Azərbaycan Avrasiyanın önəmli nəqliyyat mərkəzlərindən
birinə çevrilib
Prezident İlham Əliyev Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
-Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Təkcə onu demək kifayətdir ki, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur.
Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.
Yəni, əslində, bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir. Bununla bərabər, keçən il çox önəmli dövlətlərarası layihələr icra edilmişdir. O cümlədən Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün istifadəyə verilməsi çox böyük hadisədir. Çünki əvvəlki körpü 1950-ci illərdə tikilmişdi və demək olar ki, sıradan çıxmışdı. Yeni körpü Azərbaycan ilə Rusiya arasında həm nəqliyyat, həm ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək, eyni zamanda, bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hazırda Rusiya sərhədinə qədər yeni avtomagistral çəkilir və ilin sonuna qədər bu magistralın əsas hissəsi istismara veriləcəkdir.
Paralel olaraq, Astara şəhərindən İran sərhədinə qədər yeni magistralın çəkilişi nəzərdə tutulur. Bu məsələ İran tərəfi ilə razılaşdırılıb. Beləliklə, yük avtomaşınları Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək və yeni avtomobil körpüsü də tikiləcəkdir. Bir neçə il bundan əvvəl iki ölkə arasında yeni dəmir yolu körpüsü tikilmişdir və Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti üçün bunun böyük əhəmiyyəti olmuşdur.
Əlbəttə, keçən il Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daha çox yük daşınmışdır. Bu da təbiidir, çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma var. Təkcə Şərq istiqamətindən yox, eyni zamanda, Rusiyadan Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınması müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi artacaq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir.
Builki investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcəkdir. Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir. Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaqdır.
Həmçinin biz şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət veririk. Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görüləcək. Eyni zamanda, mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir. Bu məsələ ilə bağlı məlumat verin, kontraktlar imzalanıb, yoxsa yox və yeni taksilər şəhərimizə nə vaxt gətiriləcək?
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin QULUZADƏ dedi: Təşəkkür edirəm, cənab Prezident. Bu sualla bağlı qeyd etmək istərdim ki, Azərbaycanda 1500 ədəd "London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd "London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd "London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir.
Prezident İlham Əliyev: İndi bizim digər şəhərlərimizdə taksi xidməti hansı səviyyədədir?
Ramin Quluzadə: Cənab Prezident, biz regionlarda bu sahəyə daha çox diqqət yetirməliyik. Çünki regionlarda standartlara tam cavab verməyən nəqliyyat vasitələri var və biz bu istiqamətdə də öz işlərimizi aparırıq.
Prezident İlham Əliyev: Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə.
Bu, eyni zamanda, avtobus nəqliyyatına da aiddir. Çünki hazırda Bakı
və Sumqayıt şəhərlərində avtobusla
sərnişin daşımaları
müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı
şəhərində keyfiyyəti
yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə
biz hər il
ölkəmizə 300 avtobus
gətizdiririk. Mənə verilən
məlumata görə,
Gəncə şəhərində
avtobus təsərrüfatı
köhnəlib. Digər şəhərlərdə
nə qədər avtobus fəaliyyətdədir,
nə qədər avtobus alınmalıdır?
Əlbəttə ki, ilk növbədə,
paytaxt Bakının bu məsələsi həll olunmalıdır.
Amma digər şəhərlər
də diqqətdən
kənarda qalmamalıdır.
Şəhərlərarası nəqliyyat məsələsi
öz həllini necə tapır və bu sahədə
hansı problemlər,
hansı nailiyyətlər
var?
Ramin Quluzadə:
Möhtərəm cənab
Prezident, biz bir ay öncə şəhərlərarası
gecə reyslərini istifadəyə verdik. Əsas məqsədimiz odur ki, bizim vətəndaşlar
təkcə gündüz
yox, eyni zamanda, gecə reyslərindən də istifadə etsinlər.
Biz bu reysləri
müasir standartlara cavab verən "MAN” tipli avtobuslarla həyata keçiririk.
Eyni zamanda, biz bu gün mövcud avtobus parkını daha müasir standartlar səviyyəsində
yeniləyirik. Artıq biz standartları
təkmilləşdiririk. Gələcəkdə də
biz iş adamları ilə bu standartlarla
bağlı işlər
aparacağıq.
