bu, Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçasıdır.
Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan
öz marağını bildirmişdir, müvafiq sənədlər
də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə
bizim fəaliyyətimiz bu il təsirli
olacaqdır. Bütövlükdə, deyə bilərəm
ki, beynəlxalq ticarət əlaqələri bizim üçün
çox önəmlidir, həm əməkdaşlıq, eyni
zamanda, ticarət dövriyyəsinin artırılması və
investisiya qoyuluşu baxımından. Biz həm
qonşu dövlətlərdən investisiya alırıq, həm
də investisiya qoyuruq. Qoyulan investisiyalar da
nəticə etibarilə bizə böyük gəlirlər gətirir.
Qeyd etdiyim kimi, keçən il
makroiqtisadi vəziyyət sabit olmuşdur, inflyasiya cəmi 2,6 faiz təşkil etmişdir. Baxmayaraq
ki, çox böyük sosial paket icra edildi. Bu barədə
mən dedim. Eyni zamanda, problemli kreditlərin
qaytarılması üçün böyük vəsait təmin
edildi. Buna baxmayaraq, inflyasiya çox
aşağı səviyyədə qalmışdır.
Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər
görüləcək. Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını
artırıbdır. Mənə verilən məlumata
görə, 630 milyon dollar səviyyəsində vəsait daxil
edilib. Bütövlükdə, Mərkəzi Bankın 6,2 milyard dollar səviyyəsində valyuta
ehtiyatları var. Keçən il Mərkəzi Bankın
funksiyaları genişləndirildi. Ümumiyyətcə, bu il inflyasiya hansı səviyyədə
proqnozlaşdırılır, əlavə funksiyaların
icrası nəticəsində bank sektorunda hansı dəyişikliklər
nəzərdə tutulur? Bu barədə qısa
məlumat verin.
Mərkəzi Bankın sədri Elman RÜSTƏMOV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident,
Siz çıxışınızda qeyd etdiniz ki, ötən
il bütövlükdə Azərbaycan xalqı
üçün dövlət quruculuğu tariximizdə
sabitlik, inkişaf, iqtisadi islahatlar və sosial rifahın
artırılması ili kimi qalacaqdır. Təbii
ki, makroiqtisadi sabitlik bu işlərdə olduqca fundamental rol
oynayır. Mərkəzi Bankın
mandatına görə, onun başlıca funksiyası
iqtisadiyyatda qiymətlər sabitliyinin təmin
olunmasıdır. Artıq Siz inflyasiya göstəricisini
qeyd etdiniz, 2,6 faiz səviyyəsindədir.
Bu, bütövlükdə MDB məkanında ən
aşağı inflyasiya səviyyələrindən biridir və
2018-ci ildəki aşağı inflyasiya səviyyəsini də
nəzərə alsaq, son iki ildə Azərbaycanda cəmi 2,1 faiz inflyasiya səviyyəsi qeyd olunmuşdur.
Artıq qeyd edildiyi kimi, bu, olduqca mürəkkəb bir şəraitdə
əldə edilmişdir - ötən il
olduqca böyük həcmli sosial paket, kreditlərin
restrukturizasiyası, o cümlədən mən xüsusi qeyd
etmək istərdim, dünyada ərzağın qiymətlərinin
12 faiz bahalaşması fonunda. Bizim iqtisadiyyatımız
çox əlaqəli bir iqtisadiyyatdır və belə bir fonda, pul kütləsi həcminin təxminən
24 faiz qalxdığı bir şəraitdə
aşağı inflyasiyaya nail olunmuşdur. Aparılan
sorğular göstərir ki, əhalinin inflyasiya gözləntiləri,
yəni makroiqtisadi sabitlik, manatın məzənnəsinin
sabitliyi fonunda olduqca stabil və əhalinin aşağı
inflyasiya gözləntiləri var. Bu da gələcəkdə
inflyasiyanın idarə olunması üçün çox
mühüm amillərdən biridir.
Siz artıq tədiyə
balansının başlıca göstəricilərini qeyd
etdiniz. Cənab
Prezident, valyuta ehtiyatlarımız bütövlükdə
ümumi daxili məhsulun səviyyəsini ötüb
keçmişdir. Siz Yeni il təbrikinizdə
qeyd etdiyiniz kimi, valyuta ehtiyatlarımız xarici borcu 5 dəfədən
çox üstələyir. Keçən il
Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə
Nazirliyi öz ehtiyatlarını artırmışdır və
gəlirlilik əhəmiyyətli olmuşdur. Təxminən
toplam olaraq hər iki qurum birlikdə ehtiyatların idarə
olunmasından 700 milyon dollardan yuxarı gəlir əldə
etmişdir. Belə bir şəraitdə, yəni neftin
qiymətinin keçən il həm "Azəri Layt”, həm
"Brent” üzrə bir qədər aşağı
düşməsinə baxmayaraq, 6 milyardlıq xarici ticarət
profisiti və bütövlükdə xarici valyuta mənbələrinin
bazara şaxələnməsi şəraitində, həm
turizmdən, həm qeyri-neft sektorundan və digər sahələrdən
təklifin olduğu bir şəraitdə manatın məzənnəsi
sabit qalmışdır. Bütövlükdə isə təxminən
bazardan Maliyyə Nazirliyi, xəzinədarlıq və Mərkəzi
Bank 700 milyon dollardan yuxarı vəsaiti sterilizasiya etmək məcburiyyətində
qaldı ki, manatın möhkəmlənməsinə təsir
göstərməsin.
Keçən il
pul siyasətinin yumşaldılması ilə də xarakterizə
olub. Bu, hər iki istiqamətdə baş verib.
2018-ci və 2019-cu illərdə, yəni biz o yüksək
inflyasiya illərində faiz dərəcəsini 15 faizə
qaldırmışdıq, təxminən 2 dəfə
aşağı salınıbdır və bu gün uçot
dərəcəsi 7,5 faizdir. Ötən il
biz 8 dəfə uçot dərəcəsini müzakirə
edib, onun 7-də faiz dərəcələrini aşağı
salmışıq. Bütövlükdə biz
bu siyasətin ümumi faizlərə də təsirini
görürük. Son iki ildə xüsusi
olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5
faiz aşağı düşdüyünü
görürük. Təxminən 16 faizdən
11 faizə düşüb. Digər istiqamətlərdə
də faiz dərəcələrinin tədricən
aşağı düşdüyünü görürük.
Təbii ki, bunun səviyyəsi bizi hələ
qane etmir və bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Mən artıq qeyd etdim, dövriyyədə
olan pul kütləsinin həcmi 24 faizdən çox
artmışdır, bu da pul siyasətini yumşaltma deməkdir
və bütövlükdə banklara 2 milyard manatdan çox vəsait
verilmişdir. Təbii ki, onlar da o vəsaitlərdən
kreditlərin verilməsi üçün istifadə edə
bilərlər. Cənab Prezident, bütövlükdə
Azərbaycanda son 3 ildə aşağı inflyasiya, möhkəm
və sabit məzənnə, çox aşağı və
konservativ azalan xarici borc, möhkəm xarici mövqelərimiz
ölkəmiz üçün əlverişli şərait
yaradır. Mən onu qeyd etmək istəyirəm ki, bayaq Siz
dediniz, Azərbaycanın xarici kreditor mövqeyi iki dəfədən
yuxarıdır, yəni bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin
həcmi 100 milyard dollardan yuxarı olmaqla, öhdəliklərimizdən
iki dəfə çoxdur. Bu, onu göstərir
ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik və
dayanıqlılığın əsasları
yaradılmışdır və tədricən bu
dayanıqlılıq və makroiqtisadi sabitlik iqtisadi
artımda və iqtisadi inkişafda mühüm rol oynamağa
başlayır. Bu, iqtisadi inkişafa
transformasiya olunur.
Siz artıq qeyd etdiyiniz kimi, ötən
il Mərkəzi Bankın mandatı bir qədər
genişləndirildi. Bütövlükdə
maliyyə sektorunda müsbət meyillər var, baxmayaraq ki, bir
sıra həssaslıqlar qalıbdır. Biz kreditləşmənin
artdığını görürük, ötən il kreditlər 16 faiz artmışdır, o
cümlədən bütövlükdə biznes kreditləri. Yəni, təsərrüfat subyektlərinə verilən
kreditlər 11 faiz artmışdır. İstehlak kreditləri,
əhaliyə verilən kreditlər isə təxminən 20
faizdən bir qədər çox artmışdır və bütövlükdə
bizim təbii ki, cari ildə görəcəyimiz əsas
işlərdən biri iqtisadiyyatın, xüsusilə də
kiçik müəssisələrin mikrokreditləşmə
vasitəsilə aşağı, uzunmüddətli kreditlərə
əlçatanlığının
artırılmasıdır. Cari il yanvar
ayının 10-da Mərkəzi Bank, Banklar Assosiasiyası və
bütövlükdə biznes ictimaiyyəti ilə geniş
görüş keçirildi. Bütövlükdə maliyyə
sektoru ilə iş adamları arasında biznes sahəsində
əlaqələrin formaları, burada olan mövcud problemlər
müzakirə olundu, iş adamları bir sıra mühüm
məsələlər qaldırdılar. Bu məsələlər
sistemləşdirilir, Mərkəzi Bankın səlahiyyətində
olan məsələlər tərəfimizdən həll
olunacaqdır. Digər məsələlər
isə müvafiq qurumlar, o cümlədən Nazirlər
Kabinetinin müzakirəsinə təqdim ediləcəkdir.
