2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 yanvar 2020-ci il tarixli 19 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR 11/77

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə namizədliyi öz təşəbbüsü ilə 95 saylı Tərtər seçki dairəsi üzrə irəli sürülmüş Xudiyeva Aynurə Əjdər qızı 2020-ci il yanvarın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) onun namizədliyinin qeydə alınmasından imtina edilməsi haqqında 13 yanvar 2020-ci il tarixli 5/21 saylı qərarının ləğv edilməsini və pozulması iddia olunan hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd A.Ə.Xudiyeva müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyasına 2020-ci il yanvarın 9-da müraciət edərək müvafiq sənədləri təqdim etmiş, sənədləri qəbul olunaraq ona bildiriş təqdim olunmuşdur.

Dairə seçki komissiyasının 2020-ci il 10 yanvar tarixli iclasında namizədliyinin irəli sürülməsi təsdiqlənərək ona imza vərəqələri verilmiş, özü və nümayəndələri elə həmin gün saat 18:00-a qədər seçki dairəsinin ərazisindən seçicilərin 500 (beş yüz) imzasını toplamış, saat 19:00-da imza vərəqələrini təqdim etmək üçün dairə seçki komissiyasına gəlsə də orada heç kəsin olmadığını bildirmişdir. Növbəti gün, yəni yanvarın 11-i saat 11:00-da namizədliyinin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmişdir.

O, imza vərəqələrini saat neçəyə qədər təqdim etməli olmasını və seçki dairəsində günün hansı saatına qədər imza vərəqələrinin qəbul ediləcəyi barədə məlumatsızlığını əsas gətirərək üzürlü səbəbdən gecikərək növbəti gün dairə seçki komissiyasına gəldiyini göstərir və hesab edir ki, təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları və digər seçki sənədləri Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmış və təqdim olunmuşdur ki, bu da onun namizəd kimi qeydə alınması üçün əsasdır. Lakin dairə seçki komissiyasının onun yuxarıda qeyd etdiklərini, əlil olmasını və yeddi saat ərzində seçicilərdən 500 imza toplamasını nəzərə almadan hüquqlarını pozan əsassız qərar qəbul etdiyini iddia edərək həmin qərarın ləğv olunmasını tələb etmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada və komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Müvafiq seçki sənədləri dairə seçki komissiyasından tələb olunaraq tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, dairə seçki komissiyası A.Ə.Xudiyevanın namizədliyinin qeydə alınmasından imtina edilməsi haqqında qərarını onunla əsaslandırmışdir ki, o, 2020-ci il yanvarın 9-da dairə seçki komissiyasına müraciət edərək deputatlığa namizədliyini irəli sürmüşdür.

A.Ə.Xudiyevanın təqdim etdiyi sənədlər elə həmin gün dairə seçki komissiyası tərəfindən qəbul olunmuşona bildirişin təsdiq edilmiş surəti verilmişdir. Onun namizədliyinin irəli sürülməsi dairə seçki komissiyasının 10 yanvar 2020-ci il tarixli iclasında təsdiqlənərək namizədə imza vərəqələri təqdim olunmuşona atmalı olduğu növbəti addımlar ətraflı izah edilmişdir. A.Ə.Xudiyeva yanvarın 10-u saat 10:30 radələrində dairə seçki komissiyasına gələrək özünə xüsusi seçki hesabı açdırdığını bəyan etmişdir. Komissiyada Seçki Məcəlləsinin 91.1-ci maddəsinin tələbləri A.Ə.Xudiyevanın nəzərinə çatdırılmış və bildirilmişdir ki, o, imza toplamağa seçki hesabını açdıqdan 24 saat sonra başlaya bilər. Əks halda bu, qanunvericiliyin tələblərinə zidd olacaqdır.

Namizəd A.Ə.Xudiyeva Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və digər seçki sənədlərini səsvermə gününə ən azı 30 gün qalmış, yəni 2020-ci il yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyasına təqdim etməli olduğu halda, tələb olunan müddətdə müvafiq sənədləri təqdim etməmişdir. O, növbəti gün 2020-ci il yanvarın 11-i saat 11:00 radələrində dairə seçki komissiyasına gələrək imza vərəqələri və digər seçki sənədlərini təqdim etmək istəmişdir. Ona sənədlərin təqdim edilmə müddətinin ötürüldüyü bildirilmiş, komissiya üzvlərinin və özünün iştirakı ilə bu barədə akt tərtib edilərək təqdim etdiyi sənədlər dairə seçki komissiyası tərəfindən qəbul edilmişdir. Sənədlərin vaxtında verilməməsi barədə tərtib olunan aktın surəti A.Ə.Xudiyevaya təqdim olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq Seçki Məcəlləsinin 58.1-ci və 91.1-ci maddələrinə əsasən müddət ötürüldüyü üçün A.Ə.Xudiyevanın namizədliyinin qeydə alınması qeyri-mümkün hesab edilmişdir.

Araşdırma ilə həmçinin müəyyən olunmuşdur ki, dairə seçki komissiyası bu qərarı qəbul edərkən namizədin qeydə alınması məqsədilə imza vərəqələrinin təqdim olunması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürüldüyü barədə qanunun normasını düzgün tətbiq etsə də, düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 2.3-cü bəndinə görə, dairə seçki komissiyaları imza vərəqələrini Seçki Məcəlləsində qeyd olunan müddətdə saat 09:00-dan 18:00-dək qəbul edir. Qanunvericiliklə müəyyən edilən müddətdən sonra təqdim olunan imza vərəqələri qanunla müəyyən olunmuş müddətdə verilmiş imza vərəqələrinin doğurduğu hüquqi nəticəni yaratmır. Dairə seçki komissiyası bu halı öz qərarı ilə rəsmiləşdirməlidir. Buna görə də dairə seçki komissiyası A.Ə.Xudiyevanın namizədliyinin qeydə alınması məsələsinə baxmalı deyil, məhz bu halı öz qərarı ilə rəsmiləşdirməli idi. Göründüyü kimi, namizədliyin qeydə alınması məsələsinə baxmaqla dairə seçki komissiyası Seçki Məcəlləsi və müvafiq təlimatın tələblərini pozmuşdur.

Beləliklə, dairə seçki komissiyasının qərarı əsassız və qanunazidd olduğundan A.Ə.Xudiyevanın müraciətinin həmin qərarın ləğv edilməsi hissəsində qismən təmin edilməsi, dairə seçki komissiyasının sözügedən qərarının ləğv edilməsi və dairə seçki komissiyası tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdən sonra təqdim olunan imza vərəqələri ilə əlaqədar seçki qanunvericiliyində nəzərdə tutulmuş müddəalara riayət edilməsi ilə bağlı göstəriş verilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Seçki Məcəlləsinin 112.9-cu maddəsinə görə yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 112-ci, 112-1-ci maddələrinə, "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 2.3-cü və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsionlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 95 saylı Tərtər seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş A.Ə.Xudiyevanın 15 yanvar 2020-ci il tarixli 19 saylı müraciəti qismən təmin edilsin.

2. 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının 13 yanvar 2020-ci il tarixli 5/21 saylı qərarı əsassız olduğundan ləğv edilsin və həmin dairə seçki komissiyası tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdən sonra təqdim olunan imza vərəqələri ilə əlaqədar seçki qanunvericiliyində nəzərdə tutulmuş müddəalara uyğun addım atılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

17.01.2020-ci ll

 

Azərbaycan. - 2020.- 18 yanvar.- S.6.