İlham Əliyev elə Azərbaycan deməkdir!
2019-cu ilin 2020-ci illə qovuşub zamanın aramsız axınındakı yerini ona ötürməsinə sayılı dəqiqələr qalmışdı...
Bəlkə siz də duymusunuz bunu, Yeni il ərəfəsində adamın qəlbini qəribə bir həyəcan bürüyür, insan özünə də, ölkəsinə də, ümumən yaşadığımız dünyaya da xoş arzular diləyir və bu arzuların həyata keçəcəyinə sidq-ürəkdən inanır. Nəsə xoş şeylərin baş verəcəyini gözləyir. Yeni il günlərini ən çox bu həyəcanına görə sevirəm...
Beləcə xoş bayram
ovqatı içində 2020-ci ilin gəlişini gözləyirdik.
Saatın əqrəblərinin 12 rəqəminin
üzərində dayanmasına bir neçə dəqiqə
qalmış illərin ənənəsinə uyğun olaraq
kanalı Azərbaycan Televiziyasına çevirdim,
hamımız ekran qarşısına
yığışdıq və televiziya önündə
baba-nənələrdən körpə nəvələrə
qədər üç nəsli özündə birləşdirən
maraqlı ailə portreti yarandı.
"Əziz həmvətənlər.
2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib...”
Prezident İlham Əliyevin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza təbriki artıq başlamışdı və dövlət rəhbərinin təbrik çıxışını dinləyirdik.
Bir anlıq düşündüm ki, indi dünyanın müxtəlif səmtlərində kanalı Azərbaycan televiziyasına çevirib ekran qarşısına toplaşaraq dövlət rəhbərinin çıxışına diqqət kəsilən nə qədər Azərbaycanlı ailəsi var. Bu ailələr hamısı bir yerdə Böyük Ailəmizin - Azərbaycan ailəsinin möhtəşəm rəsmini cızır, milli həmrəyliyimizin portretini yaradır.
"...Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır”.
Cənab İlham Əliyev özünəməxsus təmkin və qətiyyətlə çıxış edirdi. Azərbaycan Prezidentinin çıxışının bir kəlməsini də ötürməməyə, dinlədikcə özüm üçün təhlil etməyə çalışırdım.
Bu çıxışda keçmişin dəyərləndirilməsi də vardı, ötən müddət ərzində Azərbaycan adına görülmüş işlər haqqında dünyadakı bütün soydaşlarımız və ümumən tarix qarşısında verilən hesabat da, gələcəyə ümid və inam da...
Amma şəxsən mənim üçün bu çıxışın dəyəri bir başqa idi...
Azərbaycan Prezidentinin təbrik nitqini böyük bir tarixi salnamə kimi dinləyirdim...
***
Dövlət rəhbərlərinin, hökumət başçılarının, ümumən xalqın səlahiyyət verdiyi idarəçi şəxslərin öz üzərlərinə düşən vəzifələri yerinə yetirərək bu barədə vətəndaşları məlumatlandırması, əslində bütün dünyada əsrlərin formalaşdırdığı təcrübədir. Eləcə də dünyanın ən müxtəlif ölkələrində dövlət rəhbərləri Yeni il ərəfəsində xalqa təbrik sözlərini çatdırır, görülmüş və görüləcək işlər haqqında məlumat verirlər. Burada qeyri-adi heç nə yoxdur, bir çox cəmiyyətlər üçün, bəlkə də bu, sıradan bir təqvim hadisəsidir.
Amma xalqların, dövlətlərin tarixində elə dönəmlər olur ki, onların hər ilinə, hətta ayına, həftəsinə, gününə belə adi bir təqvim faktı kimi yanaşa bilmirsən. Çünki xalqın, dövlətin keçmişi, bu günü və gələcəyi, tarixi taleyi üçün bu dönəmə aid ən kiçik zaman parçası da həlledici əhəmiyyət daşıyır.
Məhz o dönəmdə görülən işlər, verilən qərarlar, atılan addımlar keçmiş haqqında düşüncələri müəyyən edir. Keçmişin doğrularından xalq bu gününün və gələcəyinin bütün məqamlarında barınır, o, doğruların möhkəm təməlləri üzərində yeni inkişaf ucalıqları yüksəldir.
Xalq o doğrulardan başlanır... Əslində dövlət də o doğrulardan başlanır...