Bütövlükdə əmanətlər
də artıb. Manatla müddətli əmanətlər
27 faiz artmışdır. Bu, onu göstərir
ki, sosial sahədə atdığınız addımlar nəinki
əhalinin yüksək istehlak səviyyəsini təmin edir,
həm də əhalinin yığımları da təmin
olunur. Ödəniş sistemində
başlıca məqsədimiz təbii ki, qeyri-nağd ödənişlərin
səviyyəsinin artırılması, nağd ödənişlərin
isə məhdudlaşdırılmasıdır. Keçən
il milli ödəniş sistemi vasitəsilə
ödənişlərin həcmi 10 faiz, sayı isə 41 faiz
artmışdır. O cümlədən ödəniş
kartlarının sayı 13 faiz və kart ödənişlərinin
sayı 29 faiz, kartlar vasitəsilə qeyri-nağd ödənişlərin
həcmi 57 faiz, elektron-bankinq, elektron ticarət üzrə
ödənişlər isə 93 faiz yüksəlmişdir. Burada müsbət dinamika özünü göstərir.
Bu, bir tərəfdən ötən il bu
sahədə aparılan islahatların, bütövlükdə
təbii ki, şəffaflaşdırmanın nəticələridir.
Digər tərəfdən isə ödəniş
sisteminin modernləşdirilməsi istiqamətində, - Sizin
imzaladığınız nağd ödənişlərin
genişləndirilməsi üzrə Dövlət Proqramı
reallaşdırılır, - tədbirlər öz nəticəsini
verir. Amma burada görəcəyimiz işlər
olduqca çoxdur. Hesab edirəm ki, cari ildə
bu istiqamətdə həm Mərkəzi Bankın, həm də
Azərbaycan hökumətinin qarşısında olduqca
mühüm vəzifələr durur.
Cari ilin əsas vəzifəsi,
cənab Prezident, başlıca olaraq təbii ki, yenə də
inflyasiyadır. Siz bu məsələnin əhəmiyyətini
qeyd etdiniz. Bu, həm əhalinin gəlirlərinin
formalaşmasında, həm manatın alıcılıq
qabiliyyətinin qorunmasında, həm əhalinin aktivlərinin,
yığımlarının dəyərsizləşməsinin
qarşısının alınmasında olduqca
prinsipialdır. Cari ildə də hökumətin
rəsmi baza proqnozu məlumdur. Düşünürük
ki, Mərkəzi Bankın proqnozu dəyişmir,
inflyasiyanın 4 faiz ətrafında sabitləşdirilməsi
planlaşdırılır. Bu istiqamətdə
hökumətlə birlikdə sıx koordinasiyada bütün
işləri görəcəyik ki, bu inflyasiya səviyyəsinə
nail olaq. Təbii ki, burada bir sıra amillər
də var. Bu amillərdən ən başlıcası
manatın sabitliyidir. Düşünürük ki,
hökumətin rəsmi baza proqnozunda 55 dollarda belə tədiyə
balansımız bu il də müsbət
olacaqdır və valyuta ehtiyatlarını yığmağa
imkan verəcəkdir. Ancaq biz ümid edirik ki,
bütövlükdə bir tərəfdən neftin faktiki qiymətinin
daha da yüksək olması və valyuta vəsaitlərinin,
valyuta gəlirlərinin şaxələnməsi istiqamətində
görülən tədbirlər imkan verəcəkdir ki, daha
tarazlı valyuta bazarına malik olaq.
Düşünürük ki, bu il də
manatın məzənnəsinin sabitliyi qorunacaqdır.
Cənab Prezident, Siz sığorta
haqqında dediniz, bu, olduqca mühümdür. Mərkəzi
Bankın indiki mandatında da sığorta işinə nəzarət
mühüm yer tutur. Burada, xüsusilə
də əmlakın sığortalanması məsələsi
önəmli rol oynayır. Siz çox düzgün
prioritetlər müəyyənləşdirdiniz - maarifləndirmə,
marketinq, əhali ilə iş. Hesab edirəm ki, hökumətlə birlikdə həm
də yerli icra hakimiyyəti orqanları da bu işə fəal
qoşulmalıdırlar. Çünki
rayon yerlərində, kənd yerlərində hadisələr
baş verir. Hesab edirəm ki, biz bu işi
çox ciddi təşkil etməliyik. Bütövlükdə
burada görülməli işlər həddindən artıq
çoxdur.
Kapital bazarlarının
inkişafı, cənab Prezident, olduqca xüsusi, böyük
bir məsələdir. Azərbaycanda kapital bazarları inkişaf
etməyib. Biz indi araşdırma
aparırıq, görürük ki, birjada, listinqdə olan
kampaniyaların çoxlarının heç bir əməliyyatları
yoxdur. Biz İqtisadiyyat Nazirliyi, hökumətlə
birlikdə baxmalıyıq ki, hansı çempionlar yarada bilərik,
hansı müəssisələrimiz hazırdırlar ki, bu
gün öz səhmləri, qiymətli kağızları ilə
Azərbaycanın qiymətli kağızlar bazarına
çıxsın və buradan vəsaitləri cəlb etsinlər.
Ödəniş sistemi haqqında
artıq dedim, çox mühüm prioritetlərimiz var,
çalışacağıq ki, bütövlükdə
2020-ci il bu istiqamətdə
dönüş illərindən biri olsun. Təşəkkür
edirəm.
Prezident İlham
Əliyev:Dollarlaşma ilə bağlı vəziyyət
necədir? Çünki bir neçə il
bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi
80 faizi ötürdü. İndi vəziyyət
necədir?
Elman Rüstəmov:Cənab Prezident, dollarlaşma
azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss
olunur.
Prezident İlham
Əliyev:Bəli, əmanətlərdə.
Elman Rüstəmov:Bilirsiniz ki, əmanətlərdə
faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən
3 faizə qədər, əmanətlərdə daha çox,
6 faizə qədər dollarlaşma səviyyəsi
aşağı düşüb.
Prezident İlham
Əliyev:Faiz nisbəti nə qədərdir?
Elman Rüstəmov:Kreditlərin
dollarlaşması 38 faizdən 35 faizə düşüb,
fiziki şəxslərin əmanətlərində isə 62
faizdən 54 faizə enib. Təxminən 12 faizə
qədər düşüb.
Prezident İlham
Əliyev:Uçot dərəcəsi də iki
dəfə aşağı düşüb.
Elman Rüstəmov:Son iki ildə.
Prezident İlham
Əliyev:Bəli, bu il də yəqin ki, bu
meyil davam etdiriləcək.
Elman Rüstəmov: Təbii ki, cənab
Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun
yerinə yetirilməsindən asılı olaraq yumşaltma
prosesi davam etdirilə bilər.
Prezident İlham
Əliyev:Bu da iqtisadiyyatın
sağlamlaşdırılması deməkdir. Yəni,
əsas indikatorlardan biridir.
Elman Rüstəmov:İqtisadiyyatın
sağlamlaşdırılmasını, kreditlərin
ucuzlaşmasını özündə əks etdirəcək.
Prezident İlham
Əliyev:İndi siz deyirsiniz ki, banklara 2
milyard manat resurs verilib və yenə də kreditləşmədə
istehlak kreditləri üstünlük təşkil edir. Bu da
çox təhlükəli tendensiya ola bilər.
Ona görə biz elə etməliyik ki, bank
sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində
baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda
maraqlı olsunlar. Həm də ki, Mərkəzi
Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu
başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün
istehlak kreditləri daha da asandır, daha əlverişlidir.
Ancaq ölkə iqtisadiyyatı üçün
biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə
bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək
Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli
kreditlər nəzərdə tutulur. Uçot
dərəcəsi düşdükdə artıq özəl
banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi
güzəştli kreditlərin səviyyəsinə
yaxınlaşacaqdır. Ona görə
burada uzlaşma olmalıdır. Bank sektoru
böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna
dəstək verməlidir. Bank sektorundan
heç bir sürpriz olmamalıdır. Bu il
onların fəaliyyətinə, kreditlərin verilməsinə
çox güclü nəzarət olmalıdır. O cümlədən
şübhəli kreditlərin verilməsi ilə bağlı
mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən
sonra yox, bəri başdan bunun qarşısını ala bilək.
Bank sektorunun məsuliyyəti də
artıbdır, çünki biz bütün əmanətlərin
sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən
biridir. Biz bunu bir neçə il
bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək
səviyyədədir. Manatın məzənnəsi
3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir,
tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən
tam sığortalanması çox böyük addımdır
və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz
olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər
hesab edirəm ki, bu məsələnin həllinə köməklik
göstərə bilər.
Elman Rüstəmov: Bunları edəcəyik cənab
Prezident.
