2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 yanvar 2020-ci il tarixli 23 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR 11/75

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Nəsirov Niyaz Eynulla oğlu 2020-ci il yanvarın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 13 saylı Xəzər-Pirallahı seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) hərəkətsizliyi nəticəsində namizədliyinin qeydə alınmamasını mübahisələndirmiş pozulmuş hüquqlarının bərpa olunaraq namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd N.E.Nəsirov müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə qeydə alınmaq üçün imza vərəqələri ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına qanunla nəzərdə tutulmuş müddətdə təqdim etməsinə baxmayaraq, dairə seçki komissiyası tərəfindən əsassız olaraq onun namizədliyi qeydə alınmamışdır.

Namizəd N.E.Nəsirovun müraciəti ilə əlaqədar dairə seçki komissiyasından tələb edilərək alınan müvafiq sənədlər araşdırılmışdır. Müəyyən edilmişdir ki, namizəd 2020-ci il yanvarın 3-də qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, lakin komissiya Seçki Məcəlləsində göstərilən müddətdə və qaydada həmin sənədlərə baxmamışdır.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən İşçi qrupu tərəfindən imza vərəqələri və digər seçki sənədlərinin düzgünlüyünün yoxlanılması nəticəsində tərtib edilmiş 16 yanvar 2020-ci il tarixli protokol və rəylərdən görünür ki, namizədin qeydə alınması üçün təqdim etdiyi sənədlər, o cümlədən imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsinin tələblərinə uyğundur.

Belə ki, namizəd tərəfindən toplanılmış 500 seçici imzasından 462-si etibarlı hesab edilmişdir ki, bu da namizədin qeydə alınması üçün kifayət edir. Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və N.E.Nəsirovun 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas gətirərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Nəsirov Niyaz Eynulla oğlunun 16 yanvar 2020-ci il tarixli 23 saylı müraciəti əsaslı olduğundan təmin edilsin.

2. 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Nəsirov Niyaz Eynulla oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

17.01.2020-ci ll

 

Azərbaycan.- 2020.- 18 yanvar.- S.5.