Vətənin nailiyyətləri
məhz o taleyüklü məqamlarda itirilməmiş
vaxtlardan, fövtə verilməmiş fürsətlərdən
rişələnib zamanın hüdudlarından boy göstərir...
Yanlışlarla, tərəddüdlərlə, səhv qərarlarla dolu keçmiş isə xalqın bu günü və gələcəyinə acı peşmanlıqlardan başqa heç nə buraxmır. Zamansa axıb gedir. Əfsus ki, onu geri çevirib, yanlışları aradan qaldırmaq, bir də heç zaman mümkün olmur. Necə ki, biz müstəqilliyimizin ilk illərində ölkənin idarəçilik sükanını təsadüfən ələ keçirib Azərbaycanı məhvə doğru aparan savadsız, səriştəsiz, üstəlik məsuliyyətsiz və vicdansız qaragüruhçuların yol verdikləri tarixi yanlışları aradan qaldırmaq, bais olduqları itkiləri geri qaytarmaq, insanlara çəkdirdikləri acıları ovutmaq gücündə deyilik.
Bircə təsəllimiz var ki, tarix bu acı səhifəsini tez qapayır, bu səhifədə Azərbaycan xalqı üçün son ümidlər də öləziməmiş qapanır və 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin insanlarımızın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra müstəqillik tariximizin tam fərqli, bütün nəsillərin hər anı ilə qürur duya biləcəkləri inkişaf dolu yepyeni bir səhifəsi başlanır...
1993-cü ildən Azərbaycan yeni bir başlanğıca daxil olur...
Elə Prezident İlham Əliyevin 2019-cu ilin son günündə bütün dünya Azərbaycanlılarına ünvanlanmış təbrik sözünə qulaq asınca da bir anlıq mənə elə gəlirdi ki, təkcə ötən bir ilin deyil, 1993-cü ildən üzübəri yaşanmış bütün illərin, müstəqillik tariximizin 26 illik möhtəşəm bir dönəminin, bu illərlə yaşıd olan misilsiz uğurlarımızın hesabatını dinləyirəm...
Amma bu, təkcə keçmişə
aid hesabat deyildi ki...
Azərbaycan Prezidenti təbrik nitqində
sanki ölkənin 30 il sonrakı gələcəyinin
də hesabatını verirdi. Keçmişin və bu
günün uğurlarına, irəliyə doğru
addımladığımız düzgün yolun əminliyinə,
qarşıya qoyulmuş strateji hədəflərin
aydınlığına əsaslanaraq, insanların nəzərində
ən azı 2050-ci ilin Azərbaycan mənzərəsini
canlandırmağa çalışırdı...
Və cənab İlham
Əliyevin hər kəlməsində o mənzərəni
görə bilmək çox möhtəşəm duyğu
idi.
***
"Molodaya Qvardiya” nəşriyyatında
"Görkəmli adamların həyatı” seriyasından rus
yazıçısı Viktor Andriyanovla birgə həmmüəllifliyimlə
nəşr olunan və indiyədək 40-dan artıq xarici
ölkədə, dildə çap edilən "Heydər
Əliyev” kitabında bir məqamı dəfələrlə
vurğulamışam: Ümummilli Lider bütün dövrlərdə
20-30 il sonranın Azərbaycanını görə bilirdi.
Eyni bəsirəti indi cənab
İlham Əliyevdə də müşahidə edəndə
buna əsla təəccüblənmirəm. Liderlik qabiliyyətləri
haqqında azdan-çoxdan oxuduqlarım, eşitdiklərim
öyrədir ki, əsl lider üçün ən
mühüm keyfiyyət, məhz elə onun vizyonudur. Yəni rəhbərlik etdiyi xırda bir təşkilatdan
tutmuş, böyük topluma, ölkəyə, xalqa qədər
onların gələcəyini təfəkküründə
şəkilləndirməyi bacarmasıdır.
Belə bir liderə sahiblik
böyük bir şansdır əslində... Çünki əgər
düşüncələrində hər hansısa bir gələcəyin
mənzərəsini cızmağı bacarırsansa, real həyatda
ona yetişmək, artıq təfərrüatdır, gec-tez o
mənzərə gerçəkliyə çevriləcək...
Ulu Öndər Heydər Əliyevin,
Prezident İlham Əliyevin Vətənə
qazandırdığı tarixi nailiyyətlərin təməlində
də elə gələcəyi irəlicədən duya bilmək
qabiliyyəti durur...