Prezident İlham
Əliyev:Sosial
sahədə aparılmış işlər haqqında mən
artıq giriş sözümdə məlumat verdim, bu il
hansı işlər gözlənilir. Biz keçən il plandan əlavə 900-dən çox şəhid
ailəsinə mənzil təqdim etdik və bu il bu rəqəm
daha da artacaq. DOST mərkəzi fəaliyyətə
başlamışdır. Artıq iki mərkəz
yaradılıbdır. Bu barədə məlumat
verin. Ünvanlı sosial yardımla bağlı işlər
nə yerdədir, mən keçən il
sizə göstəriş vermişdim ki, bu vəsaiti,
yardımı alan ailələrin sayı artırılsın və
meyarlara da yenidən baxılsın. Çünki
bəzi hallarda çox sərt meyarlar qoyulubdur. Bu, ədalətli olmalıdır. Əlbəttə, son vaxtlar sosial sahədə
böyük islahatlar aparılır, o cümlədən
ünvanlı yardımın verilməsində. Çünki əvvəlki illərdə ehtiyacı
olmayanlar hansısa təmənna qarşılığında
bunu alırdılar. İndi isə vəziyyət
sağlamlaşır, elektron xidmətlər göstərilir,
amma, eyni zamanda, insan amili də çox önəmlidir.
Ona görə bu il ünvanlı sosial
yardımın verilməsi və Özünüməşğulluq
proqramı ilə bağlı məlumat verin. Bu
imkandan daha çox ailə faydalanır. Ancaq
dünya praktikası var, siz də bu barədə məlumat
vermişdiniz. Dünya praktikasında verilən
vəsait nəticəsində təqribən 50 faiz uğurlu
layihələr baş tutur. Ona görə
biz elə etməliyik ki, Azərbaycanda bu uğurlu layihələrin
sayı və faizi daha da artıq olsun. Dünya
Bankı mənim təklifimlə bu proqrama qoşulubdur.
Bu il Dünya Bankının bu sahədə
fəaliyyəti nədən ibarət olacaqdır? Bu barədə məlumat verin.
Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri Sahil BABAYEV
dedi:
-Möhtərəm cənab Prezident.
Siz artıq çıxışınızda bildirdiniz, Sizin təşəbbüsünüzlə,
imzaladığınız fərman və sərəncamlarla
2019-cu ildə sosial sahədə çox dərin islahatlar həyata
keçirildi və əhalinin 42 faizinin gündəlik gəlirlərinin,
onların rifahının artırılması istiqamətində
çox əhəmiyyətli tədbirlər
görüldü. Bu islahatların ən
böyük qolu, əlbəttə ki, əmək münasibətləri
idi. Bununla bağlı atılan addımlar
nəticəsində 1 milyon 350 min insanın əməkhaqqı
ciddi şəkildə artdı. Qeyd etdiyiniz kimi, minimum əməkhaqqının
iki dəfə artması dövlət sektorunda
çalışan, müxtəlif kateqoriyada işləyən
insanların əməkhaqlarının ciddi şəkildə,
20 faizlə 100 faiz arası artırılması və Azərbaycanın
minimum əməkhaqqına görə MDB məkanında
alıcılıq qabiliyyəti üzrə ikinci yerə
çıxması və digər inzibati tədbirlər nəticəsində
ölkədə 2019-cu il ərzində 153 min əmək
müqaviləsi artdı. Təqdirəlayiqdir
ki, bunun 99 mini, yəni, böyük hissəsi məhz özəl
sektorun, 54 mini isə dövlət sektorunun payına
düşdü. Əməkhaqqı fondu 42,3 faiz artdı, bu da çox böyük rəqəm
idi, cəmi bir il ərzində əldə olunan nəticədir.
Əməkhaqqının sosial ədalətli
bölgüsünün göstəricisi olan median əməkhaqqı
isə cəmi bir ildə 52 faiz artdı, bu da sosial ədalətin
geniş şəkildə tətbiqindən irəli gələn
islahatların məhz aztəminatlı kəsimə yönəlməsini
göstərən bir göstərici idi. Digər
tərəfdən, pensiya sahəsində aparılan islahatlar nəticəsində
minimum pensiyanın artımı bizi MDB məkanında
alıcılıq qabiliyyəti üzrə birinci yerə
çıxarmaqla yanaşı, xüsusi şərtlərlə
pensiya təyinatı olan hərbçilərimizi əhatə
edən böyük bir kontingentdə də 30 faizlik bir
artım oldu. Bu islahatların nəticəsində də
ölkədə orta pensiya 2019-cu ildə 15 faiz artdı,
yaşa görə pensiya 15 faiz, ən həssas kateqoriya olan əlilliyə
görə pensiya isə 22 faiz artdı.
Pensiya təyinatının
avtomatlaşdırılması nəticəsində 2019-cu ildə
pensiya təyinatı alan insanların 80
faizi, təqribən 15 min şəxs üçün məhz
proaktiv elektron qaydada - hər hansı bir ünvana getmədən
pensiya təyinatı aparıldı. Sosial müavinətlər
və təqaüdlərlə bağlı islahatlara gəldikdə,
burada çox böyük bir proqram tətbiq etdiniz və 1,3 milyon insanı əhatə edən geniş
bir paket icra olundu. Bu paketin böyük bir hissəsi
məhz əlilliyi olan şəxslərə aid idi. Bu
sahədə də Sizin
tapşırıqlarınıza müvafiq olaraq elektronlaşma
tədbirləri görüldü və artıq 2019-cu ilin
sonuna 19 növ sosial müavinət və təqaüd elektron
qaydada proaktiv şəkildə vətəndaşın hər
hansı bir müraciəti olmadan təyin edilməyə
başlandı. Ötən il artıq 20
min təyinat bu şəkildə edildi. Bu
avtomatlaşma tədbirləri son nəticədə 2020-ci ildə
200 min pensiya, müavinət və təqaüd təyinatının
elektron qaydada proaktiv şəkildə aparılmasına imkan
verəcək ki, əlbəttə, bu da vətəndaşlarımıza
xidmət baxımından çox önəmli bir göstərici
olacaqdır.
Ümumilikdə Dövlət Sosial
Müdafiə Fondunun gəlirləri proqnozdan 5,4
faiz artıq icra olunaraq 150 milyon əlavə gəlir əldə
edildi. Elektronlaşma əsassız pensiya və əlillik
təyinatlarının ləğvi nəticəsində xərclər
proqnozdan 180 milyon manat aşağı oldu. Bunların nəticəsində
2 dəfə olmaqla ilin ortasında 150 milyon, ilin sonunda isə
170 milyon manat, cəmi 320 milyon manat vəsait dövlət
büdcəsinə geri qaytarıldı. Dövlət
öhdəliklərinin ödənilməsi üçün nəzərdə
tutulan vəsait məbləği bu qədər
azaldıldı və Dövlət Sosial Müdafiə Fondunda
builki islahatların icrasına yönəldilməsi
üçün əlavə olaraq 190 milyon manat ehtiyat
yaradıldı.
Digər tərəfdən, Birinci
vitse-prezidentimizin təşəbbüsü olan və Sizin
müvafiq Sərəncamınızla yaradılan DOST Agentliyi fəaliyyətə
başladı və ötən il çox
uğurlu bir il oldu. Sizin iştirakınızla mayın 9-da
birinci DOST Mərkəzi, dekabrın 24-də ikinci DOST Mərkəzi
istifadəyə verildi. Cəmi səkkiz ay ərzində
birinci DOST Mərkəzində 63 min vətəndaşımız
qəbul edildi, ümumilikdə vətəndaşlarımızın
məmnunluq səviyyəsi də 95,2 faizə
bərabər oldu. DOST mərkəzlərində
konsepsiyaya uyğun olaraq könüllülük proqramları
geniş vüsət alıb. Orada həm "Gənc
DOST” könüllü proqramı, həm də ahıl şəxslər
üçün "Gümüşü DOST” və
"Virtual DOST” proqramları icraya verildi. Cəmi
6 ay ərzində 6900 könüllü bu proqrama müraciət
edib. Onlardan 250 nəfər bizim mərkəzlərimizdə
fəaliyyətə başlayıb. Sizin
digər bir təşəbbüsünüzlə başlayan
digər bir geniş proqram haqqı ödənilən ictimai
işlər proqramıdır. Bununla bağlı ötən
il DOST iş mərkəzləri tərəfindən
38 min iş yeri yaradıldı. Burada 45 mindən
artıq vətəndaşımızın müvəqqəti
məşğulluğu təmin edildi. Dövlət
müəssisələri tərəfindən 28 min iş yeri
yaradıldı. Bu proqramların icrası nəticəsində
çox böyük bir kəsim, yəni, faktiki olaraq 64 min
insanın il ərzində məşğulluğu
təmin edildi. Sizin
tapşırıqlarınıza uyğun olaraq bu proqramın
da cari ildə davam etdirilməsi planlaşdırılır.
