BMT və Azərbaycan arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün ikigünlük seminar işə başlayıb

 

Yanvarın 16-da Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün ikigünlük seminar işə başlayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının dəstəklədiyi tədbirin məqsədi 2021-2025-ci illəri əhatə edən BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin strateji prioritetlərini müəyyənləşdirməkdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycan hökumətinin BMT ilə əməkdaşlığa yüksək qiymət verdiyini bildirib, həmin əlaqələrin ölkəmiz üçün faydalı olduğunu deyib.

Son 30 ildə yaradılan gənc dövlətlər içərisində ən uğurlu və sürətlə inkişaf edən dövlətlərdən biri də Azərbaycandır. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı böyük inkişaf mərhələsi keçib. İqtisadiyyat dəfələrlə artıb, ölkəmizin siması köklü surətdə dəyişib, əhalinin həyat səviyyəsi və həyat keyfiyyətləri istiqamətində böyük layihələr həyata keçirilib. Bütün bunların nəticəsində Azərbaycan vətəndaşlarının həyatı, əhalinin yaşayış səviyyəsi ciddi şəkildə yaxşılaşıb. Bu gün Azərbaycan yüksək orta səviyyəli inkişaf etmiş ölkələr sırasına daxil olub.

Azərbaycanın BMT ilə əlaqələri müxtəlif sahələri əhatə edir. İndiki dövrdə BMT-nin dünya miqyasında həyata keçirdiyi qlobal layihələrdən biri 2030-cu ilə qədər dünyamızın transformasiyası ilə əlaqədardır. Azərbaycan bu layihəyə qoşulub. Hesab edirəm ki, 2030-cu ilə qədər dünyamızın transformasiyası layihəsinin həyata keçirilməsində də Azərbaycan öz töhfələrini verəcək. Ölkəmiz həmin layihə çərçivəsində ortaya qoyulmuş məqsədlərin və hədəflərin əldə olunması ilə əlaqədar təhlillər apardıqdan sonra özünün əsas prioritetlərini müəyyənləşdirib. Başlıca hədəfimiz ondan ibarətdir ki, Azərbaycanın milli inkişaf strategiyası BMT-nin müəyyənləşdirdiyi və 2030-cu ilə qədər dünyamızın transformasiyasını nəzərdə tutan proqramdakı strateji məqsədlərə və hədəflərə tamamilə uyğun gəlsin.

Azərbaycanın inkişafı bütün sahələrdə özünü göstərir, o cümlədən əhalinin sayı böyük templə artmaqdadır. Son 30 ildə Azərbaycan əhalisi 3 milyon nəfər artıb ki, bu da 40 faiz artım deməkdir. Hər il Azərbaycanın əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur. Hazırda əhalinin 50 faizdən bir qədər çoxu şəhərlərdə yaşayır. Bu da qarşımıza kənd yerlərində məşğulluğun artırılması, həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı vəzifələr qoyur.

Qarşımızda duran ən mühüm vəzifələrdən birisosial sferanın inkişaf etdirilməsidir. Son illərdə insanların həyat səviyyəsinin və həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində çox böyük layihələr həyata keçirilib. Ötən il Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük sosial layihələr, paketlər həyata keçirilib və insanların həyat səviyyəsində əhəmiyyətli dəyişiklik əldə edilib. Lakin Azərbaycanın özündən asılı olmayan səbəblərdən həll etməli olduğu məsələlər də var. Ölkə ərazisinin 20 faizi işğal altındadır. Əhalinin 10 faizi, yəni təxminən 1 milyona yaxını məcburi köçkündür. Onların sosial rifahının yüksəldilməsi də dövlətin diqqət mərkəzindədir”, - deyə Baş Nazirin müavini vurğulayıb.

O, 5 illik proqramın ölkəmizdə həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacağını bildirib. Əli Əhmədov strateji hədəflərə çatmaq üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzaiBMT-nin inkişaf sistemi islahatları çərçivəsində 2030-cu ilə baxışı” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün milli maliyyə strategiyasının hazırlanmasının vacibliyini qeyd edib. Rezident əlaqələndirici növbəti 5 il ərzində görüləcək işlərin nəticələrinin Azərbaycanda əhalinin hər bir təbəqəsi arasında hiss ediləcəyinə ümidvar olduğunu bildirib.

“Azərbaycanın 2030-cu il və sonrakı dövrlə bağlı inkişaf strategiyası” mövzusunda məruzə ilə çıxış edən BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin İdarə Komitəsinin həmsədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın BMT-nin qlobal təşəbbüslərində fəal iştirak etdiyiniöz töhfəsini verdiyini diqqətə çatdırıb. Azərbaycanda həyat səviyyəsinin yüksəldilməsi və iqtisadi inkişafa nail olmaq üçün həyata keçirilən tədbirlərdən danışan İqtisadiyyat naziri yoxsulluğun 49 faizdən 4.9 faizə endirildiyini, ölkəmizin yoxsulluğa və aclığa qarşı mübarizəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görüldüyünü deyib.