***
...Azərbaycan Prezidenti
öz təbrik nitqini artıq tamamlamış, saatın əqrəbləri
12 rəqəminin üzərində bərabərləşmiş
və möhtəşəm atəşfəşanlıq
başlanmışdı. Bakı səmasında
ulduz kəhkəşanına çevrilən rəngarəng
fişənglərin gözəlliyini seyr etməkdən
ötrü biz də eyvana çıxmışdıq.
Bayram atəşfəşanlığının,
şəhərin hər yerindən eşidilən
partlayışların səs-küyü bütün
paytaxtı bürümüşdü, Xəzərdən
atılan top atəşləri bu qarışıq sədalar
içində xüsusi seçilirdi.
Televiziya da artıq Bakı
bulvarından canlı reportaja başlamışdı. Uşaqlı,
böyüklü yüz minlərlə insan bayram atəşfəşanlığını
yerindəcə seyr etmək, bu təkrarsız mənzərəyə
şəxsən şahid olmaq üçün Xəzərin
sahilinə toplaşmışdı.
Aşağıdan səmanı
seyr edən insanlar fişənglərin göydə
yaratdığı rəngarəng ulduz kəhkəşanını
tez-tez alqışlayırdılar, ani gözəlliyin
yaratdığı çılğın sevinc hissini bu şəkildə
ifadə edirdilər.
Şəhərin üzərini
tüstü dumanı bürümüşdü, havadan
barıt qoxusu duyulurdu...
Bu mənzərəni seyr etdikcə
bir anlıq dünyanın yaxın-uzaq ölkələrində
tez-tez eşidilən atəş səslərini, havadan gələn
barıt qoxusunu, ölkələrin üzərinə
çökmüş qara buludları, insanların ah-naləsini
də xatırladım...
Və bir cəmiyyət
üçün ən böyük xoşbəxtliyin əslində
nədən ibarət olduğunu az qala
iliklərimə qədər duydum...
Onda hələ ABŞ-la İran
arasında son qarşıdurma başlanmamışdı,
İran generalı İraqda raket atəşi ilə
öldürülməmişdi, İran qisas almaq
üçün ABŞ-ın İraqdakı bazalarını
vurmamışdı, Ukraynaya məxsus təyyarə İran səmasında
səhvən vurulub parça-parça yerə tökülməmişdi,
dünyanın müxtəlif səmtlərindən yüzlərlə
günahsız sərnişin bu hadisədə həyatını
itirməmişdi, bir sözlə, aləm bir-birinə
qarışmamışdı...
2020-ci ilin hələ ilk dəqiqələri
idi, amma bilirdik ki, yaxın-uzaq ölkələrdə yenə
silah səsləri eşidilir, yenə insanlar qorxu altında
yaşayır, ani bir silah atəşindən ölüm təhlükəsi
milyonlarla insanı təhdid edir, havadakı barıt iyi əslində
nə qədər insanın həyatını
bürümüş faciələrin qoxusunu gətirir...
Həmin dəqiqələrdə
Bakı səmasında izlədiklərimsə zahiri əlamətləri
- səsləri, rəngləri, qoxusu çox bənzəyən
bu mənzərənin mahiyyətcə tamam əks üzü
idi...
O dəqiqələrdə Azərbaycan
paytaxtını da atəş səsləri
bürümüşdü. Amma bu atəş səsləri
insanlara ölüm, faciə, göz yaşları deyil, sevinc
gətirən, fərəh bəxş edən, bayram sevincinə
unudulmaz çılğınlıq, yüksək ovqat qatan atəş
səsləri idi. Bu atəşləri insanların qəlb
sızladan hönkürtüsü deyil, ürəyi ehtizaza gətirən
alqışları, sevinc sədaları müşayiət
edirdi...
Həmin dəqiqələrdə
Bakı səmasında seyr etdiklərim faciələrimizin
deyil, xoşbəxtliyimizin, bugünkü
uğurlarımızın, gələcəyə ümid və
inamımızın rəsmini yaradırdı...
O anlarda paytaxt səmasından burnuma
dolan barıt qoxusu acılarımızın, itkilərimizin
yox, xoşbəxtliyimizin ətri idi...