Özünüməşğulluq
proqramı Sizin
tapşırığınıza uyğun olaraq daha da
genişləndirildi. 2019-cu ildə 10 min 354 vətəndaşımız
bu proqrama cəlb edildi. Onlar müvafiq təlimləri
başa vurdular, öz biznes planlarını uğurla müdafiə
etdilər və artıq 8 min 500 nəfəri öz aktivlərini
alıb. Aktivlərin paylanma prosesi davam edir
və ayın sonuna qədər qalanları da aktivlərlə
tam şəkildə təmin olunacaqdır. BMT
İnkişaf Proqramının, eyni zamanda, Heydər Əliyev
Fondunun Regional İnkişaf İctimai Birliyinin bu proqrama
qoşulması, əlavə 500 nəfərin aktivlərlə
təmin olunması proseduru məhz bu iki layihə çərçivəsində
icra olunur. Bu proqramın da genişləndirilməsinə,
Dünya Bankı ilə danışıqların
yekunlaşdırılmasına dair Sizin
tapşırıqlarınız olmuşdur. Biz
artıq Dünya Bankı ilə ilkin müzakirəni
yekunlaşdırmışıq. Kredit
sazişi üzrə danışıqlar yanvar ayının
18-nə təyin olunub. Bu
danışıqlar yekunlaşdıqdan, Dünya Bankının
proseduruna uyğun onun Şurasında təsdiq olunduqdan sonra
iyun ayına qədər müqavilənin imzalanmasını
gözləyirik. Lakin həm Maliyyə Nazirliyi, eyni
zamanda, Dünya Bankı ilə müzakirələr nəticəsində
belə qərara gəlinib ki, müqavilə imzalanana qədər
də retroaktiv maliyyələşmə prinsipi əsasında
hazırlıq işlərini artıq fevral ayından
başlayaraq icra edəcəyik.
2019-cu ildə ünvanlı sosial
yardım proqramı çox geniş şəkildə, 70 faizə
qədər artırıldı, ümumilikdə 296 min
üzvü olan 72 min ailəni əhatə etdi, ailələrə
ödənişin məbləği də artaraq 209 manata bərabər
oldu. Bu proqramın da genişləndirilməsinə dair Sizin tapşırıqlarınız
olmuşdur. 2020-ci ildə də bu proqram
genişləndiriləcək. Bir çox
meyarlar yüngülləşdirildi. Bunun üzərində
işlər mütəmadi olaraq davam edəcək və Azərbaycanda
ünvanlı sosial yardım proqramının tam şəffaf,
tam təkmil həyata keçirilməsi üzrə Sizin tapşırıqlarınız tam icra
olunacaq.
Sosial təminat sahəsində,
cənab Prezident, Sizin ən önəmli təşəbbüslərinizdən
biri şəhid ailələrinə 11 min manatlıq birdəfəlik
ödənişin verilməsi idi. Bu proqram 98 faiz icra
olundu. On iki min şəhidimizin 18 min vərəsəsinə
bu vəsaitlər tam şəkildə ödənildi. Yəni, hazırda 300 nəfərə yaxın şəhidimizin
vərəsələri tərəfindən, sadəcə,
müraciət olmayıb. Müraciət edən
hər bir şəxs vəsaiti əldə etdi. Mənzil təminatı proqramı çox genişləndi.
2018-ci ildə şəhid ailələrinə və
müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə
934 mənzil təqdim edildi. Bu da əlamətdar
hadisə idi, dekabrın 24-də Siz öz ad
gününüzdə böyük bir binanın açılışını
da etdiniz və 96 mənzil Nizami rayonunda şəhid ailələrinə
və müharibə əlillərinə təqdim olundu.
Eyni zamanda, əlilliyi olan şəxslərə
avtomobil təminatı proqramı davam etdi və onlara 600
avtomobil təqdim edildi ki, bu da önəmli istiqamətlərdən
biri idi.
Sosial infrastruktur baxımından Sizin
tapşırıqlarınızın icrası olaraq Naftalan,
Yevlax, Mərdəkan Reabilitasiya mərkəzləri tam fəaliyyətə
başladı, Protez-Ortopedik Mərkəzin istehsalat sexi istifadəyə
verildi. Gəncədə pensiyaçılar
üçün sosial xidmət müəssisəsi və
Peşə Hazırlığı Mərkəzi istifadəyə
verildi. Sosial infrastruktura geniş maliyyə
təminatı yaradıldı. Ötən ildən davam
edən işlərin icrası olaraq bu il də
10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin
istifadəyə verilməsi planlaşdırılır.
Görülən bu işlərə
beynəlxalq təşkilatlar tərəfindən də
yüksək qiymət verilib. Xüsusi olaraq vurğulamaq istərdim
ki, Sizin tapşırığınızla biz Beynəlxalq
Sosial Təminat Agentliyi ilə müzakirələr apardıq
və may ayında Azərbaycanda Avropa Sosial Forumu keçirildi.
Forumda Avropa İttifaqının bütün
sosial təminat və pensiya fondlarının rəhbərləri
iştirak edirdi. Bu forum çərçivəsində
Azərbaycanın həyata keçirdiyi dörd layihə
Avropa üçün ən yaxşı təcrübə
mükafatlarını əldə etdi. Bunlar
özünüməşğulluq layihəsi, ünvanlı
sosial yardım layihəsi, əlillik proqramımız və
qeyri-formal məşğulluqla mübarizə
proqramımızdır.
Prezident İlham Əliyev:Bu, qeyri-formal məşğulluqla bağlı
mübarizə nəticəsində baş verdi. Yəni, bu əmək müqavilələri, sadəcə
olaraq, rəsmiləşdirildi. Bu, birinci
onu göstərir ki, biz düzgün yoldayıq və
aparılan siyasət nəticə verir, amma, eyni zamanda, hələ
ki, kölgə iqtisadiyyatında minlərlə, on minlərlə
insan işləyir. Ona görə kölgə
iqtisadiyyatından çıxmaqla bağlı bütün
qurumlar fəal işləməlidir və burada çox ciddi
koordinasiya aparılmalıdır. Mən
Nazirlər Kabinetinə tapşırıq verirəm ki, bu məsələ
ilə bağlı ayrıca müşavirə keçirsin və
aidiyyəti qurumlar öz təkliflərini versinlər. Qurumlar arasında da çox ciddi koordinasiya işləri
aparılmalıdır. 153 min əmək
müqaviləsinin rəsmiləşdirilməsi çox
böyük hadisədir. Əlbəttə
ki, həm şəffaflığa xidmət göstərir,
eyni zamanda, pensiya təminatı üçün də bunun
çox böyük əhəmiyyəti var.
İctimai ödənişli iş
yerləri ilə bağlı bu təşəbbüs mənim
tərəfimdən irəli sürüldü, o vaxt ki,
dövlət investisiya xərcləri kəskin şəkildə
aşağı düşdü. Bunu da biz məcburiyyət
qarşısında etdik. Çünki
neftin qiyməti dörd dəfə aşağı
düşmüşdü, gəlirlərimiz
azalmışdı və büdcəmiz ixtisar edilmişdi, o
cümlədən investisiya proqramı da böyük dərəcədə
ixtisara uğradı. İşsizliyin qabağını
almaq üçün mənim təşəbbüsümlə
on minlərlə ödənişli ictimai iş yeri
yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz
bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik.
Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına
bu vəsaitin talanması və ödəniş
kartlarının yığılması, ondan sonra oradan pulun
çəkilməsi, yaxud da öz yaxın adamlarının,
bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə
ki, dözülməz faktdır və buna görə artıq
bu pozuntulara yol verən şəxslər cəzalandırıldı
və bu işlər davam etdiriləcək. Bu, hər
kəsə dərs olmalıdır. Amma,
eyni zamanda, elə bir mexanizm işlənməlidir ki, bu
pozuntulara ümumiyyətlə, imkan olmasın. Ona görə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə tapşırıq verildi ki, onlar
bu işin koordinasiyasını öz üzərinə
götürsünlər və ödənişli ictimai
işlərə götürülən vətəndaşlar
məhz Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən rəsmiləşdirilsin.
İndi hazırda keçən il 38 min belə
işlə təmin olunan şəxs var. İndi bu il nə qədər
nəzərdə tutulur və bunun nəzarət mexanizmi nə
dərəcədədir?
Sahil Babayev:Cənab Prezident, Sizin
tapşırığınıza uyğun olaraq biz ötən
ilin ortalarından etibarən monitorinqlərə
başladıq və monitorinqlər çərçivəsində
təqribən üç min şəxs işlərdən kənarlaşdırıldı,
yeni şəxslər cəlb edildi. Ardınca ikinci bir təşəbbüs
olaraq Sizə ictimai açıqlığın təmin edilməsini
məruzə etdik və Sizin
razılığınızla müvafiq portal yaratdıq. İctimai işlərə cəlb edilən
bütün şəxslər hər rayon üzrə ictimaiyyətə
tam şəkildə açıqlanır. İşə götürülmüş
bütün şəxslərə dair məlumatlar onlayn
portalda yerləşdirilir. Bu da ictimai
açıqlığı xeyli təmin etdi.
Ümumilikdə qeyd edim ki, 38 min iş yerinə 2019-cu ildə
47 min şəxs götürülüb. Yəni, bu, o deməkdir
ki, il ərzində də ciddi təmizlənmə
olub, əlavə 9 min nəfərlik də təmizlənmə
olub. Bütün icra hakimiyyəti orqanları ilə
ciddi müzakirələr aparmışıq və cari ilin
yanvar ayından etibarən bütün siyahıların yenilənməsi
və onların təqdim edilməsini istəmişik. Çünki bəzi hallarda obyektiv səbəblər
də meydana çıxır. İnsanlar
müəyyən qədər işlədikdən sonra bəzi
ictimai işlərdə işləmək istəmirlər.
