Azərbaycan
daha güclü dövlətə çevriləcək
Prezident İlham
Əliyevin yekun nitqi
-Bir sözlə, artıq bu gün aparılan müzakirələr həm keçən il görülmüş işlərə yekun vurur, eyni zamanda, bu il görüləcək işlərlə bağlı açıq-aydın mənzərə formalaşır. Əminəm ki, bu il də uğurlu olacaqdır.
Bir məsələyə də münasibət bildirmək istərdim. Son vaxtlar siz də bunu görürsünüz, Ermənistanın baş naziri öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edir. Onun gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Bəri başdan bildirirəm və bunu heç sübut etməyə ehtiyac yoxdur ki, belə bir fərziyyənin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır. Bunu təsdiqləmək üçün, sadəcə olaraq, bir neçə hadisəni və bir neçə rəqəmi səsləndirmək istərdim.
Bildiyiniz kimi, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi. Bu hadisə ilə bağlı mən əvvəlki dövrlərdə kifayət qədər geniş məlumat vermişdim. Amma bir məsələ həmişə diqqətdən kənarda qalır, bir çoxları bunu bilmir. Həqiqət isə ondan ibarətdir ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi.
2016-cı ildə Ermənistan dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törədib və bu təxribat nəticəsində bir neçə dinc vətəndaş həlak olub. Onların arasında uşaqlar da olub. Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, bizim hərbi qələbəmiz idi. Növbəti hərbi qələbə 2018-ci ildə təmin edilmişdir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi.
Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə "Global Firepower 2019” hesabatıdır.
İndi əsas makroiqtisadi
göstəricilərə diqqət yetirirəm. Beləliklə,
2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar
ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi
13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə
Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan
33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən
ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda
4500 dollardır. Alıcılıq qabiliyyətinə görə
adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda
18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda
51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi
Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4
milyard dollardır, fərq 4,5 dəfədir. İxrac - Azərbaycan
19,6 milyard, Ermənistan 2,4 milyard, fərq
8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard
dollar, Ermənistanda mənfi saldo 2,6 milyard
dollardır. Sərmayə qoyuluşu - keçən il Azərbaycana
13,5 milyard dollar qoyulubdur, Ermənistana 900
milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu - Azərbaycanın
xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın
6 milyard dollardır. Azərbaycanda xarici dövlət
borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda
40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda
xarici dövlət borcundan 6,4 dəfə
çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta
ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına
düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda
1900 dollardır.
Əməkhaqları və
pensiyalara dair məlumatı təqdim edirəm. Beləliklə,
2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı
723 manat - bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar.
Alıcılıq qabiliyyətinə görə
orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci,
Ermənistan doqquzuncu yerdədir. Minimum
pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55
dollardır. Minimum pensiyaya görə Azərbaycan
MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə
görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni
axırıncı yerdədir. Orta pensiya Azərbaycanda
262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan
dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə
görə Azərbaycan MDB-də ikinci, Ermənistan
axırıncı – onuncu yerdədir. Yoxsulluq səviyyəsi
Azərbaycanda 4,8 faiz, Ermənistanda 24
faizdir, fərq beş dəfədir. Şəhid
ailələrinə və müharibə əlillərinə
2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda
sıfır. Bütövlükdə Azərbaycanda
bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda,
bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə
keçən il bu kateqoriyadan olan insanlara
600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə
bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda
sıfır.
Keçirik Davos
Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik
hesabatına.
Beləliklə, 2019-cu ildəki bəzi rəqəmləri
təqdim etmək istərdim. İqtidarın
uzunmüddətli strategiyasına görə Azərbaycan
dünyada onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi - Azərbaycan
11-ci, Ermənistan 58-ci yerdədir. Məhkəmə
azadlığı - Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir.
Polis orqanlarına etimad - Azərbaycan 30-cu, Ermənistan
44-cü yerdədir. Yolların keyfiyyəti
- Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyi
- Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir.
Hava yolları xidmətlərinin səmərəliliyi
- Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir. İnternet istifadəçilərinin sayına, yəni
əhali üzrə payına görə faizlə Azərbaycan
43-cü, Ermənistan 77-ci yerdədir. Əhali
arasında rəqəmsal biliklər üzrə Azərbaycan
19-cu, Ermənistan 50-ci yerdədir. Ümumi
daxili məhsul, alıcılıq qabiliyyəti pariteti üzrə
Azərbaycan 69-cu, Ermənistan 120-ci yerdədir.
