Qanla yazılan tarix
1990-cı
ilin Qanlı Yanvarından artıq 30 il keçir.
Bu hadisə yaranışından
alnına "qan ləkəsi” düşən
M.Qorbaçovun Vətənimizə,
xalqımıza qarşı
törətdiyi dəhşətli
cinayət idi. Ətrafına toplanmış ermənilərin
və ermənipərəst
qüvvələrin toruna
düşərək, öz
əli ilə özünə əbədi
satqınlıq, şərəfsizlik
damğası vurdu o.
SSRİ kimi nəhəng
bir dövlətin başına keçən
M.Qorbaçov sərsəm
"yenidənqurma” siyasəti
adı altında dünyanın nizamını
düzənləyən böyük
bir ölkəni - ikinci super dövləti dağıtmağa başladı.
Bunun üçün
o, siyasi büronun ən nüfuzlu üzvlərini, o cümlədən
Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırmağa
nail oldu. Məkrli niyyətlərini həyata keçirmək üçün artıq yollar açıq idi. İllərlə qazanılan nə
vardısa, məhvə
doğru istiqamət aldı. İqtisadiyyat çökdü, millətlərarası münaqişələr
başlandı. Dünyanın
müxtəlif ölkələrində
kök atmış ermənilər, imperialist qüvvələrin
dəstəyi ilə istədiklərinə nail oldular.
Bəd niyyətli, xain xislətli, hiyləgər
üzdəniraq qonşularımız
dişlərini qıcayaraq
belə fürsətin
ələ düşməsini
çoxdan idi ki, gözləyirdilər.
Bunlar hamı kimi mənim də qəlbimi qəzəb, nifrət hissi ilə doldurdu. Şeytan xislətli M. Qorbaçova
ünvanladığım "Bir dəli quyuya
bir daş atıbdır” şeiri də bu düşüncələrdən
yarandı.
Gör necə söz deyib aqil babalar!
Bu sözün ardında mənalı bir sirr:
"Bir dəli quyuya
bir daş atıbdır,
Min ağıllı onu
çıxara bilmir”.
Daşa
da ad tapdı çox əziz-xələf,
Dedi ki, qoyuram "yenidənqurma”.
O daş o quyuya atılan gündən
Başladı vurhavur, yenidənqırma.
Axı,
necə olub, bu boyda daşı
Bir dəli
quyuya ata bilibdi?!
Hansı
hiylə ilə, hansı güc ilə
O öz məqsədinə çata bilibdi?!
... O dəli, sən demə, şeytan misallı,
Dondan-dona girib, evlər yıxıbdı.
Bizi itələyib quyu dibinə,
Sonra iblis kimi yoxa çıxıbdı.
Hərdən ip sallayır özü quyuya,
Tarix naxələftək
onu anmasın.
İpə bilə-bilə sabun
çəkib ki,
Xilas olunmağa
ümid qalmasın.
Bir az sayıq
olun, ölkələr,
xalqlar,
Bəlkə də, bu daşda
sehr var, sirr var.
Biz onu quyuda qoya
bilmərik,
Yoxsa bu dünyanı çəkib
aparar.
Ermənilər havadarlarının köməyi
ilə Qarabağımızın
torpaqlarını mərhələ-mərhələ
işğal etdilər. Etiraf etməliyik ki, bu işdə özümüzün də
günahımız az olmadı. Respublikanı idarə edə
bilməyən, M.Qorbaçovun
çaldığı hava
ilə oynayan ovaxtkı hakimiyyət rəhbərləri xalq arasında gülüş
obyektinə çevrilirdi.
Bu isə müxalifət
qüvvələrini hakimiyyəti
ələ keçirməyə
daha da ruhlandırırdı.
Bir sözlə, respublikada xaos, özbaşınalıq,
hərc-mərclik hökm
sürürdü. Bədnam qonşularımızın
da istədiyi elə bu idi.