İşə gəlməyənlər, məhdud gələnlər
və ya yeni iş yeri tapanlar da olur. Ümumilikdə
bu sahədəki neqativlərin hər biri
araşdırılır və haqqında müvafiq tədbir
görülməsi üçün həm hüquq mühafizə
orqanlarına, həm də aidiyyəti orqanlara təqdimatlar
verilir. Xüsusi olaraq vurğulayım ki,
onlayn portalda bütün siyahıların
açıqlanmasından sonra bu istiqamətdə xeyli irəliləyişlərimiz
var.
Prezident İlham
Əliyev:Özünüməşğulluq proqramı ilə
bağlı bizim təşəbbüsümüzlə
Dünya Bankı da bu proqrama dəvət olundu. Burada
əsas məqsəd, təbii ki, Dünya Bankının vəsaitindən
istifadə etmək deyil. Halbuki bu da önəmlidir.
Əsas məsələ onların təcrübəsindən
yararlanmaqdır. Çünki Dünya
Bankı bir çox ölkələrdə oxşar
proqramları icra edib və onların bu sahədə
böyük təcrübəsi var. Ona görə imzalanacaq
sazişə də böyük əhəmiyyət veririk.
Əminəm ki, saziş imzalanandan sonra Dünya
Bankı ilə bu istiqamət üzrə bizim yeni əməkdaşlıq
çərçivələrimiz də müəyyən ediləcək.
Ünvanlı sosial yardımla
bağlı 70 faiz artım çox ciddi artımdır və
artıq siz qeyd etdiniz ki, 72 min ailə əhatə olunur və
burada da əlbəttə ki, əsas məsələ ədalətdir.
Məhz o ailələr ki, doğrudan da, ehtiyac
içindədir, o ailələr ki, onların maddi vəziyyəti
ağırdır, onlar bu yardımdan istifadə etməlidir.
Şəhid ailələri və
Qarabağ əlilləri üçün bu il
daha çox evlər tikilməlidir. Bu məsələ
ilə bağlı mən Sizə göstəriş vermişəm.
Əgər keçən il 934 mənzil
verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu
məsələ ilə bağlı müvafiq göstərişlər
versinlər. Beləliklə, əgər
biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda
növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin
edəcəyik.
Bizim indi iqtisadi göstəricilərimiz,
hesab edirəm ki, müsbətdir, xüsusilə qeyri-neft sənaye
istehsalı qeyd etdim ki, 14 faiz artmışdır. Kənd təsərrüfatı
təxminən 7 faiz artmışdır. İndi
İqtisadiyyat naziri məlumat versin ki, bu ilin iqtisadi
inkişafla bağlı hansı proqnozları var.
İnvestisiya proqramı keçən ay təsdiqləndi və
vaxt itirmədən icra edilməlidir. Bizim
qeyri-neft ixracımız 14 faiz artıb. Bu,
böyük artımdır. Ancaq qeyri-neft
ixracının artımını müəyyən dərəcədə
əngəlləyən obyektiv səbəblər var. Onlardan
birincisi əhalinin artımıdır. Yəni,
biz daha çox daxildə istehlak edirik. İkinci
amil turistlərin sayının artmasıdır. Yəni,
əgər 5 il bundan əvvəl 2 milyondan
az adam gəlirdisə, indi 3 milyondan çox adam gəlir. Əlbəttə ki, daxili istehlak və daxili tələbat
artır. Ona görə qeyri-neft
ixracının uzunmüddətli strategiyası işlənməlidir
və həm bu strategiya mövcud olan bazarlarla bağlı
olmalıdır, perspektiv bazarlara çıxışla
bağlı işlər aparılmalıdır.
Ümumiyyətlə, biz indi bilirik ki, hər il
əhali ən azı 100 min artır. Bunu biz
uzunmüddətli proqnoz kimi götürərək daxili tələbatın
həcmini də müəyyən etməliyik. Çünki biz əgər istehsalı, qeyri-neft
istehsalını artırmasaq, gələcəkdə bizim
qeyri-neft ixracımız daha da aşağı düşəcək,
nəinki artacaq. Ona görə də burada
emal sənayesinin stimullaşdırılması məsələləri
gündəlikdədir. Ona görə
İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi
ilə sıx əlaqədə olmalıdır. Çünki bizim əsas qeyri-neft ixracımız kənd
təsərrüfatı mallarıdır. Bu
barədə məlumat verin. Dövlət
İnvestisiya Proqramı artıq təsdiqləndi və bunun əsas
məqsədi iqtisadi artımı təmin etməkdir. Ancaq, eyni zamanda, dövlət hazırda əsas
investor kimi fəaliyyət göstərir. Ancaq
biz istəyirik ki, qeyri-neft sahəsində əsas investor
özəl sektor olsun.
Kiçik və orta biznesin
inkişafı – bu da prioritet məsələdir. Biz
yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə
ümumi daxili məhsulun əsas hissəsini kiçik və
orta sahibkarlıq təmin edir. Azərbaycanda
biz bu istiqamətdə birinci addımları atırıq və
burada kiçik və orta biznesə dəstək yüksək
səviyyədə olmalıdır. Məlumat
verin bu məsələlər barədə.
İqtisadiyyat naziri Mikayıl CABBAROV dedi:
-Möhtərəm cənab Prezident,
neft bumu dövründə milli iqtisadiyyatın
sıçrayışı və təqibedici artım
nümayiş etdirərək Sizin rəhbərliyinizlə
ölkəmizin ortagəlirli dövlətlər
sırasına daxil olmasına imkan vermişdir. Bu
gün postneft mərhələsində Sizin
qarşımızda qoyduğunuz əsas strateji vəzifə
ortamüddətli dövrdə iqtisadi artımın dünya
üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin
etmək, uzunmüddətli dövrdə isə iqtisadi
artım templərinin dünya üzrə artımın
üstələnməsinə nail olmaqdır.
Bu nöqteyi-nəzərdən Siz
artıq qeyd etdiniz, 2019-cu ildə əldə edilən nəticələr
və 2020-ci il üçün olan iqtisadi
inkişaf proqnozları bizim üçün zəruri zəmin
yaradır. Sizin xüsusi toxunduğunuz sərmayələrin
- istər dövlət sərmayələrinin, ilk növbədə,
özəl sərmayələrin cəlb edilməsini biz
başlıca alətimiz kimi görürük. Çünki dünyanın iqtisadi tarixi və Azərbaycanın
yaxın keçmişdəki təcrübəsi göstərir
ki, iqtisadi artımın sürəti və
dayanıqlılığı məhz investisiyalarla
bağlıdır. 2019-cu ildə bizim əsas kapitala
investisiyaların ümumi daxildəki payı 23,2
faiz təşkil edib. Bizim hədəfimiz,
heç olmasa, 25 faizə çatmaq və ondan daha yuxarı səviyyədə
qalmaqdır. Bu prizmadan baxsaq, özəl sərmayələrin
cəlb edilməsi üçün zəruri olan şərtlərin
və şəraitlərin ölkə iqtisadiyyatı daxilində
yaradılmasıdır. Bizim əsas vəzifəmiz
dövlət investisiyalarının iqtisadi səmərəliliyinin
artırılması, eyni zamanda, Sizin
tapşırıqlarınıza uyğun olaraq, dövlət
investisiyalarının resipiyentləri qarşısında səmərəlilik
tələblərinin sərtləşdirilməsi və bu
investisiyaların prioritet sektorların inkişafı ilə
sıx uzlaşdırılmasıdır.
Tapşırığınıza
uyğun olaraq, bu sahədə əldə edilmiş nailiyyətlərə
əsaslanaraq xüsusilə kənd təsərrüfatında
xam məhsulun mövcudluğunu və səviyyəsini nəzərə
alaraq, biz 2020-ci ildə və növbəti illərdə Kənd
Təsərrüfatı Nazirliyi və digər aidiyyəti
qurumlarla birgə əlavə zəncir dəyərinin təmin
edilməsi, yəni, emal sənayesinin dəstəklənməsi,
o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun
bank sektoru və assosiasiyalarla birlikdə çalışaraq
bunu qarşımızda prioritet vəzifə kimi
görürük. Bu, eyni zamanda, bizim qeyri-neft
ixracımızın coğrafiyasının, həmçinin
nomenklaturasının genişləndirilməsinə və
daha dayanıqlı olmasına imkanlar yaradacaq.
Verdiyiniz suala gəldikdə, ilkin təhlillər
onu göstərir ki, emal sənayesinin və ümumilikdə sərmayələrin
cəlb edilməsinin yeni bazarları barədə
danışarkən Azərbaycanda yaradılan siyasi makroiqtisadi
sabitlikdən yararlanaraq həm əhalisi, həm də turist
axını artan ölkə bazarımıza, həmçinin
də digər bazarlara çıxış imkanları
yaratmalıyıq. Bu, istər xarici, istərsə
də yerli özəl sərmayəçilər
üçün böyük əhəmiyyət kəsb edir.
Sizin icazənizlə biz gələcəkdə
həmin yeni bazarlara uyğun olan ticarət sazişləri –
istər sərbəst ticarət sazişləri, istərsə
də xüsusi rejimli ticarət sazişləri ilə
bağlı təklifləri hazırlayırıq.
Qeyri-neft
iqtisadiyyatının və ümumiyyətlə qeyri-neft
ixracının, o cümlədən iqtisadi artımın
sürətləndirilməsinə dair göstərişlərinizə
əsasən kənd təsərrüfatı və aqro
klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulmuş
irihəcmli sərmayələr və əldə olunan
uğurlu nəticələr ətrafında böyük,
kiçik və orta biznes klasterinin yaradılması nəzərdən
keçirilir.
