AMEA Rəyasət Heyətinin iclası keçirilib
Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyliyə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordenini, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevə "Şöhrət” ordenini və akademik Vaqif Fərzəliyevə "Şərəf” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev hesabatların AMEA-nın həyatında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ötən ilin noyabr ayından başlayaraq laboratoriya və şöbələr elmi müəssisələr, elmi müəssisələr isə tabe olduqları bölmələr qarşısında öz hesabatlarını təqdim ediblər. Akademik bu gündən etibarən isə hər bir elmi bölmənin Rəyasət Heyəti qarşısında illik hesabatını verdiyini, ilkin olaraq, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) illik hesabatının müzakirəsinə başlanıldığını vurğulayıb.
AMEA-nın fəaliyyətinin müasir dünyanın çağırışları və ölkə başçısı İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində qurulması üçün hazırda akademiyada geniş islahatlar aparıldığını deyən Ramiz Mehdiyev Azərbaycan elminin inkişafında xüsusi yeri olan Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin də üzərinə xüsusi vəzifələr düşdüyünü diqqətə çatdırıb. Akademik qeyd edib ki, hazırda "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası istiqamətində işlər gedir. Proqramda Elmlər Akademiyasının yeni mərhələdə inkişafı üçün bir sıra vəzifə və prioritetlər müəyyənləşdirilib. Bu proqramın icrası dövlətin elm qarşısında müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində akademiyanın yaxından dəstək verməsinə geniş imkanlar yaradacaq.
Daha sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev məruzə ilə çıxış edib. O, bölmənin elmi-təşkilati fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, AMEA ümumi yığıncağının, Rəyasət Heyətinin qərarlarının, AMEA prezidentinin sərəncamlarının icrasına xüsusi diqqət verildiyini qeyd edib. Alim hesabat ilində bölmə müəssisələrinin ölkə Prezidenti tərəfindən təsdiq olunmuş 9 dövlət proqramının icrasında yaxından iştirak etdiyini vurğulayıb.
R.Əliquliyev hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş prioritet istiqamətlərə uyğun həyata keçirildiyini və bir sıra mühüm elmi nəticələrin əldə edildiyini bildirib.
Məruzəçi 2019-cu ildə FRTEB üzrə çap edilmiş elmi əsərlərin ümumi sayının 1979 olduğunu, alimlərin 1105 məqaləsinin dərc olunduğunu, onlardan 480-nin "Web of Science” və "Scopus” bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Bölmə üzrə alimlərin əsərlərinə 12 min 66 istinad olunduğunu söyləyib. Bildirib ki, ilk dəfə olaraq bu il alimlərimizin məqaləsi impakt faktoru 40-dan artıq olan məşhur "Nature” jurnalında dərc olunub. "Clarivate Analytics” şirkətinin təhlilinə əsasən, bölmənin elmi istiqamətləri üzrə dərc olunan məqalələrin sayına görə 2019-cu ildə Azərbaycan regionda 1-ci yerdə qərarlaşıb.
Qeyd edilib ki, cari ildə "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 10 dekabr tarixli sərəncamına müvafiq olaraq "Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb. Həmçinin dövlət başçısının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli sərəncamına müvafiq olaraq "Milli Transliterasiya Sistemi” yaradılıb.
Akademik e-elmin şəbəkə platforması olan "AzScienceNet” Elm Kompüter Şəbəkəsi infrastrukturunun genişləndirilməsi, AMEA-nın elmi müəssisə və təşkilatlarının resurslarının "AzScienceNet” şəbəkəsinin Data Mərkəzində saxlanılması və Hosting xidmətlərinin dəstəklənməsi, resurslarından səmərəli istifadə olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə əlaqədar işlərin davam etdirildiyini deyib. E-elm və e-təhsilin şəbəkə infrastrukturları "AzScienceNet” və "AzEduNet”ə inteqrasiya olunub, GEANT-a çıxışlar təmin edilib və bununla da Azərbaycan alimlərinin Avropanın elm və təhsil qurumları ilə onlayn əməkdaşlıqları üçün geniş imkanlar yaradılıb.
Məruzəçi
bölmənin elmi müəssisələri
tərəfindən 9 beynəlxalq və 4 respublika
səviyyəli konfransların keçirildiyini,
10 elmi jurnalın nəşr olunduğunu, Azərbaycan və ingilis dillərində nəşr edilmiş jurnallarda ölkəmizlə
yanaşı, xarici müəlliflərin
də məqalələrinin çap olunduğunu bildirib: "Bu jurnallarda dərc olunan məqalələrin təxminən 20 faizi xarici ölkə alimlərinin
məqalələridir. Jurnalların 5-i artıq "Web of Science” və
"Scopus” bazalarına daxil
edilib. "Tətbiqi
və hesablama riyaziyyatı” jurnalı impakt faktoruna görə keçmiş
SSRİ-də 1-ci, Avropada
4-cü, dünyada 10-cu yerdədir.