Prezident İlham
Əliyev: Bu da çox önəmli məsələdir. Çünki indi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar
yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik
normalarına uyğun
olmalıdır. Bir halda
ki, siz gecə
reyslərinə başlamısınız,
bu avtobusların keyfiyyəti, təhlükəsizliyi,
sürücülərin hazırlığı,
onların müayinədən
keçmələri – bütün
bunlar mütləq diqqət mərkəzində
olmalıdır. Bu sahədə də təftiş aparılmalıdır,
avtobusların neçə
faizi standartlara tam cavab verir? Bu sahədə daha
çox özəl şirkətlər fəaliyyət
göstərir. Onlara da
dəstək göstərilməlidir
ki, bu istiqamətdə
öz fəaliyyətlərini
daha yüksək səviyyədə təmin
edə bilsinlər.
Bir məsələ də yük daşımaları
ilə bağlıdır. Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il
14 faiz artıbdır.
Ancaq bizim bir çox
yüklərimizi xarici
şirkətlər daşıyır.
Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə
edilən avtomaşınlar,
tırlar yerli şirkətlər tərəfindən
az təmin
olunur. Ona görə bu
məsələyə də
diqqət yetirmək lazımdır. Birinci növbədə,
təhlil aparılmalıdır
və mənə məruzə edilməlidir
ki, yük daşımalarının neçə
faizi Azərbaycan şirkətləri tərəfindən
icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyət
nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında
dövlət özəl
şirkətlərə kömək
edə bilərsə,
biz buna hazırıq.
Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə
inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir,
nəqliyyat sektorunda bütün komponentlər
yüksək standartlara
cavab verməlidir.
Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri
yerli şirkətlər
tərəfindən daşınsın.
Ona görə bu məsələ ilə bağlı sizə tapşırıram, təhlil
aparın və məlumat verin.
Ötən ilin noyabr ayında
Qazaxıstanda bu ölkə ilə Azərbaycan arasında yeni rabitə xəttinin çəkilməsinin
təməlqoyma mərasimi
keçirilmişdir. Bu da çox önəmli
layihədir. Azərbaycan rabitə
və yüksək texnologiyalar sahəsində
böyük uğurlar
əldə edib.
Ənənəvi "Bakutel” sərgisi
çox böyük diqqət cəlb edir. Bu il
bu istiqamətdə hansı işlər görüləcəkdir, bu
barədə məlumat
verin.
Ramin Quluzadə:
Möhtərəm cənab
Prezident, Bakı ilə Qazaxıstanı birləşdirən fiberoptik
kanal gələcəkdə
Avropanı və Asiyanı birləşdirən
bir xətt olacaq. Bu da imkan yaradacaq ki, biz gələcəkdə
Avropadan Çinə və digər ölkələrə interneti
Azərbaycanın üzərindən
ötürək. Gələcəkdə Azərbaycan və digər ölkələrdə
internetə olan tələbatın ödənilməsi
və keyfiyyətli internetdən istifadə üçün bu işlər görüləcək.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq hər il "Bakutel”
sərgisinə də
maraq artır. Siz də oraya gələndə
görürsünüz ki,
həm yerli şirkətlərimizin, həm
də startapların bu sahəyə marağı artır.
Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə
tutulur.
Prezident İlham
Əliyev: Buna da çox diqqət yetirmək lazımdır.
"Bakutel” artıq
20 ildən çoxdur
keçirilir və regionda əsas sərgi və konfransdır. Bu sərgi və konfransda adətən Beynəlxalq Telekommunikasiya
İttifaqının rəhbəri
də iştirak edir. Bu təşkilatın
rəhbərləri mənimlə
görüş əsnasında
daim Azərbaycanda bu sahədə görülən işlərə
yüksək qiymət
verirlər. Bir halda
ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə
çevrilib, ölkəmiz
mütləq rabitə,
internet və fiberoptik
rabitə xətlərinin
çəkilməsi istiqamətində
də mərkəzə
çevrilməlidir. Ona görə
ötən ilin noyabrında Qazaxıstanda
keçirilmiş təməlqoyma
mərasimi xüsusi əhəmiyyət daşıyır.
Əminəm ki, bu xəttin çəkilişi
tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu
400 kilometrdir. Eyni zamanda,
Azərbaycanda internet istifadəçilərinin
sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.
Beləliklə, bu il bu sahədə görüləsi
işlər çoxdur.
Ancaq sevindirici hal ondan ibarətdir ki, artıq gözəl nəticələr əldə
edilib və biz bundan sonra yalnız inkişaf yolu ilə gedəcəyik.
Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də
yüksək texnologiyalar sahəsində bundan sonra da
regionda liderlik
mövqelərini qorumalıdır və biz
öz potensialımızı
artırmalıyıq.
Azərbaycan.- 2020.- 16 yanvar.- S.1-2.