İnanırıq ki, xidmət
turizmi, əyləncə industriyası, nəqliyyat və ticarət
logistikası və digər bu kimi klasterlər istiqamətində
araşdırmalar həyata keçiriləcək. Bu, ixracın
həm əmtəə tərkibinin, həm də
coğrafiyasının şaxələnməsinə geniş
imkanlar açır.
Möhtərəm cənab
Prezident, həmçinin onu da qeyd etmək istəyirəm ki,
sahibkarlığın kompetensiyalarının gücləndirilməsi,
o cümlədən xarici bazarlarda rəqabətədavamlı
məhsuldar fəaliyyət göstərməsi
üçün zəruri addımlar da
planlaşdırırıq. Çünki təcrübə
onu göstərir ki, bir çox hallarda keyfiyyətli mal və
məhsula malik olduğumuz halda da xarici bazarlara
çıxışda bəzən özəl sektorda bilik,
bacarıq çatışmır və dövlət tərəfindən
bununla bağlı zəruri dəstək mexanizmləri
hazırlanıb təklif olunacaq.
Sizin xüsusi
tapşırığınız kiçik və orta
sahibkarlığın inkişafı ilə
bağlıdır. Bunun yolunu biz qeyd etdiyimiz klasterlərin və
dövlət mexanizmlərinin istifadə edilməsi ilə məhz
kiçik və orta sahibkarlığın, xüsusi olaraq
qadın və gənclər sahibkarlığının dəstəklənməsi
alətlərində görürük. Həmçinin
dövlətin Azərbaycanda böyük iqtisadiyyatda rolunu nəzərə
alaraq dövlət satınalmalarında fəal
iştirakın təşviq olunması, bunun üçün
satınalmanın şəffaflığının daha da
artırılmasını qarşımızda əsas məqsəd
və vəzifə kimi görürük.
2020-ci ilin dövlət investisiya
proqramı Sizin tərəfinizdən təsdiq
olunub. Orada bizim əsas
çağırışımız ondan ibarətdir ki,
mövcud və başlanılmış layihələrin həcmi
ilə əlimizdə olan resursların həcmini düzgün
dəyərləndirərək növbəti illər
üçün dövlət sərmayələrinin səmərəliliyini
artıraq. Amma yenə də başlıca
vəzifə kimi nəzərə alsaq, müasir dünya daha
müasir məhsulları ortaya çıxarmağı tələb
edir. Bu da öz növbəsində
texnologiyalar tələb edir. Bu məsələlərin
həllini xarici və yerli investorların, özəl investorların,
bu texnologiyaya sahib olan investorların ölkəmizə cəlb
edilməsində və dövlətin orada daha çox dəstəkləyici
rolunun təmin edilməsində görürük.
Prezident İlham
Əliyev:Dövlət investisiya proqramı ilə
bağlı burada bir neçə məqsəd dayanır. Əlbəttə, ilk növbədə,
başlanmış layihələr başa
çatmalıdır. Çünki əvvəlki
illərdə bir çox yarımçıq layihələr
də qalırdı. Yarımçıq
layihələr icra olunmadan biz yeni layihələrə
başlayırdıq və beləliklə, gücümüz
də səpələnirdi, maliyyə resurslarımız da
imkan vermirdi ki, layihələri lazım olan həcmdə icra
edək. Ona görə, ilk növbədə,
başlanmış layihələr başa
çatmalıdır. İnfrastruktur layihələrinə
gəldikdə, demək olar ki, əsas infrastruktur layihələri
Azərbaycanda icra edilib. Düzdür,
növbəti illərdə bu layihələrin icrasına
ehtiyac var. Çünki bir daha qeyd etmək istəyirəm, əhalinin
artımı bunu diktə edir. O ölkələrdəki
əhali artmır, orada yeni infrastruktur layihələrinə də
ehtiyac qalmır. Amma bizdə əhali artır,
ona görə yeni məktəblər, uşaq
bağçaları, xəstəxanalar, yol infrastrukturu,
kommunikasiyalar - bütün bunlar daim diqqət tələb
edir. Ona görə birinci vəzifə
budur. İkinci vəzifə ondan ibarətdir
ki, investisiya proqramımız infrastruktur layihələrinin
icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək
verməlidir. O cümlədən bu infrastruktur layihələrinin
real sektora olan təsiri də bir növ təhlil edilməli və
mənə məlumat təqdim edilməlidir. Misal
üçün, yeni infrastruktur tutaq ki, bu və ya digər
rayonda iqtisadiyyatın real sektoruna nə dərəcədə
müsbət təsir göstərmişdir.
Dövlət investisiya
proqramının digər xüsusiyyəti ondan ibarətdir ki,
bu, iş yerləri yaradan və mövcud olan iş yerləri
saxlayan bir prosesdir. Keçən il ölkəmizdə
98 min yeni iş yeri yaradılıb. Bu,
böyük bir rəqəmdir. Ancaq yenə də deyirəm,
əhali 100 min artıb və hər il 100
min nəfər artacaq. Nə qədər
çox əhali artsa, növbəti illərdə illik
artım da çoxalacaq. Biz indi bunu əhalisi
sürətlə artan ölkələrin timsalında
görürük. Bu, böyük problemlər
gətirir. Artan əhali böyük
üstünlükdür, təbiidir və eyni zamanda, bizim
iqtisadi siyasətimizin və ölkədə mövcud olan
sabitliyin təzahürüdür. Ancaq,
eyni zamanda, bu, özlüyündə böyük problemlər
də ehtiva edir. Hazırda çox sürətlə
artan ölkələrin problemləri təhlil edilməlidir.
Bu, təkcə İqtisadiyyat Nazirliyinin işi
deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi əmək resursları ilə bağlı, Kənd Təsərrüfatı
Nazirliyi, digər aidiyyəti qurumlar, hesab edirəm ki, Nazirlər
Kabineti bu məsələ ilə bağlı ciddi təhlil
aparmalıdır və biz proqnozu bilməliyik. Bizim
resurslarımızı dəqiq müəyyən etməliyik.
Bizim mövcud ərazimiz, əkin sahələrimiz,
təbii resurslarımız bəllidir. Onların
gələcəkdə dəyişməsi mümkün deyil.
Ona görə bütün bunlar
hesablanmalıdır ki, 20 ildən sonra, 30 ildən sonra
hansı vəziyyətlə üzləşəcəyik.
Yenə də deyirəm,
hazırda əhalisi sürətlə artan ölkələrin
təcrübəsi dəqiq təhlil edilməlidir. Beynəlxalq
maliyyə qurumları ilə birlikdə biz uzunmüddətli
strategiyanı işləməliyik. Mən
yenə də deyirəm, indi bizim vəsaitə
ehtiyacımız yoxdur. Amma biz beynəlxalq
maliyyə qurumları ilə ona görə sıx əməkdaşlıq
edirik ki, onlarda böyük təcrübə var. Onlar
dünyanın bütün yerlərində fəaliyyət
göstərirlər. Bu problem təkcə
bizim problemimiz deyil. Düzdür, bu gün
bu problem mövcud deyil. Əhali
artmalıdır. Amma bir gün bu, problemə
çevriləcək. Ona görə bizim
iqtisadi artımımız artan əhaliyə uyğun
olmalıdır.
İqtisadiyyatın real
sektorunun inkişafında kənd təsərrüfatının
xüsusi rolu var. Artıq mən burada qeyd etdim ki, növbəti
dövrdə kənd təsərrüfatı emalına biz
böyük diqqət göstərməliyik. Çünki
bizim kənd təsərrüfatı istehsalımız
artır. Bizim ənənəvi sahələrimiz
inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı
sahələri fəaliyyətə başlayır. Burada
kənd təsərrüfatının birbaşa sənaye ilə
uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı
böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz
olmalıdır. Onlar hazırda kifayət qədər
deyil. O emal müəssisələri imkan vermir ki, biz
öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə
emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər,
qurudulmuş meyvə - bütün bu sahə gərək çox
ciddi dəstək alsın, həm dövlət tərəfindən,
həm özəl sektor da bu işlərə
qoşulmalıdır. Yəni, özəl
sektor onsuz da bu işləri görür, yəni öz vəsaiti
hesabına bu işləri görməlidir.
Bizdə keçən il
üzüm istehsalı kəskin artıb. Bunun
da başlıca səbəbi bu sahəyə dövlət dəstəyinin
olmasıdır. 25 faiz artıb və 190
min tondan çox üzüm yığılıb. Son illər ərzində bu, ən böyük rəqəmdir
və bilavasitə bunun şərabçılığa
böyük təsiri olacaq və biz bunu görürük.
Şərabçılıq da
ixracyönümlü məhsuldur. Yəni,
bazar olmadan biz şərabı sata bilməyəcəyik.
Ona görə biz bəzi dost ölkələrlə bu istiqamətdə
işlər aparmışıq. Bəzi ölkələrdə
kvotalar var, idxal kvotaları var və biz bu kvotaları əldə
etmişik. Ona görə bu gün Azərbaycan
şərabı bir çox ölkələrdə
satılır və bunun həcmi artmalıdır. Mən hesab edirəm ki, şərabçılıq
üçün bazarlarla bağlı problem olmayacaq. Çünki ənənəvi bazarlar var və yeni,
misal üçün, Çin kimi böyük bazar var. Azərbaycan
şərabları artıq ora ixrac edilir.
