2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2020-ci il tarixli 14 saylı müraciətə baxılması barədə

 

 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR ¹ 10/67

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 96 saylı Goranboy - Naftalan seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Topçuyev Azər Yusif oğlu 13 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək dairə seçki komissiyası tərəfindən namizəd kimi qeydə alınması üçün seçki sənədlərini qəbul edilməməsini mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd A.Y.Topçuyev müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 96 saylı Goranboy - Naftalan seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini təqdim etmək üçün 2020-ci il yanvarın 10-u saat 17:40-da dairə seçki komissiyasına gəlmiş, lakin komissiyanın üzvləri bilərəkdən onun sənədlərini qəbul etməmiş, şikayətçi həmin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi şikayətinə əlavə etmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, ona araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Dairə seçki komissiyasının üzvlərindən müraciətdə mübahisələndirilən hərəkətsizliklə bağlı izahatlar alınmış və özündə video görüntüləri əks etdirən bir ədəd elektron məlumat daşıyıcı araşdırma materiallarına əlavə edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, A.Y.Topçuyevin namizədliyinin qeydə alınması məqsədilə seçki sənədlərini dairə seçki komissiyasına təqdim etməsi üçün ona izah edilmişdir ki, Seçki Məcəlləsinin 57.11-ci maddəsinə əsasən təqdim edilən imza vərəqələri ardıcıl olaraq nömrələnməli və qovluq formasında səhifələnməlidir. Düzəlişlər edildikdən sonra sənədlər qəbul edilərək ona "Azərbaycan Respubluikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyalarına təqdim edilməsi qaydaları haqqında Təlimat”a 2 saylı əlavəyə uyğun arayış veriləcəkdir.

Lakin namizəd A.Y.Topçuyev sənədləri həmin Təlimatın tələblərinə uyğun olaraq təqdim etmək əvəzinə dairə seçki komissiyasının bu təklifini düzgün qiymətləndirməyərək həmin gün saat 18:03-dən başlayaraq bir neçə dəfə Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "Qaynar xətt”inə zəng edərək sənədlərinin qəbul edilməməsindən şikayətlənmişdir. Daha sonra Mərkəzi Seçki Komissiyasının məsul işçisi tərəfindən ona zəng olunaraq dairə seçki komissiyası ilə əlaqə saxlanıldığı, sənədlərin qəbul olunmasında heç bir problemin olmadığı, imza vərəqələri və ona əlavə edilən sənədlərin təcili olaraq dairə seçki komissiyasına təqdim edilməsinin vacibliyi bildirilmişdir.

Namizəd A.Y.Topçuyev dairə seçki komissiyasına yenə də sənədləri təqdim etməmiş, əksinə, Daxili İşlər Nazirliyinin "102” xidməti-zəng mərkəzinə zəng etmişdir.

Həmin gün namizəd A.Y.Topçuyevin müvafiq sənədlərini dairə seçki komissiyasına qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etməsi üçün hər hansı bir maneənin olmaması və onun hüquqlarının pozulmaması dairə seçki komissiyasının sədri A.A.Abbasovun, katibləri F.N.Məhərrəmovun, Ə.Ə.Rəhimovun və katibliyin aparıcı məsləhətçisi Z.B.Məmmədlinin izahatları və elektron daşıyıcıda olan video görüntülərlə öz təsdiqini tapmışdır.

Araşdırma zamanı namizəd A.Y.Topçuyevin qeydə alınması üçün 2020-ci il yanvarın 10-da müvafiq sənədlərini dairə seçki komissiyasına qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etməməsi heç bir mübahisə doğurmadığından, əksinə, buna görə dairə seçki komissiyasının hərəkətsizlik etməyərək saat 18:00-dan sonra da ona sənədlərinin təqdim olunması üçün şərait yaratdığına görə müraciət əsassız hesab edilərək təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 96 saylı Goranboy - Naftalan seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Topçuyev Azər Yusif oğlunun 13 yanvar 2020-ci il tarixli 14 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

15.01.2020-ci il

 

Azərbaycan.- 2020.- 16 yanvar.- S.6.