Akademik Ramiz Mehdiyevin
“Azərbaycanın inkişafını XXI əsrin
çağırışlarına uyğunlaşdıran Lider” adlı kitabı çapdan
çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” adlı kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda şərh edilən məsələlər akademik Ramiz Mehdiyevin Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri vəzifəsində işlədiyi 16 il ərzində müşahidə etdiklərinin nəticəsidir.
“Mənim üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qalmayıb. Ölkənin ümdə problemlərinin həllində iştirak etməli olanlar qeyri-ordinar transformasiyaların şahidlərinə çevrilir, ən mühüm məqamları gözləri ilə görmək və onun həqiqi miqyasını real zaman rejimində qiymətləndirmək imkanı əldə edirlər. O zaman istər-istəməz inanırsan ki, insanın quruculuq istedadının bənzərsizliyi mahiyyət etibarilə heç də təsadüfi deyil” – bu fikirlərlə başlayan kitab Azərbaycanın dövlət başçısı vəzifəsində böyük siyasi və görkəmli dövlət xadimi Heydər Əliyevdən sonra ölkəmizin sükanını böyük bacarıqla idarə edən Prezident İlham Əliyev haqqında kitabın bir fəslidir.
Qloballaşma proseslərinin fəallaşdığı şəraitdə, yeni minilliyin əvvəlində Azərbaycanın üzləşdiyi təhdidlər, XXI əsrin əvvəlinin reallıqları, dövlətin inkişafının yeni mərhələsində onun qarşısında duran mürəkkəb məsələlərin öhdəsindən gəlmək, Azərbaycanın inkişafı ilə bağlı genişmiqyaslı planları həyata keçirmək və İlham Əliyevdən ümummilli lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün zəruri olan xüsusi qabiliyyətlər tələb edildiyini yazan akademik Azərbaycanın inkişafında 2003-cü ilin oktyabrından başlanan yeni mərhələnin mahiyyətini təhlil edib: “Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı”.
İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələnin əsasının qoyulduğunu vurğulayan akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin öz vəzifələrinin icrasına “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” (noyabr 2003), “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafının dövlət proqramının təsdiq edilməsi haqqında (2004-2008)” (fevral 2004) fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafının sürətini müəyyən edərək start verdiyini bildirib.
Kitabda qeyd olunur ki, hərtərəfli düşünülmüş iqtisadi siyasət sayəsində Azərbaycanın xeyli irəliləməsi, neft amilindən asılılığın əhəmiyyətli dərəcədə azalması, “Neftdən asılı dövlət” modelinin artıq keçmişdə qalaraq iqtisadiyyatın şaxələndirilməsində ciddi uğurlar qazanılması, dövlətin sahibkarlığa və aqrar sənaye kompleksinə ciddi kömək göstərməsi, bu illər ərzində vergi-büdcə siyasətinin iqtisadi artımın ən mühüm amilinə çevrilməsi, Azərbaycanın ərzaq mallarının əksəriyyəti üzrə özünü təmin etmək səviyyəsinə çatması, ölkənin güclü ordusu və güclü xarici siyasətinin olması, ictimai-siyasi sabitliyin, icra intizamının təmin edilməsi, vətəndaşların hər sahədə məsuliyyətinin artırılması, həmçinin ölkə rəhbərliyinin ölçülüb-biçilmiş hərəkətləri Azərbaycanın qüdrətli dövlət olmasını göstərir və bütün bunlar dövlət səviyyəsində aparılan islahatların əsasını təşkil edir.
Müəllif Azərbaycanda həyatın bütün sahələrində islahatlar strategiyasını müəyyənləşdirən Prezident İlham Əliyevin təkcə ölkənin deyil, dünyanın müxtəlif KİV-lərində də fəaliyyətinin çox yüksək qiymətləndirildiyini qeyd edib. Türkiyənin NTV telekanalına müsahibəsində İlham Əliyevin əsl siyasətçi olduğunu nəzərə çatdıran ABŞ dövlət katibinin Avrasiya regionunda münaqişələr və Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Mann Azərbaycan xalqının İlham Əliyevin timsalında çox yaxşı Prezidenti olduğunu vurğulayaraq əlavə edib: “Hesab edirəm ki, ölkədə siyasi islahatlar davam etdiriləcək, neftdən alınan gəlirlər sıravi vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcək”.
Bundan əlavə, kitabda “The American Interest” nəşrində Amerika Xarici Siyasət Şurası yanında Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, “Azərbaycan müstəqillik günündən sonra” adlı kitabın müəllifi Svante Kornellin məqaləsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların, onların regionda inkişafa təsirinin təhlili təqdim edilir: “S.Kornellin fikrincə, ölkədə cari islahatlar əsl vaxtına düşüb. Budəfəki islahatlar 2015-ci ildə neftin qiymətinin azalması ilə bağlıdır, hərçənd Azərbaycanda bundan əvvəl də islahatlar aparılırdı. Məsələn, 1999-cu ildə Norveç modeli üzrə Dövlət Neft Fondu yaradıldı. 2012-ci ildə Azərbaycanda “ASAN xidmət” işə salındı”. Müəllif hesab edir ki, “ASAN xidmət” sayəsində vətəndaşlarla dövlət qulluqçuları arasında əlaqələr məhdudlaşdırılıb, korrupsiya faktları aradan qaldırılıb.
Kitabda dünyanın aparıcı nəşrlərindən olan “Harvard Business Review” jurnalında (sentyabr 2000-ci il) dərc edilmiş “Tanınmış lider olmağın yolu” sərlövhəli məqalənin müəllifləri Robert Qoffi və Haret Consun fikirləri dərc olunub. Onlar yazırlar: “İntuisiya siyasi liderin əvəzedilməz keyfiyyətidir. Belə adamlar haqqında deyirlər ki, onlar şəraiti yaxşı hiss edirlər. Onlar ətraf mühitdən gələn siqnalları instinktiv olaraq qəbul edir və nə baş verəcəyini əvvəlcədən duya bilirlər, hərçənd bu hadisələrin bütün təfərrüatını onlara heç kəs izah etməyib. O, ən kiçik eyhamların mənasını başa düşür və müşahidə qabiliyyəti az olan insanların nəzərindən qaçan cəmiyyətdə əhval-ruhiyyənin cüzi dəyişmələrini izləyir. Bütün görkəmli şəxsiyyətlər kəskin intuisiyaya malik olan insanlardır”.
Kitabın “Postneft dövrünün islahatları” adlı bölməsində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin postneft dövründə iqtisadiyyatı bacarıqla idarə edərək ölkəni yeni inkişaf yollarına çıxarmasından, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında xarici şokların və əsas ticarət tərəfdaşlarının resessiyasının təsiri altında baş vermiş qısamüddətli tənəzzülün 2017-ci ildə sabitləşmə və 2018-ci ildə iqtisadi artımla əvəz olunmasından danışılır. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən qısa müddətdə mühüm qərarların qəbul edilməsinin əsas istiqamətlərindən söz açılır.
AMEA-nın “Elm” nəşriyyatında çıxan və 168 səhifədən ibarət olan əsərdə öz əksini tapan materiallar Azərbaycan və rus dillərində təqdim edilir.
Azərbaycan.- 2020.- 16 yanvar.- S.3.