İndi keçirik idman sahəsinə. Azərbaycan
2019-cu ildə dünya və Avropa çempionatlarında 775
medal qazanıb, onlardan 271-i qızıl medaldır. Ermənistan cəmi 222 medal qazanıb, onlardan 61-i
qızıldır. 2019-cu ildə II Avropa
Oyunlarında Azərbaycan 28 medal qazanıb, Ermənistan 11
medal. 2019-cu ildə keçirilmiş
güləş üzrə Avropa çempionatında Azərbaycan
13 medal qazanıb, o cümlədən 4 qızıl, Ermənistan
3 medal qazanıb, bir qızıl.
Keçirik intellektual idman
növü olan şahmatda əldə edilən nəticələrə. 2019-cu ildə Avropa
çempionatında səkkiz yaşlı
şahmatçılar arasında Dinarə Hüseynova
qızıl medal qazanaraq Avropa çempionu olmuşdur, Səadət
Bəşirli və Yusif Kərimli bürünc medal
qazanmışlar. On dörd yaşlı şahmatçılar
arasında Ayan Allahverdiyeva Avropa çempionu olmuşdur. Qadınlardan ibarət milli komandamız Avropa
çempionatında Ermənistana qalib gələrək
bürünc medal qazanmışdır. Gənclərin
dünya çempionatında on dörd yaşlılar
arasında Aydın Süleymanlı dünya çempionu
olmuşdur. Teymur Rəcəbov isə
dünya kubokunun sahibi olmuşdur. 2016-cı il Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal
qazanıb, Ermənistan cəmi 4 medal. Medalların
sayına görə Azərbaycan 14-cü yeri tutubdur.
Digər önəmli bir məsələ
ondan ibarətdir ki, Azərbaycan faşizmin qəhrəmanlaşdırılmasına
qarşı ardıcıl mübarizə aparır, Ermənistan
isə faşistləri qəhrəmanlaşdırır. Faşist cəlladı
olan Njdeyə İrəvanın mərkəzində 6 metrlik
abidə ucaldılıb. Bu qanlı cinayətkar SMERŞ
tərəfindən həbs edilib, 25 il məhkum
edilib, həbsxanada ölüb və reabilitasiya olunmayıb. Belə bir adamın şərəfinə İrəvanda
abidə qoyulur və Ermənistanın baş naziri bu cəlladı
Soljenitsın və Molotovla eyniləşdirir. Njdenin məşhur
kəlamı var: Almaniya uğrunda ölən Ermənistan
uğrunda ölür və o, bunu İkinci Dünya müharibəsi
zamanı demişdi. Bu, artıq onun mənfur
xislətini əks etdirən ifadədir. Ona
görə bu sahədə də Azərbaycan həqiqətin
tərəfindədir, Ermənistan isə şər qüvvələrin
tərəfindədir.
Nüfuzlu "News & World
Report” mətbu orqanı tərəfindən aparılmış
təhlilə əsasən dünyanın ən güclü
ölkələrinin siyahısı müəyyən
edilmişdir.
Siyahıda cəmi 80 ölkənin adı var və
Azərbaycan bu siyahıda güclü ölkələr
arasında 45-ci yerdədir. Ermənistanın
isə ümumiyyətlə, adı belə yoxdur. İqtisadi inkişafın templərinə görə
isə bizim yerimiz dünya miqyasında 35-cidir.
Azərbaycan dünya əhəmiyyətli
nəhəng layihələr icra edir. Onların arasında
Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri,
Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. Cənub
Qaz Dəhlizi bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib
və bu yol vasitəsilə yükdaşımaların həcmi
ildən-ilə artır. Bakı-Tbilisi-Qars
Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir.
Biz bu layihəni qonşu ölkələrlə
- Türkiyə və Gürcüstan ilə uğurla icra
etdik. Digər qonşularımızla -
Rusiya və İran ilə Şimal-Cənub nəqliyyat dəhlizi
üzrə işlər uğurla gedir və demək olar ki, bu
dəhliz fəaliyyət göstərir. Sadəcə
olaraq, bu dəhlizi daha da səmərəli etmək
üçün növbəti addımlar atılır. Bu nəhəng enerji və nəqliyyat layihələri
Ermənistandan yan keçib. Bu, bizim
qonşularımızdır, eyni zamanda, Rusiya istisna olmaqla, Ermənistanın
da qonşularıdır. Yəni, biz
qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında
münasibətləri qurmuşuq və məhz buna görə
bu layihələrə nail olmuşuq. Ermənistan
isə əsrlərboyu qonşulara xor gözlə baxır,
qonşulardan nəsə qoparmaq istəyir, onların
torpağına iddia edir, tarixi saxtalaşdırır, tarixi
abidələri saxtalaşdırır və
özününküləşdirməyə cəhd edir.