Tütün istehsalı bizdə
son illər ərzində artıbdır - dövlət dəstəyi
hesabına qurutma kameraları, subsidiyalar, digər tədbirlər. Keçən il Azərbaycanda böyük siqaret fabriki
açılmışdır. Yəni, biz daxili
tələbatı yerli istehsal hesabına təmin etməliyik,
mövcud olan siqaret fabriki yenidən qurulub. Bu da paradoksdur. Biz tütün
istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən
ki, orada tütün bitmir. Onlar
tütünü bizdən alır, emal edir, siqaret buraxır,
bizə satır. Ona görə buna son
qoyulmalıdır. Bu məsələ də
diqqət mərkəzindədir.
Baramaçılıq bizdə
demək olar ki, tamamilə itirilmişdi, 2015-ci ildə cəmi
200 kiloqram barama yığılmışdı. Ancaq keçən il 630 ton oldu. "Şəki
İpək” fəaliyyət göstərməyə
başladı, orada yüzlərlə insan işləyir.
İpəkçiliklə bağlı
düşünülmüş konsepsiya olmalıdır.
Pambıq istehsalı da keçən il
rekord həddə çatıb - 294 min ton. Məhsuldarlıq
29,4 sentner, yəni, 30 sentnerə
yaxındır. Sovet dövründə cəmi iki, ya
üç il ərzində bu dərəcədə
məhsuldarlıq olmuşdu. Bu da emal sənayesini
dəstəkləyən sahədir. Artıq
iplik fabrikləri var, ancaq iplik fabrikləri məhsulun cəmi
50 faizini emal edir.
Biz iplik fabriklərindən o
tərəfə getmirik. Amma parça istehsal olunmalıdır -
hazır məhsul. Ona görə bu məsələlərlə
bağlı və elektron kənd təsərrüfatı
proqramı artıq nazirlik tərəfindən icra edilir.
Bu məsələ ilə və subsidiyalarla
bağlı məlumat verin.
Kənd Təsərrüfatı
naziri İman KƏRİMOV
dedi:
- Möhtərəm cənab Prezident,
2019-cu il Sizin tərəfinizdən aqrar sahədə
həyata keçirilən islahatlar və
görülmüş tədbirlər nəticəsində kənd
təsərrüfatı məhsullarının əsaslı
artımı ilə səciyyələnir. İslahatlarla
bağlı, ilk növbədə, lizinq fəaliyyəti ilə
bağlı həyata keçirilmiş islahat nəticəsində
bazarda artıq azad və rəqabətli şərait
formalaşıb. Belə ki, texnika və
damazlıq heyvanlara tətbiq edilən güzəştlər
bütün özəl şirkətlərə tətbiq
edilir. Ötən il fermerlərə
satılan 4117 texnikanın təxminən 3 mini özəl
şirkətlər tərəfindən fermerlərimizə
satılmışdır. O cümlədən
tapşırığınıza uyğun olaraq Kənd Təsərrüfatı
Nazirliyi öz fəaliyyətini fermerlərə
yaxınlıq prinsipi əsasında qurmuşdur və
bütün rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzləri
artıq formalaşdırılıb və bu mərkəzlərdə
fermerlərimizə "Bir pəncərə” prinsipinə
uyğun 60-a yaxın xidmət göstərilir.
Kənd təsərrüfatı
məhsullarının istehsalının
subsidiyalaşdırılması tərəfinizdən tamamilə
yeni qaydalar əsasında təsdiqlənmişdir və yeni
subsidiya qaydalarının məqsədi bu sahədə ixrac
potensialımızı möhkəmləndirmək və kənd
təsərrüfatında məşğulluğu daha da
artırmaqdır. Artıq yeni subsidiyalar alternativsiz olaraq
elektron kənd təsərrüfatı sistemi üzərindən
veriləcək və bu günə kimi elektron kənd təsərrüfatı
sistemində 449 min fermer qeydiyyatdan keçmişdir. Fermerlərimiz payızlıq bəyanlarını
etmişlər və hazırda gübrə, pestisid və toxum
təchizatçıları qeydiyyatdan keçməkdədir,
o cümlədən heyvandarlıq sahəsində
subsidiyanın verilməsi üçün heyvanların
qeydiyyatı, eləcə də baytar həkimlərin və
süni mayalanma ekspertlərinin qeydiyyatı həyata
keçirilməkdədir. 2020-ci ildə Sizin
tapşırığınıza əsasən elektron kənd
təsərrüfatının tam tətbiqi başa
çatdırılacaq.
Digər vacib tədbirlərdən
biri kimi Sizin tərəfinizdən "Aqrar sığorta
haqqında” Qanun təsdiqlənmişdir və Aqrar
Sığorta Fondu artıq
formalaşdırılmışdır. Bu il əsas
hədəflərdən biri kənd təsərrüfatı
sahəsində aqrar sığortanın tətbiqidir. Bunun üçün də ən vacib tədbirlərdən
biri olaraq fermerlərimiz arasında geniş maarifləndirmə
tədbirlərinin həyata keçirilməsi nəzərdə
tutulur.
Möhtərəm cənab
Prezident, qarşımıza qoyduğunuz vacib vəzifələrdən
biri kənd təsərrüfatı sahəsində məhsuldarlığın
artırılmasıdır. Belə ki, diqqət yetirsək, bu il
əkin balansının əsas hissəsini təşkil edən
taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal
olunmuşdur ki, bu da ötən ilə nisbətən 6,9 faiz
çoxdur. Buğdanın məhsuldarlığı təxminən
32,4 faiz sentner təşkil etmişdir,
artım ötən ilə nisbətən təqribən 2
sentner çoxdur və yaxud 7,6 faizdir.
Pambıqçılıqda ümumi məhsul artımı 26,4 faiz olmuş, məhsuldarlıq isə 67,6
faiz artmışdır. Həmçinin günəbaxan
istehsalı 43,3 faiz, kartof istehsalı 11,7
faiz, tərəvəz 12,17 faiz, bostan məhsulları 11,4 faiz
və meyvə-tərəvəz istehsalı isə 8,8 faiz
artmışdır. Sizin də qeyd etdiyiniz kimi, əsas
artım sahələrindən birini, həmçinin
üzümçülük təşkil edir.
Heyvandarlıqla bağlı artıma gəlincə, ət diri
çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9
faiz, yun istehsalı 1,6 faiz, barama istehsalı isə 25,3 faiz
artmışdır. Qarşımızda qoyduğunuz əsas vəzifələrdən
biri bu il bu sahədə mövcud
resurslarımızdan istifadə etməklə məhsuldarlığın
daha da artırılması, mütərəqqi texnikaların
və metodların tətbiq edilməsidir.
Möhtərəm cənab
Prezident, 2020-ci ildə qarşımızda duran əsas vəzifələr
fermerlərimizin toxum, gübrə və texnikaya əlçatanlığını
daha da asanlaşdırmaq və bu sahədə müvafiq tədbirlər
görməkdir, həmçinin aqrar sığortanın tətbiqi
ilə bağlı müəyyən təşkilati tədbirlərin
icrasıdır. Həmçinin fermerlərimizin bu gün
ən çox üzləşdikləri məsələlərdən
biri də onların kiçikhəcmli kreditlərə
çıxışını daha da
asanlaşdırmaqdır. Bununla yanaşı, bu il Kənd Təsərrüfatı Nazirliyinin
digər qurumlarla birgə çalışacağı əsas
sahələr intensiv heyvandarlığın inkişafı, o
cümlədən tütünçülüyün və
pambıqçılığın məhsuldarlığının
daha da artırılması və bizim əsas ixrac məhsullarımızı
təşkil edən və gələcəkdə emal sənayesi
ilə sıx bağlı olan meyvəçiliyin və tərəvəzçiliyin
inkişafıdır. Burada intensiv meyvə
bağlarının geniş yayılması əsas prioritet
istiqamətlərimizdən biri olacaq. Qeyd
etmək istəyirəm ki, subsidiya sahəsində həyata
keçirilmiş tədbirlər gübrə bazarında da
liberallaşma ilə nəticələnəcək və
fermerlərimizin gübrəyə çıxışı
daha da asanlaşacaq.
Aqrar sahədə fermerlərimizin
maarifləndirilməsi, xüsusilə də mütərəqqi
metodların, innovasiyaların tətbiqi sahəsində maarifləndirilməsi
vacib istiqamətlərdən biridir. Ona görə də
bu sahə fəaliyyətimizin əsas istiqamətlərini təşkil
edəcəkdir. Sizin vurğuladığınız
elektron kənd təsərrüfatının tətbiqi 2020-ci
ilin sonuna qədər tam formalaşacaq. Bütün
sahələrin elektron kənd təsərrüfatı vasitəsilə
tənzimlənməsi nəzərdə tutulub.
Aqrar emal sənayesinin inkişafı
ilə bağlı Sizin tapşırığınıza əsasən
hazırda İqtisadiyyat Nazirliyi ilə birgə iş
aparılır və tezliklə təkliflər paketi Sizin diqqətinizə
təqdim olunacaq. Çox sağ olun.