Və bu gerçəkliyi
bütün ruhumla duya-duya 2020-ci ilin mənim üçün
ilk və ən müqəddəs duasını ürəyimdə
zikr edirdim ki, Tanrım, bu gözəl günləri, xoş zəmanəni
bizə çox görmə...
Lütfünü, sevgini həmişə
bu yurdun insanlarına rəhnüma et...
Arzularımızı, diləklərimizi
eşit, vəhdətimizi daha da möhkəmləndir, Vətəni
bəlalardan, fitnə-fəsadlardan uzaq tut...
Azərbaycanı qoruyan insanı -
İlham Əliyevi Sən də qoru...
Onun xalq, ölkə, ümumən bəşəriyyətin
xoşbəxt gələcəyi naminə
yürütdüyü siyasəti, irəli sürdüyü
ideyaları məqsədinə çatdır...
***
İnsanlarımızın o
gecəki bayram sevinci, fərəhi,
qayğısızlığı güclü,
sosialyönümlü bir dövlətə aidlik duyğusunun
verdiyi rahatlıqdan, yaxşı mənada arxayınlıqdan
irəli gəlirdi.
Ötən il
dövlət nə qədər adam sıxıntı çəkməsin,
banklarla üz-göz olmasın, ölkədə iqtisadi
inkişaf öz ahəngində getsin deyə, onların
problemli kredit borclarını öz üzərinə
götürdü. Əslində bu, dövlətin
yox, o kreditləri götürərkən xərclərini
düzgün planlaşdırmayan bəzi
insanlarımızın məsuliyyəti, daha doğrusu, məsuliyyətsizliyi
idi. Amma elə ya belə, problem
yaranmışdı, insanlar çətinliklə üzləşmişdi
və dövlət bu işə əncam çəkdi.
Yaxud yeri gələndə əllisini
əlli yerdə xərcləyən, amma mallarını
sığortalamağa pulu qızırğalanan və bir hadisə
baş verəndə də naçar vəziyyətdə qalan
nə qədər sahibkarı dövlət müşküldən
qurtardı, dəstək olub ayağa qaldırdı.
Təbii fəlakətdən ziyan
çəkmiş nə qədər insan üçün ev tikildi. Hətta evi bir qədər ziyan
görmüş və təmirlə düzəldiləsi olan
vətəndaşlara belə hər cür şəraiti olan
yeni evlər inşa edildi ki, dövlətin onlara daha
böyük faydası çatsın...
Milyonlarla insanı əhatə edən
sosial paket, getdikcə artan maaşlar, pensiyalar, bütün
ölkə boyu həyata keçirilən infrastruktur layihələri,
yaradılan yeni iş yerləri, davamlı islahatlar və
onların sadə vətəndaşların həyatına gətirdiyi
xoş yeniliklər...
Bugünkü Azərbaycan
reallıqları tariximizin və taleyimizin bizə bəxş
etdiyi böyük bir lütfdür...
Dövlət rəhbərimizin də
qeyd etdiyi kimi, dünyanın ayrı-ayrı bölgələrində
mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb
qarşıdurmalarının, humanitar fəlakətlərin
baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini
tolerantlığın və multikultural ənənələrin
qorunub saxlanıldığı unikal məkandır.
Azərbaycan paytaxtı bu
gün dünyanın ən gözəl, sakit, hüzur dolu
şəhərləri sırasında yer alır. XIX əsrin
sonu, XX əsrin əvvəllərində dünyanın enerji
mərkəzi kimi tanınan, ötən əsrin ortalarında
dünyanı sarmış faşizm kabusunun aradan
qaldırılmasında öz nefti ilə həlledici rol
oynayan Bakı indi başqa bir tarixi missiyanı da yerinə
yetirir.
Qlobal proseslər doğma
Bakımızı dünyanın xoş məramlarla
döyünən qəlbinə çevirib. Bu şəhər
indi qlobal miqyasda sülhün və əmin-amanlığın
şəhəridir, bütün bunların təminatı
üçün önəmli
çağırışların əsas mərkəzlərindəndir.
Bəşəriyyətin gələcəyinə
yönəlik bir çox ideyalar, mütərəqqi təşəbbüslər
Şərqlə-Qərbin görüş yeri olan bu sevimli
şəhərimizdən başlanır.
