AMEA-da Strasburq Universitetinin
nümayəndələri ilə görüş
keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın ölkəmizdəki səfiri Zakari Qros ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Ramiz Mehdiyev AMEA-nın tarixi inkişaf yolu və həyata keçirilən elmi-tədqiqat işləri haqqında danışıb. AMEA-nın elmi bölmələri haqqında ətraflı məlumat verən akademik burada müxtəlif sahələri əhatə edən çoxistiqamətli elmi tədqiqatların həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, son illər akademiyada beynəlxalq elmi əlaqələrin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir, bir sıra elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanır. Ölkələrimiz arasında dostluq əlaqələrinin dərin köklərə söykəndiyini deyən akademik Ramiz Mehdiyev digər sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələrin olduğunu və bu qarşılıqlı elmi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
Səmimi qəbula görə akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirən Strasburq Universitetinin rektoru Mişel Deneken azərbaycanlı alimlərlə əməkdaşlığa əhəmiyyət verdiklərini vurğulayıb. İki ölkənin elm və ali təhsil qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişaf etdiyini bildirib.
Fransanın ölkəmizdəki səfiri Zakari Qros iki ölkə arasında əlaqələrdən, elmi əməkdaşlıqdan danışıb. O, Strasburq Universitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.
Akademik Ramiz Mehdiyev AMEA-nın institut və təşkilatları ilə Fransanın elmi mərkəzləri arasında əlaqələrin davam etdiriləcəyini, perspektiv əməkdaşlıq imkanları istiqamətində bundan sonra da müzakirələr aparılacağını vurğulayıb.
Tədbirdə AMEA ilə Strasburq Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanması istiqamətində razılıq əldə olunub. Qeyd edilib ki, yaxın günlərdə Bakıda AMEA-nın Fəlsəfə və Coğrafiya institutları ilə birlikdə "İdeyalar gecəsi 2” adlı tədbir də keçiriləcək.
Görüşdə
AMEA-nın birinci vitse-prezidentləri –
akademiklər İsa Həbibbəyli və
İbrahim Quliyev, Fransa səfirliyinin müşaviri
Jerom Kel, Strasburq Universitetinin strategiya və inkişaf
üzrə vitse-prezidenti Kristel
Roy, Azərbaycan-Fransız Universiteti
(UFAZ) üzrə əlaqələndirici Jan-Mark
Planeks, UFAZ-ın direktoru
Vazeh Əsgərov, baş
katibi Şarlotta Payen, Fransa səfirliyinin əməkdaşı
Qəmər Əfqani iştirak ediblər.
Azərbaycan.- 2020.- 16 yanvar.- S.3.