İslahatlar yeni
uğurların təməlidir
Prezident İlham Əliyev 2019-cu ilin nailiyyətlərini qeyd
etdi, 2020-ci ildə həyata keçiriləcək
layihələrin anonsunu verdi,
qarşıda duran hədəfləri
müəyyənləşdirdi
"2019-cu il ölkəmizdə dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”.
2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ötən ilin uğurlarını göstərən və gələcək hədəfləri müəyyənləşdirən Prezident İlham Əliyev dövlət strukturlarına, aidiyyəti qurumlara ciddi tapşırıqlar verdi.
Müşavirədə səsləndirilən fikirlər ölkənin 2019-cu ildə sosial-iqtisadi inkişafı istiqamətindəki real durumu göstərdi. Buna əsasən deyə bilərik ki, ötən il dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə edildiyi halda, Azərbaycanda müsbət saldonun olması aparılan siyasətin məqsədyönlülüyündən xəbər verir.
Prezidentin də söylədiyi kimi, iqtisadi sahədə əldə edilmiş göstəricilər və rəqəmlər artıq bir daha təsdiqləyir ki, həyata keçirilən siyasət düşünülmüş və uğurlu nəticəyə hesablanmışdır.
Ötən ilin uğurlu
iqtisadi göstəriciləri:
* TANAP qaz kəməri istismara verildi;
* valyuta
ehtiyatları 6,4 milyard
dollar artaraq 51 milyard dollara çatdı;
* "Şimal-2” elektrik
stansiyası istismara verildi;
* Sumqayıt Kimya Sənaye Parkında "SOCAR karbamid”
zavodu açıldı;
* "SOCAR Polymer”in
yüksəksıxlıqlı polietilen zavodu işə düşdü;
* Bakı Gəmiqayırma Zavodunda
ilk tankerimiz istismara verildi;
* Pirallahı Sənaye Parkında "Diamed Co” şpris istehsalı zavodu açıldı;
* Samur çayı üzərində
yeni körpü inşa edildi;
* Ağdaşda Biyan Sənaye Parkı açıldı;
* qeyri-neft
ixracı 14 faiz çoxaldı;
* ümumi
daxili məhsul 2,2 faiz çoxaldı;
* sənaye
istehsalı 1,5 faiz artdı;
* qeyri-neft
sektorunda sənaye istehsalı 14 faiz yüksəldi;
* kənd
təsərrüfatı 7 faiz
artdı;
* inflyasiya
cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz oldu;
* xarici
ticarət dövriyyəsi
33,6 milyard dollara çatdı;
* ixrac
19,6 milyard dollar təşkil
etdi.
Sabitlik hər bir ölkənin inkişafı üçün
əsas şərtdir
Sosial-iqtisadi göstəricilərə nəzər
yetirdikdə 2019-cu ilin
Azərbaycan üçün
həqiqətən də
uğurlu olduğunu deyə bilərik. Ötən
il Prezident
İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar,
pensiyalar, təqaüdlər,
müavinətlər demək
olar ki, 2 dəfə, yəni bir ildə iki
dəfə - mart və
sentyabr aylarında artdı.
Vergi və gömrük orqanlarında aparılmış
islahatlar nəticəsində
xəzinəyə plandan
əlavə 1 milyard manat vəsait daxil oldu və
bu da öz
növbəsində çox
geniş sosial paketin reallaşmasına zəmin yaratdı. Azərbaycan tarixində
bu dərəcədə
böyük sosial paket bu günə
qədər heç vaxt reallaşmayıb.
Prezidentin struktur, kadr islahatları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən
də yüksək qiymətləndirildi. Dünya Bankı Azərbaycanı
20 ən islahatçı
ölkə siyahısına
daxil etdi. Bu da onu göstərir ki, ölkəmizdə aparılan
köklü islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən
də təqdirlə qəbul edilir.
Cənab İlham Əliyevin dediyi kimi, islahatlar
inkişafın bundan sonra daha da
uğurlu olacağına
imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək.
