2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 13 yanvar
2020-ci il tarixli 16
saylı müraciətə baxılması barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR ¹ 10/64
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 44 saylı Sumqayıt - Xızı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ağamiyev Murad Natiq oğlu 2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin hərəkətsizliyini mübahisələndirmiş və pozulması iddia olunan hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd M.N.Ağamiyev müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınması üçün 2020-ci il yanvarın 10-u saat 17:45-də seçici imzalarının toplanmasını yekunlaşdırmış, imza vərəqələri və digər seçki sənədlərini saat 17:53-də dairə seçki komissiyasının yerləşdiyi Sumqayıt Dram Teatrının binasına gətirmiş, lakin binanın qapılarının bağlı olduğunu görmüşdür. Dairə seçki komissiyasının sədr əvəzi onun seçki hüquqlarını pozaraq süni əngəllər yaratmış, saat 18:03-dən 18:11-dək ona dəfələrlə zəng etsə də onun zənglərinə cavab verilməmiş, bu səbəbdən imza vərəqələri və onlara əlavə olunan digər seçki sənədlərini komissiyaya təqdim edə bilməmişdir.
Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun iclasda iştirakı təmin olunmuşdur.
Araşdırma ilə müəyyən edilmişdir ki, M.N.Ağamiyevin namizədliyi öz təşəbbüsü ilə 2020-ci il yanvarın 8-də irəli sürülmüş, yanvarın 10-u saat 15:00 radələrində namizədliyinin irəli sürülməsi dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş, saat 16:00 radələrində ona imza vərəqələri verilmiş, namizəd imza vərəqələri və ona əlavə edilmiş digər zəruri seçki sənədlərini qanunvericiliklə sənədlərin təqdim olunmasının son müddətinədək, yəni 2020-ci il yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyasına təqdim etməmişdir. O, 2020-ci il yanvarın 11-də imza vərəqələri və ona əlavə edilən seçki sənədlərini dairə seçki komissiyasına gətirərək onun 10 yanvar tarixinə rəsmiləşdirilməsini xahiş etmiş, xahişi təmin edilmədiyinə görə sənədləri təhvil verməkdən imtina etmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasının üzvlərindən izahat, həmin gün qeyd edilən saatda dairə seçki komissiyasında olmuş digər dörd namizəddən alınmış məlumatla müəyyən edilmişdir ki, M.N.Ağamiyevin müraciətdə göstərdiyi saatlarda dairə seçki komissiyasının üzvləri iş yerində olmaqla həmin namizədlərin sənədlərinin rəsmiləşdirilməsini həyata keçirmişlər. Komissiya üzvlərinin izahatında və namizədlərin məlumatlarında M.N.Ağamiyevin həmin saatlarda hər hansı bir məsələ ilə əlaqədar dairə seçki komissiyasına müraciət etməsi öz təsdiqini tapmamışdır.
Eyni zamanda dairə seçki komissiyasının yerləşdiyi Sumqayıt Dövlət Dram Teatrının inzibati binasının növbətçi mühafizəçisi C.Q.Həsənovdan alınmış yazılı məlumatda göstərilir ki, 2020-ci il yanvarın 10-da iş cədvəlinə uyğun olaraq saat 08:00-dan 20:00-dək inzibati binanın qapıları açıq olmuşdur.
Göstərilənlərə əsasən müəyyən olunur ki, namizəd M.N.Ağamiyev imza vərəqələri və ona əlavə edilən digər sənədləri Seçki Məcəlləsinin 58.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə deyil, həmin müddətdən sonrakı gün dairə seçki komissiyasına gətirsə də onları komissiyaya təqdim etməkdən imtina etmişdir.
Beləliklə, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması ilə M.N.Ağamiyevin şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 44 saylı Sumqayıt - Xızı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş M.N.Ağamiyevin 13 yanvar 2020-ci il tarixli 16 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl
Rəhimov
15.01.2020-ci il
Azərbaycan.- 2020.- 16 yanvar.- S.6.