Nazir bildirib ki, 2016-cı ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Azərbaycan üçün prioritet hesab edilən 17 məqsəd, 88 hədəf, 119 göstərici seçib. Bu hədəflər ölkə üzrə hazırlanan dövlət proqramları, strategiyalar, milli fəaliyyət planlarına inteqrasiya edilib. Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunluğunu müəyyən etmək üçün sürətli kompleks qiymətləndirmə aparılıb. Qiymətləndirmənin nəticəsinə görə, mövcud strateji sənədlərin həmin məqsədlərə uyğunluğu 70 faiz təşkil edib.

Sonra BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin planlama prosesi üzrə məsləhətçisi Peter Midlbrokun moderatorluğu ilə “BMT- Azərbaycan əməkdaşlığının 2030 gündəliyinə nail olmaqda əlavə etdiyi dəyərlər” mövzusunda panel müzakirə həyata keçirilib.

Müzakirədə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan danışan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib: “İslahatların həyata keçirilməsi üçün üç hədəf müyyənləşdirilib. Birinci, sosial müdafiənin maliyyə təminatının gücləndirilməsi əhalinin rifahının artırılmasına yönəlib. Hətta ötən il bu sahədə ölkə əhalisinin 42 faizinin gəlirlərinə və onların rifahına birbaşa təsir edən sosial zərf qəbul edilib. Onun maliyyə təminatı da dövlət büdcəsinin 12-13 faizinin əlavə olaraq sosial sahəyə yönəldilməsi sayəsində baş verdi. Minimum əməkhaqqı ölkədə 92, minimum pensiya 72, bütün müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.

İkinci qrup hədəflər inzibati təcrübə sahəsində səmərəliyin artırılmasıdır və bu sahədə də qarşıya böyük tələblər qoyulub. Prezidentin müvafiq fərman və sərəncamlarına uyğun olaraq ötən il 19 növ müavinət və təqaüdün ödənilməsi, eləcə də pensiya təminatı avtomatlaşdırılıb. Aparılan islahatlar təkcə bu il 200 mindən çox müavinət və pensiya təminatını tam elektron qaydadaproaktiv şəkildə birbaşa əldə etmək imkanı yaradır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə DOST agentlikləri və “DOST” mərkəzlərinin istifadəyə verilməsinə başlanılıb. Ötən il ölkədə 2 “DOST” mərkəzi istifadəyə verilib. Təkcə 8 ayın nəticələrinə əsasən 63 mindən çox vətəndaş “bir pəncərə”dən 132 xidməti əldə etmək imkanı qazanıb. İndiyədək həmin xidmətlərdən istifadə edən 63 min vətəndaşın məmnunluq səviyyəsi 95, 2 faizdir və bu, bizim gözlədiyimizdən də çoxdur.

Hədəflərin üçüncü qrupuna gəldikdə isə bu daha çox orta və uzunmüddətli dövr üçün konseptual yanaşmanın müəyyən edilməsi ilə əlaqədardır”.

Sahil Babayev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin ixtisaslaşmış qurumları arasında 14 layihənin icra olunduğunu da diqqətə çatdırıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanda ekoloji məsələlərin diqqət mərkəzində saxlanıldığını deyib. O, bunun bariz nümunəsi kimi 2010-cu ilinEkologiya ilielan olunduğunu, ötən ilin isə “Nəsimi ili” çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağacın əkildiyini qeyd edib. Nazir müavini işğal edilmiş ərazilərdə erməni vandallarının təbiətimizə vurduğu ziyanlardan da bəhs edib.

İqlim dəyişmələri məsələlərinə toxunan F.Əliyev heç bir ölkənin ondan kənarda qalmadığını diqqətə çatdırıb.

Nazir müavini Azərbaycanda suyun qənaətlə istifadəsi, biomüxtəlifliyin mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, meşə ərazilərinin artırılması, yoxsulluğun azaldılması, akvakulturanın inkişafı sahəsində tədbirlər görüldüyünü vurğulayıb.

Panel müzakirəsi zamanı, həmçinin İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva çıxış edərək BMT-Azərbaycan inkişafının əldə etdiyi dəyərlər, milli inkişaf üçün lazımi ehtiyaclar, Dayanıqlı İnkişaf Məqsədləri üçün tərəfdaşlığın gücünü artırmaqla bağlı öz fikirlərini bölüşüb.

Yanvarın 17-də seminara yekun vurulacaq.

 

Azərbaycan.- 2020.- 17 yanvar.- S.2.