Müasir dövrdə
insanların böyük narahatlığına səbəb
olan sülh və təhlükəsizlik məsələlərinin,
sivilizasiyalararası dialoq problemlərinin müzakirəsinin
aparıldığı bir çox mötəbər beynəlxalq
tədbirlərə məhz Bakı evsahibliyi edir.
Bakıdan dünyanın bu
günü və gələcəyinə taleyüklü
çağırışlar ünvanlanır...
***
Azərbaycan bu gün türk və
ümumən islam dünyasının da
mütərəqqi inkişaf mərkəzidir, XXI əsrin
ümumi mənzərəsinin türk və islamın ali dəyərləri
işığında müəyyənləşməsi
üçün güvənli bir bələdçidir.
Bu baxımdan 2019-cu ildə
Azərbaycan həyatında yaşanmış ən
mühüm tarixi hadisələrdən biri ötən ilin
oktyabrında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (Türk Şurası) VII Zirvə
Görüşünün keçirilməsi oldu. Şuranın
bu toplantısı qurumda bir araya gələn ölkələr
arasında inteqrasiyanın və əməkdaşlığın
daha da inkişafı üçün yeni üfüqlər
açdı. Ulu Öndərimizin, sonradan isə Prezident
İlham Əliyevin türk dünyası üçün
böyük bir gələcəyin müjdəsi kimi dilə gətirdiyi
"XXI əsrin türk əsri olacağı” barədə
fikirlərinin, arzularının çin
çıxacağı günlərin artıq çox
yaxında olduğunu, Azərbaycanın öz strateji təşəbbüsləri
ilə o böyük günləri addım-addım xəyallardan
reallığa çevirdiyini əks etdirdi.
Türk dünyasının birliyində
Azərbaycanın rolunun danılmazlığı bir daha
göründü!
Bu müstəsnalığı
şərtləndirənsə ölkəmizin geosiyasi
mövqeyi, tarixən türk dünyasında
oynadığı strateji rolun müasir qlobal
reallıqlardakı yeni təzahürü, getdikcə artan
iqtisadi qüdrətimiz, ən əsası isə Azərbaycan
Prezidentinin şəxsi nüfuzudur.
Cənab İlham Əliyev
öz şəxsiyyəti ilə bu gün təkcə Azərbaycanda
xalqın milli vəhdət rəmzi kimi çıxış
etmir. O, eyni
zamanda ümumən türk və islam
dünyasında da fərqli mövqeləri bir araya gətirməyə
qabil lider kimi qəbul olunur. Azərbaycan
Prezidentinə hörmətlə yanaşır, onun rəyi ilə
hesablaşır, tövsiyələrini mütləq nəzərə
almağa çalışırlar.
Çünki zaman İlham Əliyevi
bütün yanaşmalarında, baxışlarında,
mövqelərində haqlı çıxarıb!
Çox ölkələr, cəmiyyətlər,
dövlət rəhbərləri regiondakı barış,
inkişaf mühitinin qorunmasına görə İlham
Əliyevin təmkininə, qətiyyətinə, comərdliyinə,
ona olan yüksək güvənə, çox kritik zamanlarda
tutduğu düzgün mövqeyə və ehtiyac anlarında
uzatdığı yardım əlinə minnətdardır.
Məhz bu şəxsiyyətin
gücü, ona olan inam sayəsində Azərbaycan hazırda
türk-islam dünyasını Avropa ilə birləşdirən
ən əsas ölkəyə çevrilib...
***
2019-cu ilin ən önəmli tarixi
hadisələrindən biri də Qoşulmama Hərəkatının
ötən ilin oktyabrında Bakıda keçirilmiş XVIII
sammitində Azərbaycanın növbəti 3 il
müddətinə bu təşkilatın sədri seçilməsi
oldu. Dəyərli oxucularımın
yaddaşını təzələmək üçün
qısaca xatırlatma edim ki, Qoşulmama Hərəkatı
soyuq müharibə dövründə bir sıra dövlətlərin
iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb
edilməmələri üçün təsis olunub. Təşkilatın
hazırda 120 üzvü var. Eyni zamanda 17 dövlət və
10 beynəlxalq təşkilat da burada müşahidəçi
statusunda təmsil olunur. Qoşulmama Hərəkatı
120 ölkəni birləşdirməklə BMT Baş
Assambleyasından sonra dünya dövlətlərinin təmsil
olunduğu ən böyük siyasi təsisatdır. Əsas məqsədi beynəlxalq hüquqa hörmət
əsasında dünyada sülh, təhlükəsizlik və
inkişafa yardım etməkdir. Hərəkat
daxilində razılaşdırılmış mövqe BMT
Baş Assambleyası çərçivəsində qərarların
qəbuluna təsir baxımından əhəmiyyətli rol
oynayır.