"Azərbaycan Riyaziyyat
jurnalı” və
"Azərbaycan MEA RMİ-nin Əsərləri” jurnalı "Web of Science” bazasına,
"Tətbiqi və hesablama riyaziyyatı” jurnalı, "Azərbaycan
Riyaziyyat jurnalı”, Azərbaycan MEA "Xəbərləri”
jurnalının Fizika-texnika
və riyaziyyat elmləri seriyasının
"Riyaziyyat” buraxılışı,
"Energetikanın problemləri
jurnalı” "Scopus” bazasına
daxildir”.
AMEA-nın
vitse-prezidenti, akademik R.Əliquliyevin FRTEB-in illik
hesabatı ilə bağlı məruzəsi
dinlənildikdən sonra
hesabat ətrafında
fikirlər və təkliflər səsləndirilib.
Tədbirdə akademik Ramiz Mehdiyev bölmənin illik hesabatına dair çıxış edib. Akademik bölmənin
növbəti mərhələ
üçün vəzifə
və tapşırıqları
müəyyənləşdirilərkən
Prezident İlham Əliyevin akademiya qarşısında irəli
sürdüyü tapşırıqlar,
dövlət proqramları
və strategiyalar, həmçinin "AMEA-nın
2020-2025-ci illər üzrə
inkişaf proqramı”nın
müvafiq müddəalarının
nəzərə alınmasının,
bölməyə daxil
olan hər bir institutun dövlət maraqlarından
irəli gələn məsələlərin həllinə
töhfə verməsinin,
dövlətin elmi-texniki
layihələrinin ekspertizası
prosesində fəal iştirak etməsinin, intellektual potensialın bu istiqamətə yönləndirilməsinin zəruri
olduğunu bildirib.
Qeyd edilib ki, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi ölkə iqtisadiyyatında
yüksək texnologiyalara
əsaslanan elmtutumlu məhsulların və xidmətlərin rolunun yüksəldilməsi, eləcə
də biliklər iqtisadiyyatının formalaşdırılması
sahəsində irəlidə
olmalı, eyni zamanda, fizika-riyaziyyat və texnika elmləri digər elm sahələrinin də lokomotivinə çevrilməli,
texnoloji nailiyyətlərin
respublikaya transferində
aktiv rol oynamalıdır.
Akademik büdcədənkənar
əlavə vəsaitlərin
əldə olunması
üçün tətbiqi
tədqiqatlara xüsusi
əhəmiyyət verilməli
və qrantlarla iş sahəsində fəaliyyətin gücləndirilməli
olduğunu bildirib. Qeyd edib ki, Milli
Elmlər Akademiyası
ölkədə biliklər
iqtisadiyyatının formalaşmasında
aktiv rola malik olmalıdır.
Bununla yanaşı, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə,
qabaqcıl elmi mərkəzlərlə birgə
tədqiqat işlərinin
aparılmasına və
meqalayihələrdə iştirak
məsələsinə xüsusi
yanaşılmalı, hesabatda
səsləndirilən təkliflər,
o cümlədən problem şuralarının
yenidən formalaşdırılması,
elmi müəssisələrin
maddi-texniki bazasının
modernləşdirilməsi və
digər xüsusi əhəmiyyət kəsb
edən aktual məsələlər nəzərə
alınmalı, bölmənin
fəaliyyəti yeni prioritetlər və prinsiplər üzərində
qurulmalıdır.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.
Müzakirələrdə akademiklər
- İbrahim Quliyev, Telman Əliyev, Fikrət Əliyev, Adil Qəribov, Cavad Abdinov, Nazim Məmmədov, AMEA-nın müxbir üzvləri - Əminağa
Sadıqov, Vaqif Quliyev, Misir Mərdanov, Namiq Cəlilov, Oktay Qasımov və Oqtay Səmədov çıxış edərək
fikir və təkliflərini səsləndiriblər.
Daha sonra hesabat təsdiq
olunub. Fizika-Riyaziyyat və Texnika
Elmləri Bölməsi
üzrə mühüm
nəticələrin akademiyanın
illik hesabatına daxil edilməsi qərara alınıb.
Elmi-tədqiqat, təhsil və
təcrübi işlərin
səviyyəsini artırmaq
üçün müxtəlif
təkliflər verilib.
Azərbaycan.- 2020.- 16 yanvar.- S.3.