Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının nəzdində fəaliyyət göstərən
Mətbuat qrupunun tərkibində dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR 11/71
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) 4 sentyabr 2008-ci il tarixli 17/85 saylı Qərarı ilə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün müəyyən edilmiş qaydalara riayət etmək məqsədilə komissiyanın nəzdində Mətbuat qrupu yenidən formalaşdırılmışdır.
Seçkiqabağı təşviqatın aparılmasında qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə yaradılmış Mətbuat qrupunun fəaliyyətinin daha da təkmilləşdirilərək günümüzün tələblərinə cavab verəcək standartlara uyğun fəaliyyət göstərməsi üçün həmin qrupun tərkibində müvafiq dəyişiklik edilməsi zərurəti yaranmışdır.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74.5-ci maddələrinə və "Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat qrupu haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibindən ANS media və yayım şirkəti, "Space” Müstəqil Teleradio Şirkəti, Olaylar İnformasiya Agentliyi, "Kaspi” qəzeti və "Gündəlik teleqraf” qəzetinin nümayəndələri çıxarılsın.
2. Mətbuat qrupunun tərkibinə REAL Təhlil İnformasiya Mərkəzi, Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası, Report İnformasiya Agentliyi, "Gündəlik Teleqraf” və Azərbaycan Mətbuat Şurasının nümayəndələri daxil edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.01.2020-ci ll
Azərbaycan.- 2020.- 18 yanvar.- S.5.