Və müstəqillik yaşı
vur-tut heç 30 ilə də çatmayan Azərbaycanın
belə bir nüfuzlu qurumun sədri olmasının bizim
üçün tarixi əhəmiyyətini indi
özünüz təsəvvür edin...
Bu, Azərbaycanın beynəlxalq
nüfuzunun bariz göstəricisidir. Təxminən 30 il
əvvəl beynəlxalq siyasət meydanına doğru ilk
kövrək qədəmlərini atan Azərbaycanın indi bu
meydanda nə qədər möhkəmləndiyinin,
özünə tutduğu layiqli yerin, sözümüzün
ötkünlüyünün, bizə qoyulan hörmətin
ifadəsidir.
Qlobal dünyanın bu Azərbaycanını
cənab İlham Əliyev yaradıb!
Tarixinin bu ən güclü Azərbaycanı
zəmanəsinin ən parlaq liderlərindən birinin -
İlham Əliyevin əsəridir!
***
2019-cu ildə Azərbaycan
Dünya dini liderlərinin II Sammitinə də uğurla
evsahibliyi etdi.
Zəngin tolerantlıq ənənələrinə, fərqli
dinlərə, mədəniyyətlərə hörmət
ruhuna malik Azərbaycan bu mötəbər tədbirə ikinci
dəfə evsahibliyi etməklə bütün dünyada dinlərarası
dialoqun inkişafına daha bir töhfəsini verdi.
Dünyada xeyir əməllərin
hüdudlarını, dinlərin insanlara təlqin etmək istədiyi
əxlaqi dəyərlərin hüdudlarını bir qədər
də genişləndirdi. Multikulturalizmin Azərbaycanda
bir həyat tərzi olduğunu göstərdi və bu
ideyanın başqa ölkələrdə də özünə
yer tutması məramı ilə növbəti
addımını atdı.
Ötən il
ölkəmizdə həm də "Nəsimi ili” kimi yadda
qaldı. Xalqımızın yetirdiyi bu böyük mütəfəkkirin
650 illik yubileyinə həsr olunmuş dövlət əhəmiyyətli
tədbirlərlə Azərbaycan öz inkişafını,
keçmişini, bu gününü və gələcəyini
milli köklər üzərində qurduğunu, milli-mənəvi
dəyərləri ən böyük sərvət bildiyini, gənc
nəsli də milli ruhda, ənənəvi dəyərlər
işığında tərbiyə etdiyini sərgilədi.
"Nəsimi ili”nin Azərbaycanın
müxtəlif məkanlarında gənc könüllülərin
iştirakı ilə 650 min ağacın əkilməsi ilə
tamamlanmasının, cənab İlham Əliyevin ölkəmizin
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə
ağacəkmə tədbirlərində şəxsən
iştirakının, İmadəddin Nəsiminin
qardaşı Şah Xəndanın Şamaxıdakı
türbəsinin ziyarətinə getməsinin, burada aparılan
abadlıq işlərinin və 2020-ci ilin Azərbaycanda
"Könüllülər ili” elan edilməsinin də şəxsən
mənim üçün çox böyük rəmzi mənası
var. Bunlar zahirən fərqli tədbirlər kimi nəzərə
çarpsa da, hamısı böyük bir hadisənin,
ümumi bir mənzərənin parçaları kimi birləşir.
Prezident İlham Əliyev Nəsimi,
Şah Xəndan kimi tarixi şəxsiyyətlərimizə
verdiyi dəyərlə xalqımıza öz
böyüklüyünü dərk etdirir, bu fikir xəzinəsinə
sahib xalqın inkişaf axınından qıraq düşməsinə,
xürafata, cahilliyə qapılıb qalmasına, kimlərinsə
bizə yuxarıdan aşağı baxmasına,
başımıza ağıl xocası kəsilməsinə
izn verməyə haqqının olmadığını
göstərir.
İlham Əliyev "Nəsimi
ili”ndən sonrakı ili "Könüllülər ili” elan
etməklə xalqın mənəvi dünyasının ən
dərin qatlarından gələn düşüncə xəzinəsini,
ali dəyərləri gənc nəslə, gələcəyimizə
ötürür, onlarınkı edir.
