Dövlət-din münasibətlərində
multikulturalizm vacib amildir
Mədəniyyətlərin qovuşması olduqca böyük bəhrə verir. Bununla xalqlar dostlaşır,
mədəniyyətlər bir-birini
inkar etmir. Azərbaycanda mədəniyyətlərarası
dialoq hər zaman mövcud olub. O da danılmaz faktdır ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun multikulturalizmə təsiri əvəzsizdir.
Hazırda mədəniyyətlər və
dinlər arasındakı
yaxınlaşmanın dilə
gətirilərək dialoqların
qurulduğu, bunun nəticəsində mədəni-dini
fərqliliklər üçün
tolerantlığın axtarıldığı
və sülh şəraitində birgəyaşayış
naminə maksimum səylərin göstərildiyi
bir zamanda yaşayırıq. Məhz buna görə
də mədəniyyətlərarası
dialoq mühitində digər mədəniyyətlərin
xüsusiyyətlərinin öyrənilməsi
vacibdir. Mədəniyyətlərarası dialoqda müvəffəqiyyətin
təməli həmçinin
insanların öncə
öz mədəniyyətlərinə
həssaslıq göstərməsinə
əsaslanır. Mədəniyyətlərin
qovuşması zamanı
xalqların nümayəndələri
müsbət dəyərləri,
üstün cəhətləri
qəbul etməklə,
əksər hallarda stereotiplərdən azad olurlar. Burada fərqli dinlərdən
olanlar yaşadıqları
eyni ictimai mühitdə plüralizm anlayışı içində
həyatın ortaq istiqamətlərini, sülh,
insan hüquqları kimi cəmiyyətin ciddi məsələlərini
birlikdə həll etməyin yollarını axtara bilirlər.
Azərbaycanda kompakt şəkildə müxtəlif etnosların
nümayəndələri yaşayır
və onların hər biri öz
maddi və mənəvi dəyərlərini,
dilini, tarixi yaddaşını, mentalitetini
qoruyub saxlayan unikal xüsusiyyətlərin
daşıyıcılarıdır. Azərbaycan bir
ictimai məkan kimi mədəniyyətlər
və dinlərarası
münasibətlərin durumu,
etnik-milli-bəşəri müstəvilərin
ahəngdar mövcudluğu
baxımından dünyada
örnəkdir.
Çoxmədəniyyətlilik, yəni multikulturalizm Azərbaycanda həyat tərzinə çevrilib. Onun dövlət
ideologiyasına, siyasətin
prioritetlərindən birinə
çevrilməsindən xeyli
əvvəl də ölkəmizdə çoxmədəniyyətlilik
mövcud olmuşdur.
Azərbaycan dövlət-din münasibətlərinin
tənzimlənməsi və
dini dözümlülük
baxımından zəngin
ənənəyə və
qədim təcrübəyə
malikdir. Bu münasibətlər müxtəlif
mərhələlərdən və tarixən ağır sınaqlardan keçərək özünəməxsus
xüsusiyyətlər qazanmışdır.
Zaman-zaman təqib olunaraq
repressiyalara məruz qalsa da, xalqımız
daim öz milli-mənəvi dəyərlərinə
sadiqlik nümayiş etdirmiş, digər din və mədəniyyətlərə
tolerant münasibətilə seçilmişdir. Bu gün də Azərbaycan dövləti
və xalqı bu zəngin ənənəni yaşadır,
onun gələcək
nəsillərə çatdırılması
yolunda öz səylərini əsirgəmir.
Azərbaycan sivil bir dövlət olaraq həmişə dini ekstremizmə qarşı çıxmış, dini
dözümsüzlüyü pisləmiş və bu sahədə başqa ölkələrlə
əməkdaşlıq etmişdir.
Əlverişli coğrafi
şərait, zəngin
təbii sərvətlər,
mərkəzi ticarət
yollarının üzərində
və fərqli mədəniyyətlərin qovşağında
yerləşməsi, etnik
və dini müxtəliflik, təsərrüfat
və mədəni həyatın yüksələn
xətlə inkişaf
etməsi, eləcə
də bir sıra digər vacib amillər Azərbaycanı orta əsrlərdə də müxtəlif xalqlar və mədəniyyətlərin
daşıyıcıları üçün cazibədar
etmişdir. Azərbaycanın zaman-zaman böyük
köçkün axınına
məruz qalmasına baxmayaraq, müxtəlif xalqlar və etnik qruplar bu
torpaqlarda həmişə
sülh şəraitində
bir yerdə dinc, yanaşı yaşamışlar.
Müstəqillik əldə etdikdən sonra ölkəmizdə dini etiqad azadlığının
təmin olunmasına,
icmaların dini ayin və mərasimləri
sərbəst yerinə
yetirməsinə, milli-mənəvi
dəyərlərin təbliğinə
və tolerantlıq ənənələrinin güclənməsinə
diqqət artırıldı. Azərbaycan hökuməti
bütün dinlərin
nümayəndələrinə dini ayin və
mərasimləri sərbəst
yerinə yetirmək üçün bərabər
imkanlar yaratdı, onların fəaliyyətinə
əsassız müdaxilələrin
qarşısını aldı.
Ölkənin iqtisadi imkanları
genişləndikcə müxtəlif
din və məzhəblərin
nümayəndələrinə qayğı və diqqət artırıldı.
Hazırda qloballaşma prosesinin sürətləndiyi, xarici
təsirlərin artdığı
mürəkkəb beynəlxalq
şəraitdə dinlərarası
qarşılıqlı anlaşma,
hörmət prinsiplərinin
qorunub saxlanması və dindən şəxsi məqsədlər
naminə istifadənin
qarşısının alınması
üçün dini maarifləndirmənin aparılması
xüsusi əhəmiyyət
kəsb edir.
İndiyədək dövlət-din münasibətləri sahəsində fəaliyyət göstərən strukturların formalaşdırılması və onların fəaliyyətinin koordinasiya olunması istiqamətində əhəmiyyətli qərarlar qəbul olunub. Bu baxımdan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını xüsusi qeyd etməliyik.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilir. Ümummilli Liderin apardığı uğurlu siyasət nəticəsində qorunub saxlanılmış tolerantlıq ənənələri, bərpa edilmiş tarixi-dini, memarlıq abidələrimiz, xalqımızın zəngin incəsənəti dəyərli nümunələrimizdir. Heç şübhə yoxdur ki, xalqımız bunun həm sahibi, həm də qoruyucusudur. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsinə və sabitliyin qorunmasına Qafqaz Müsəlmanları İdarəsi də öz töhfəsini verir. Bu qurumla Azərbaycanda fəaliyyət göstərən digər dini icmaların arasında münasibətlər qarşılıqlı anlaşma və etimada söykənir. Onlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi işində fəal iştirak edirlər. Münasibətlərin yüksək səviyyədə olması baxımından Azərbaycan bu gün bir çox dünya ölkələri üçün örnək rolunu oynayır.
Həmid ZEYNALLI,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının tələbəsi
Azərbaycan.- 2020.- 17 yanvar.-
S.4.