2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 yanvar 2020-ci il tarixli 20 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR 11/76

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədli Elcan Vəliməmməd oğlu 15 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 3 yanvar 2020-ci il tarixli 3/10 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini pozulmuş hüquqlarının bərpa olunaraq namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Namizəd E.V.Məmmədli müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələri ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, ancaq dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyi qeydə alınmamışdır.

E.V.Məmmədlinin müraciəti ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər tələb edilərək araşdırılmışdır. Müəyyən edilmişdir ki, dairə seçki komissiyasının namizədliyin qeydə alınmasından imtina edilməsi barədə 3 yanvar 2020-ci il tarixli 3/10 saylı qərarı ilə E.V.Məmmədli tərəfindən təqdim edilmiş 10 imza vərəqəsindəki 500 imzadan 163 imza işçi qrupu üzvünün rəyi əsasında etibarsız hesab edildiyindən və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan imzalar Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədliyin qeydə alınması üçün kifayət etmədiyindən Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 16 yanvar 2020-ci il tarixli protokol və rəylərdən görünür ki, E.V.Məmmədlinin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır.

Belə ki, namizəd tərəfindən toplanılmış 500 seçici imzasından 462-si etibarlı hesab edilmişdir ki, bu da namizədin qeydə alınması üçün kifayət edir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Beləliklə, aparılan araşdırmanın nəticələrinə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, dairə seçki komissiyasının E.V.Məmmədlinin namizəd kimi qeydə alınmasından imtinaya dair 3 yanvar 2020-ci il tarixli 3/10 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədli Elcan Vəliməmməd oğlunun 15 yanvar 2020-ci il tarixli 20 saylı müraciəti təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 3 yanvar 2020-ci il tarixli 3/10 saylı qərarı ləğv edilsin.

2. 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədli Elcan Vəliməmməd oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

17.01.2020-ci ll

 

Azərbaycan.- 2020.- 18 yanvar.- S.5-6.