Obrazlı desək, bir il əvvəl
Nəsimi ruhuna sevgi ilə torpağın köksünə
basdırılmış fidanlar, gənc könüllülərimizin
həyatında, mənəviyyatında, Azərbaycana xidmətində,
ağlında, zəkasında böyüyüb boya-başa
çatır, Nəsimi ruhundan qidalanaraq, şirələnərək
bəşəriyyətin gələcək tarixində boyumuzu
uca, özümüzü min budaq edir.
İlham Əliyev Azərbaycan
xalqına qürur yaradır, qürur yaşadır. O, bu qürurun, bu
düşüncənin müəllifi olan, öz xalqına
yeni bir ruh gətirən, xalqın ruh yüksəkliyinə
çevrilən Liderdir.
Bu fikri bir neçə dəfə
yazmışam və burada bir daha təkrar edirəm, Heydər
Əliyev yazılanda Azərbaycan, Azərbaycan yazılanda Heydər
Əliyev oxunur.
Son 16 ildən də artıq müddətdə
Azərbaycan üçün etdikləri, bu Vətən naminə
gördüyü işlər, bu yurda
qazandırdığı nailiyyətlərlə artıq
İlham Əliyev də Azərbaycan deməkdir!
İlham Əliyev adı Azərbaycandır!
Azərbaycan adı həm də
İlham Əliyevdir!..
***
Bir qədər əvvəl
"Könüllülər ili” haqqında
danışdım, gənclər və onların şəxsində
ölkəmizin gələcəyi haqqında söhbət
açdım.
Nədənsə
könüllülər deyiləndə əsasən gənclər
nəzərdə tutulur. Çox güman belə bir təsəvvür
dünyada könüllülük hərəkatının
tarixindən, bu sahədə beynəlxalq təcrübədən
irəli gəlir. Dünyanın hər
yerində könüllülük hərəkatının əsas
hərəkət qüvvəsi enerjili, həvəsli, cəmiyyətə
nəsə bir fayda vermək istəyi ilə dolu gənclərdir.
Ona görə bizdə də
"Könüllülər ili” deyəndə daha çox gənclərin
ictimai fəallığı ilə bağlı, gənclərin
fəaliyyəti ilə zəngin olacaq bir il gəlir adamın
ağlına.
Fikrimcə,
könüllülük qətiyyən yaşla məhdudlaşmır,
üstəlik könüllülük müddəti də
konkret bir zamanla, konkret bir tədbirlə məhdudlaşmır. İnsan bütün
yaşlarında, ömrünün bütün anlarında
könüllü ola bilər və əslində
olmalıdır.
Könüllülük insanın ruh
halıdır...
Dünyaya və insanlara
faydalı olmaq, özünü başqaları
üçün gərəkli hiss etmək duyğusudur.
Könüllülük bir
könül işidir... Məşğul olduğun işə
qəlbinin sevgisini qatmaqdır...
Və məsələyə
bu baxış bucağından yanaşanda mən Azərbaycanın
birinci könüllüsü gözündə Mehriban
xanım Əliyevanı görürəm.
Ölkənin birinci şəxsinin
ömür-gün yoldaşı kimi o qədər də
ictimai fəallıq göstərməyib, çox üzdə
olmayıb gündəlik iş qayğılarından,
insanların saysız-hesabsız sosial problemlərindən uzaq
bir həyat seçmək imkanı varkən bu qədər
ağır missiyanı öz qəlbinin səsi ilə üzərinə
götürmək, hər detalını gərgin zəhmət
bahasına nəzarətdə saxlayaraq həyata keçirdiyin
çoxşaxəli layihələrlə cəmiyyətə
fayda vermək, göstərdiyin köməklə milyonlarla
insanın ümid-pənah ünvanına çevrilmək ən
böyük könüllülük deyilmi?!
Düşünürəm ki, bu,
Mehriban xanıma doğulub böyüdüyü, sonra isə
gəlini olduğu ailə ocaqlarından,
görüb-götürdüyü böyüklərindən
keçmiş davranış tərzidir, mənəvi tətbiyədir...