Fərq bundan ibarətdir.
Ermənistanı bu enerji və
nəqliyyat layihələrindən biz təcrid etmişik və
bunu heç vaxt gizlətməmişik. Mən hələ bir
neçə il bundan əvvəl
demişdim ki, biz Ermənistanı regionda bizim
iştirakımızla reallaşdırılan bütün
önəmli layihələrdən təcrid edəcəyik və
biz buna nail olduq, həmişə olduğu kimi
sözümüzə sadiq qaldıq. Ermənistan
bu gün bizim səylərimiz nəticəsində siyasi,
iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır.
Torpaqlarımızdan çıxmayana qədər
bu vəziyyət belə də qalacaq. Beləliklə,
Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat
əsasında Ermənistanı Azərbaycanla müqayisə
etmək istəsə, yaxşı fikirləşsin.
Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə
üçüncü liqadadır və getdikcə bu fərq
daha da böyüyəcək.
Bilirsiniz, əvvəllər mən
Azərbaycanı heç bir ölkə ilə heç vaxt
müqayisə etməmişəm. Biz işimizi kimisə
qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti
naminə görürük, sadəcə olaraq, Ermənistanın
növbəti yalanlarını ifşa etmək
üçün məcbur olub, bu müqayisəli təhlili
sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər
həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər
növbəti əfsanədir, növbəti yalandır.
İndi 2020-ci il
başlayıb, uğurla başlayıb. Deyə bilərəm
ki, bir neçə gün bundan əvvəl Bakıda iki
böyük investorla iki layihə imzalanıb, İcra
Müqaviləsi imzalanıb. Bu, bərpa olunan enerji növlərinin
yaradılması istiqamətində çox önəmli
addımdır. İki böyük elektrik stansiyası tikiləcək
- biri külək, biri Günəş. Bu hadisənin önəmi
ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Yəni, bu, bizə
göstərilən inamdır, Azərbaycanın uzunmüddətli
inkişafına göstərilən dəstəkdir. İki
stansiyanın istehsal gücü 440 meqavat olacaqdır. Bu,
çox böyük stansiyalardır, regionda ən
böyük Günəş və külək elektrik stansiyalarıdır.
Biz özümüz də bərpa olunan enerji növlərini
yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84
meqavatlıq stansiyanın layihələndirmə işləri
tamamlanır, bunu da biz edəcəyik. Bizim enerji
balansımızda bərpa olunan enerjinin payı hazırda təqribən
17-18 faizdir. Bizim uzunmüddətli strategiyamıza görə,
biz bunu ən azı 30 faizə çatdırmalıyıq.
Onu da bildirməliyəm ki, müsabiqədə 9 şirkət
iştirak etmişdir. Yəni, özü də 9 ən
böyük şirkət Azərbaycana bərpa olunan enerjini
istehsal etmək üçün vəsait qoymağa
hazırdır. Sadəcə olaraq, iki şirkət
seçildi, hansıların ki, şərtləri daha
yaxşı idi. Ancaq o demək deyil ki, qalan şirkətlər
kənarda qaldılar, biz onları da dəvət edirik. Qoy,
onlar öz təkliflərinə bir daha baxsınlar, şərtləri
bizim üçün, ölkəmiz üçün daha məqbul
etsinlər və buyursunlar, onlar üçün Azərbaycanda
kifayət qədər yer var. Allaha şükür, Azərbaycan
həm Günəşlə, həm küləklə zəngin
ölkədir, müasir enerji infrastrukturu var. Yenə də
Davosun hesabatında enerjinin əlçatanlığına
görə Azərbaycan dünyada ikinci yerdədir. İxracımız da var,
keçən il 60 milyon dollardan çox ixrac etmişik. Ona görə əminəm ki, bərpa olunan enerji
növlərinin yaradılması bizim üçün
növbəti prioritet sahə olacaq. Nazirlər
Kabinetinə tapşırıram ki, müsabiqədə
iştirak etmiş şirkətlərin təkliflərinə
baxılsın, onlar dəvət olunsun, onlarla fərdi qaydada
danışıqlar aparılsın və onlar da oxşar layihəni
Azərbaycanda icra etsin.
Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək.
2020-ci ildə Azərbaycan daha güclü
dövlətə çevriləcək. Sağ
olun.
Azərbaycan.-
2020.- 14 yanvar.- S.5.