RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib

 

 

RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya "Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib.

2020-ci ildə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi qeyd ediləcək.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Rusiya Dövlət Dumasında Sakinləri hərbi və mülki təyinatlı məhsullar istehsal edən müəssisələrdə fasiləsiz işi təmin etmiş, bu zaman kütləvi əmək fədakarlığı göstərmiş şəhərlərə "Əmək rəşadəti şəhəri” adı verilməsinin hüquqi əsaslarını müəyyən edən qanun layihəsi müzakirə olunub.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bununla əlaqədar xatırladıb ki, bu gün Rusiya şəhərləri ilə bərabər, SSRİ dağılandan sonra başqa dövlətlərin ərazisində qalmış şəhərlər, məsələn Odessa, KiyevBrest qalası da "Qəhrəman” adı daşıyır.

Rusiyalı deputat vurğulayıb: "İndi, "Əmək rəşadəti şəhəri”nin yüksək statusunu müzakirə etdiyimiz məqamda bir presedenti hökmən nəzərə almaq lazımdır: bu ada postsovet məkanındakı şəhərlər də layiqdirlər. Məsələn, Bakıya "Qəhrəman şəhər” adı verilməsi məsələsi dəfələrlə qaldırılıb. Böyük Vətən müharibəsi dövründə Bakı sakinləri sovet tanklarını və təyyarələrini yanacaqla təchiz etmək üçün gecə-gündüz işləyiblər. Müharibə illərində Azərbaycanda "Bizim Stalinqrad hər bir neft quyusunun yanındadır” sözləri yazılmış plakatlar asılmışdı. Sovet ordusu üçün lazım olan bütün yanacağın 80 faizi buradan daxil olurdu.

Əvvələn, Rusiya SSRİ-nin hüquqi varisidir, ikincisi, bizim dövlətimiz xalqımızın tarixi yaddaşının qorunub saxlanmasına yönəlmiş siyasi kursa həmişə birmənalı şəkildə riayət edib. Bu mənada vurğulamaq məntiqlidir ki, Böyük Vətən müharibəsində Qələbə ovaxtkı vahid sovet xalqının hədsiz səyləri sayəsində qazanılıb. Bu gün biz müxtəlif ölkələrdə yaşasaq da, cəbhədə həlak olanlara və cəbhənin ehtiyacı üçün işləyənlərə, özübir daha vurğulamaq istəyirəm, gecə-gündüz işləyənlərə ehtiramımızı ifadə edə bilərik. Ona görə də bu qanun layihəsində Bakıya bu yüksək adın verilməsi imkanının nəzərə alınmasını istərdik.

 

Azərbaycan.- 2020.- 18 yanvar.- S.2.