"Erməni xisləti”
adlı şeirimdə
bu barədə belə demişəm:
Dolanır cəfənglər sənin
başında,
"Dənizdən-dənizə” xülyasındasan.
Nə dədən, nə baban dəniz görübdür,
Özünsə gör nəyin sevdasındasan.
Dənizin özünün xisləti
vardır:
Gah coşub kükrəyir, gah da ki
yatır.
Acgözlər, xəbislər, artıqtamahlar
Onun sularında
boğulur, batır.
...Guya cəfakeşsən
min illər boyu,
Yolunu kəsibdir dağlar, duman, çən...
Torpağı, vətəni "sevən”
qurumsaq,
Bəs niyə
hər yerə səpələnmisən?!
Ermənilərə havadarlıq edən M.Qorbaçovun əmri ilə 1990-cı ilin yanvarın 20-nə keçən
gecə o vaxta qədər xilaskar sandığımız sovet
ordusu Bakıya soxuldu. Gələnlər əslində xüsusi
təyinatlılar idi.
Əsgər və zabitlər
aldıqları tapşırıqlara
əsasən hər yeri gülləbaran edir, qarşılarına çıxan insanları amansızcasına qətlə
yetirir, tanklarla minik maşınlarının
üstündən keçib
gedir, hər kəsi, hər şeyi hərbi texnikanın tırtılları
altına alırdılar.
Bu vəhşiliyi görmək üçün
evlərin eyvanına çıxan dinc insanlar - qoca, qadın, uşaqlar güllə yağışına
tutulurdular. Bəzilərinə güllə eləcə evin içərisində dəymişdi. Yaralıları
daşıyan tibb maşınlarına atəş
açır, xəstəxanalardakı
iş prosesini pozurdular. Həmin müdhiş gecədə
yüzlərlə soydaşımız
amansızcasına qətlə
yetirildi, küçə
və xiyabanlar al-qana boyandı. Həm də canilər bütün dünyada qadağan olunmuş zəhərli güllələrdən
istifadə etmişdilər.
Ağır gündə yumruq kimi bir olmağı
bacaran xalqımız müstəqillik, azadlıq
yolunda canlarını
qurban verən həmin şəhidləri
misli görünməmiş
izdihamla son mənzilə
yola saldı. Namərd gülləsinə
tuş gələn soydaşlarımız Moskvanın
respublikamıza qarşı
apardığı ədalətsiz
siyasətə etiraz etmək, haqq səsini ucaltmaq üçün küçə
və meydanlara çıxmışdılar. Onların haqq tələb edən səsləri qan dənizində boğulsa da, yerdə qalmadı. Azadlığa gedən yolun
ilk qurbanları oldu şəhidlərimiz. Xalqımızı müstəqilliyə, öz
ölkəsinin, öz
sözünün sahibi
olmağa aparan yol bu hadisədən
başladı. 20 Yanvar bir tərəfdən
xalqımızın hüzn
günüdürsə, digər
baxımdan qəhrəmanlıq
tariximizin yeni bir səhifəsidir.
Şəhidlər haqqında
yazdığım bu şeir də həmin tarixi günlərin əks-sədasıdır:
Siz ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə
amal seçib,
Ömrün bahar çağında
həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
Yaşayan hər ömürdə
qanınız, canınız
var!
Səs verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs şəhidlik
zirvəsinə!
Məzarınız dönübdür ziyarət
türbəsinə.
İnanın, and içirik, qanınız
alınacaq!
Xatirəniz, ruhunuz həmişə
anılacaq!
Bir ata övladından el oğluna
döndünüz.
Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!
Gələcək nəsillərə yetişəcək
ününüz.
Siz bu gün də,
sabah da
- əsrlərlə sağsınız!
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!
Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulur min çiçəyə,
min gülə.
Tərsiniz çiçək kimi,
həmişə baharsınız!
Azərbaycan köksündə əbədiyaşarsınız!
Seyran CAVADOV
Azərbaycan.- 2020.-16 yanvar.- S.7.