Ötən il ölkədə sosial sahədə əldə edilən nailiyyətlərə nəzər
yetirək:
Sosial sahədə
əldə edilən nailiyyətlər
* Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatdı;
* Dünya Bankı ölkəmizi 20 ən islahatçı ölkə siyahısına
daxil etdi;
* Prezidentin iki sosial paketi
4,2 milyon insanı əhatə etdi;
* 1 milyon 350 min insanın əməkhaqqı
ciddi şəkildə
artdı;
* Minimum əməkhaqqı
2 dəfə, pensiya
70 faiz, müavinətlər
50 faiz artdı;
* Minimum pensiya 200
manat oldu;
* 60 tibb müəssisəsi, 84 məktəb
tikildi və təmir edildi;
* Ölkədə
qazlaşdırma 96 faizə
çatdı;
* 345 subartezian quyusu qazıldı;
* 1300 kilometr yol çəkildi;
* Ölkəyə
3 milyon 170 min xarici qonaq gəldi;
* Şəhid ailələrinə və
müharibə əlillərinə
934 mənzil təqdim
edildi;
* Əlilliyi olan şəxslərə
600 avtomobil verildi;
* Ölkədə
98 min yeni iş yeri açıldı;
* DOST Agentliyi və Mərkəzi fəaliyyətə başladı;
* 12 min şəhidin
18 min vərəsəsinə 11 min manat birdəfəlik ödəmələr verildi;
* Ünvanlı sosial yardım artaraq 209 manata yüksəldi.
Artan nüfuz,
daim möhkəmlənən
beynəlxalq mövqe
Keçən il Azərbaycanın beynəlxalq mövqeləri
daha da möhkəmləndi.
Ölkəmizdə bir neçə
mötəbər beynəlxalq
tədbir keçirildi.
Həm siyasi, həm mədəni, həm də idman yarışlarına
evsahibliyi edən Azərbaycan bununla uğurlar qazanır və ölkəyə turist axını yüksəlir. Son iki ilin statistikası
da bunu təsdiqləyir.
Bu tədbirlər
əlbəttə ki, cənab İlham Əliyevin uğurlu xarici diplomatiyasının
Azərbaycana qazandırdığı
siyasi dividendlər sayəsində reallaşır.
Ötən il Azərbaycanda keçirilən beynəlxalq
toplantılar:
* Qoşulmama Hərəkatının XVIII Zirvə
Görüşü;
* Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Zirvə
Görüşü;
* Dünya dini liderlərinin II Zirvə Görüşü;
* UNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyası;
* V Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu;
* XV Avropa Gənclər Olimpiya Festivalı;
* Bədii gimnastika üzrə dünya çempionatı.
2019-cu ildə
BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasına sədrlik
Azərbaycana keçdi.
Dünya dini liderlərinin II Zirvə Görüşündə
iştirak etmək üçün Azərbaycana
70 ölkənin dini liderləri gəldi.
UNESKO-nun Dünya
İrs Komitəsinin sessiyasında isə bir ilk yaşandı. Bu sessiya çərçivəsində
Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi
UNESKO-nun Dünya İrs
Siyahısına daxil edildi. Bu günə
qədər isə Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı
bu mötəbər siyahıya daxil edilmişdir.
Müşavirədə Prezident
bildirdi ki, ötən il
ərzində ölkəmizə
40-dan çox dövlət
və hökumət başçısı səfər
edib və bu səfərlər zamanı əlaqələrin
daha da dərinləşməsi
istiqamətində danışıqlar
aparılıb, yeni sənədlər imzalanıb.
Əlbəttə ki, bütün
bunlar Azərbaycanın
dünyada yüksələn
nüfuzundan xəbər
verir.
Bu gün Azərbaycan həm də dünya əhəmiyyətli nəhəng layihələr icra edir. Onların arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. "Cənub qaz dəhlizi” isə bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yükdaşımaların həcmi ildən-ilə artır. Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Şimali Avropadan Hindistana, Çinə ən qısa yollar Azərbaycandan keçir. Bir sözlə, Azərbaycan beynəlxalq tranzit məkanı kimi də nüfuzunu getdikcə yüksəldir.
Bütün bu uğurlara nəzər yetirdikdə deyə bilərik ki, 2019-cu ildə əldə edilən nəticələr və 2020-ci il üçün olan iqtisadi proqnozlar dayanıqlı inkişaf üçün zəruri zəmin yaradır. Prezident də əminliklə vurğuladı ki, bu il Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2020.- 16 yanvar.-
S.1; 4.