Prezident İlham
Əliyev:
Keçən il, qeyd etdiyim kimi, vergi və
gömrük orqanları plandan əlavə 1 milyard manat vəsait
əldə etdilər. Bu, çox gözəl
göstəricidir. İndi Dövlət
Gömrük Komitəsinin sədri görülmüş
işlər barədə məlumat versin. Bu il hansı işlər nəzərdə
tutulur?
Dövlət Gömrük Komitəsinin
sədri Səfər MEHDİYEV
dedi:
-Möhtərəm cənab Prezident,
məruzə etmək istərdim ki, 2019-cu il
komitə üzrə makrogöstəricilər
baxımından uğurlu bir il olmuşdur. Belə
ki, 2018-ci ilin ilkin proqnoz göstəriciləri ilə
müqayisədə 2019-cu ildə gömrük ödənişlərindən
faktiki olaraq 1 milyard 970 milyon əlavə vəsait toplanaraq
dövlət büdcəsinə
köçürülmüşdür. Cənab
Prezident, Sizin bütün sahələrdə
apardığınız uğurlu islahatların nəticəsi
olaraq gömrük sistemində də son iki ildə aparılan
islahatlar sayəsində əvvəlki illərlə müqayisədə
keçən il bir milyard, bu il 2 milyarda
yaxın vəsaitin dövlət büdcəsinə
köçürülməsi təmin edilmişdir. Bu da iki dəfədən çoxdur.
Cənab Prezident, 2019-cu ilin büdcə
proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulmuşdu.
Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil
etmiş, dövlət büdcəsinə 706,6 milyon manat əlavə
vəsait köçürülmüş və icraya 119,1
faiz əməl olunmuşdur. 2019-cu il ərzində
vergitutma bazası əvvəlki illərlə müqayisədə
eyni səviyyədə qalmışdır. Belə
ki, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı
verilib, ümumiyyətlə, güzəştlər tətbiq
olunur. Azərbaycan Respublikasına idxal
olunan mallara tətbiq edilən gömrük rüsumları
üzrə azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq
edilən əlavə dəyər vergisinin azadolmanın həcmi
isə 35 faiz təşkil edib. Ümumilikdə
bu kontekstdə gördüyümüz işlər nəticəsində
kölgə iqtisadiyyatı ilə bağlı mübarizə
və risklərin idarə edilməsi mərkəzi tərəfindən
məlumatların əvvəlcədən sistemə
ötürülməsi ilə şəffaflıq təmin
olunmuş, xüsusilə də digər ölkələrdən,
ixracatçı ölkələrdən məlumatların
sistemə daxil olması ilə sahibkarların qiymət azaltma
tendensiyası 2019-cu ildə azalmışdır. Bu sahədə
aparılan ciddi nəzarət funksiyalarına baxmayaraq, yenə
də 900 milyon dollara yaxın malların dəyərini
aşağı salmağa cəhdlər edilmişdir, bunun
qarşısı alınmış və 300 milyondan artıq əlavə
vəsaitin dövlət büdcəsinə
köçürülməsi təmin edilmişdir.
Cənab Prezident, ticarətçilərin,
xarici ticarət iştirakçılarının ən
böyük uğurlarından biri 2019-cu ildə
"Yaşıl dəhliz”in tətbiqi ilə bağlı vermiş
olduğunuz Fərmandır. Bu Fərmanın
icrasına fevralın 1-dən başlanılmışdır
və 530-a yaxın xarici iqtisadi fəaliyyət
iştirakçısına həm idxalda, həm ixracda bu
status tanınmış və qısa müddətdə illik
8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata
keçirilmişdir. Bu layihə
özlüyündə dünyada ilk olmaqla yanaşı, ən
modern layihələrdən biri kimi qəbul olunur. Eyni zamanda, iki istiqamətdə sahibkarlar bundan məmnunluğunu
bildirir. Birinci istiqamət sahibkarların on
milyonlarla əlavə vəsaitin gəlir olaraq kassalarında
qalmasına yönəlmişdir. Bu layihənin
tətbiqi ilə sahibkarlar logistika və anbar xərclərindən
azad olunur. Eyni zamanda, ikinci məsələ
şəffaflığın tam təmin olunmasıdır.
Qanuni ticarətlə məşğul olan
sahibkarlar gömrük orqanlarına gəlmədən və
heç bir gömrük məmuru ilə təmasa girmədən
bütün əməliyyatlarını elektron şəkildə
idarə edir və rəsmiləşdirməni başa
çatdırırlar.
Cənab Prezident, elektron xidmətlərlə
bağlı qeyd etmək istəyirəm ki,
sahibkarlarımıza 4 milyondan artıq elektron xidmət
göstərilmişdir və bunun sayına və həcminə
görə komitənin xidmətləri ilk yerlərdə
dayanır. Ümumiyyətlə,
qaçaqmalçılıqla mübarizə sahəsində
aparılan işlər 2019-cu ildə də böyük nəticələrin
əldə edilməsinə səbəb olmuşdur. Qaçaqmalçılıqla bağlı
gömrük hüquqpozmalarına qarşı mübarizə
genişləndirilmiş və 13 min 443 hüquqpozma faktı
aşkar edilmişdir. Onlardan 866-sı cinayət
xarakterli faktlar olmuşdur ki, bunun da əksəriyyətini
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olanlar təşkil etmişdir. Xüsusilə
də tərəfimizdən 2 tondan çox narkotik vasitə
aşkarlanaraq dövriyyədən
çıxarılmışdır. 2019-cu
ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən
tutulan malların ümumi dəyəri 300 milyon dollardan
artıq olmuşdur.
Cənab Prezident, Sizin yol infrastrukturu
ilə bağlı tapşırıqlarınıza uyğun
olaraq yollarımızın yenidən tamamilə qurulması
tranzit potensialımızın artmasını labüd edirdi və
bu tendensiya ilə artıq son iki ildə tranzit
potensialımız əvvəlki illərlə müqayisədə
2 dəfədən çox artıb. Sərhəd-keçid məntəqələrində
sıxlığın aradan qaldırılması məqsədilə
Sizin müvafiq
tapşırıqlarınıza uyğun olaraq məntəqələr
yeni avadanlıqla təchiz edilib. Həm
tırların, həm də minik avtomobillərinin rahat
keçidini təmin etmək məqsədilə yeni rentgen
qurğuları quraşdırılır və bu işlər
cari ildə də davam etdiriləcək.
Eyni zamanda, məlumat
üçün bildirmək istəyirəm ki, 2018-ci illə
müqayisədə 2019-cu ildə 2 milyon daha çox vətəndaş
giriş və çıxış həyata
keçirmişdir. Bunu Siz qeyd elədiyiniz kimi, 3 milyon 170 mini
xarici turistlər təşkil edib. Qalanları
isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələn
Azərbaycan vətəndaşlarıdır. Bu axının qarşılanması, onlara xüsusi
xidmət göstərilməsi, həm insanların, həm də
yüngül nəqliyyat vasitələrinin yoxlanması
üçün rentgen qurğuları alınıb. Sərhəddə sıxlığın aradan
qaldırılması ilə bağlı artıq biz hökumətdə
də müzakirələr aparmışıq. Sizin tapşırıqlarınıza uyğun olaraq gələcəkdə
həm ixracı və idxalı, həm də tranzit
potensialımızı qarşılamaq məqsədilə istər
qərb, istərsə də şimal istiqamətində yeni
keçid məntəqələrinin tikilməsi işinə
başlanılıb və bu işlər cari ildə də
davam etdiriləcək.
Prezident İlham
Əliyev:Əminəm ki, bu il də gömrük
sahəsində aparılan islahatlar davam etdiriləcək və
bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə
vəsait toplayaq və büdcəmizə daxil edək. Gömrük-keçid məntəqələri ilə
bağlı verdiyim tapşırıqlar icra edilir. Çalışın ki, bizim bütün
keçidlərimiz ən yüksək səviyyədə təmir
edilsin. Çünki biz vaxtilə
bütün keçid məntəqələrini yenidən
qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt
keçib. Ona görə orada yeni
avadanlığın quraşdırılması, vətəndaşlar,
maşınlar üçün daha rahat keçidin təmin
edilməsi məsələlərinə də mütləq
baxmaq lazımdır. Sərhəd Xidməti
ilə birlikdə bu sahədə də maarifləndirmə
işləri aparılmalıdır, həm vətəndaşlar
arasında, həm də sizin işçiləriniz
arasında. Çünki hələ də
bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar
şikayət edirlər, həm yerli vətəndaşlar, həm
xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik
göstərilir. Bu hallara yol vermək
olmaz. Hər bir gömrük-keçid məntəqəsi,
hər bir hava limanı ölkəmizin giriş
qapısıdır və hər gələn qonaq ilkin təəssüratı
oradan əldə edir. Azərbaycan vətəndaşları
da çox rahat keçməlidirlər və xarici qonaqlar da.
Bizim sərhədlərimiz cinayətkarlar
üçün, qaçaqmalçılar üçün
bağlı olmalıdır, ancaq dostlarımız
üçün açıq olmalıdır. Ona görə burada bu tarazlığı təmin
etmək üçün daha da fəal işləmək
lazımdır.
***
Dövlətimizin
başçısı müşavirədə yekun nitqi
söylədi.
Azərbaycan.-
2020.- 14 yanvar.- S.1-4.