Onlar da başqalarına
saysız-hesabsız yaxşılıqlar edərkən öz
fəaliyyət sahələri üzrə illərin gərgin
zəhməti hesabına elmi, bədii-publisistik, tarixi nailiyyətlər
yaradarkən bunu hansısa zərurətə görə yox, məhz
qəlblərinin səsi ilə könül işi kimi yerinə
yetirirdilər...
Bu gün Mehriban
xanımın fəaliyyətində də eyni
davranışlar müşahidə olunur. O, məşğul
olduğu bütün işlərə hansısa vəzifə
öhdəliyi kimi yox, könül işi kimi yanaşır,
ona qəlbinin sevgisini qoyur, məhz bu səbəbdən onun
adı olan bütün işlər böyük uğur
qazanır, insanlarda rəğbət doğurur.
Buna saysız-hesabsız
nümunələr gətirilə bilər. Amma iki epizodik
nümunə ilə kifayətlənəcəyik. Baxın, ölkənin Birinci vitse-prezidentinin bir
şəhid anası ilə görüşməsi, ona diqqət
göstərməsi normal haldır, vəzifə öhdəliklərindən
irəli gələn bir tərzdir. Dünyanın
bütün ölkələrində bunu edirlər. Amma
o şəhid anasının yanında yerdə əyləşməsi,
əllərindən tutması, doğma övladı kimi ona qəlbinin
hərarətini, şəfqətini ötürməsi, bir
anda bütün vəzifələri unudub o ananın
balasına çevrilməsi artıq sevginin özüdür,
insanın ruh halıdır...
Dünyanın heç bir vəzifəsi,
statusu o mərtəbədən üstün deyil...
Mehriban xanım bu üstün mərtəbədədir,
xalqın qəlbində, nəzərində...
***
Ya da başqa bir nümunə:
dekabrın 30-da Azərbaycanın Birinci vitse-prezidenti
qızları Leyla və Arzu ilə birgə Bakının Nərimanov
rayonundakı "Birgə və Sağlam” İctimai Birliyinin
nəzdində fəaliyyət göstərən autizm sindromlu
uşaqlar üçün Reabilitasiya Mərkəzinə
getmişdilər. Bu mərkəz Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
yaradılıb. Qurumun fəaliyyəti, təminatı,
burada müalicə alan uşaqların
gündəlik qayğıları da onun daimi nəzarətindədir,
bunlar öz yerində...
Mərkəzə səfəri
zamanı Azərbaycanın Birinci vitse-prezidenti buradakı vəziyyətlə
tanış ola, əvvəlcədən
hazırlanmış protokol tədbirində iştirak edə,
uşaqlara bayram təbriklərini çatdıraraq
sağollaşıb gedə bilərdi. Amma tədbirdən
sonra Mehriban xanım mərkəzin mətbəxinə
keçdi, önlüyünü, əlcəklərini geyinib əsl
Azərbaycan xanımına xas kulinar məharəti ilə o
binəva uşaqlar üçün tort hazırladı və
bunu onlara da öyrətdi.
Mətbəxə qədərki hissənin
bir çox elementləri ola bilər ki, kimlər
üçünsə sırf vəzifə öhdəliyi kimi
görünürdü, amma Mehriban xanımı Reabilitasiya Mərkəzinin
mətbəxinə aparan, o önlüyü, o əlcəkləri
geyinməyə, o ləziz tortu öz əlləri ilə
bişirməyə sövq edən o qüvvənin, o səmimiyyətin,
o istiliyin adı sırf sevgidir...
Bəşəriyyətin bu
sevgiyə həmişə ehtiyacı var.
İnsanlar, xalqlar, dövlətlər
öz işlərini vəzifə öhdəliyi kimi deyil, məhz
könül işi kimi yerinə yetirən İlham Əliyev,
Mehriban Əliyeva kimi şəxsiyyətlərə hər
zaman ehtiyac duyurlar.
Tamam, qoy 2020-ci il
ölkəmizdə daha çox gənc könüllülərin
ili olsun. Amma könüllülük heç
birimiz üçün heç bir zaman bitməsin.
Azərbaycana, dünyaya, bəşəriyyətə,
bu günə və gələcəyə
bacardığımız qədər fayda verməyi
hamımız bir ömürlük könül işimiz bilək...
İlham Əliyev kimi...
Mehriban xanım kimi...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
YAP Xətai Rayon Təşkilatının sədri
Azərbaycan.-
2020.-15 yanvar.- S.1; 4.