Milli Qəhrəmanla görüş

 

Azərbaycanın Milli Qəhrəmanı Fariz Qəhrəmanov məzunu olduğu Bərdə rayonundakı Xəsili kənd tam orta məktəbin şagird və müəllim kollektivi ilə vaxtaşırı görüşlər keçirir. Belə görüşlərdən biri yeni ilin ilk günlərinə təsadüf etmişdir.

Görüşdə Bərdə Rayon Təhsil Şöbəsinin, Xəsili kənd inzibati ərazi vahidinin, Xəsili kənd bələdiyyəsinin üzvləri, Qarabağ müharibəsi veteranları, məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Məktəbin direktoru Təhminə Qafarova ənənəyə çevrilmiş belə görüşlərin şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinə təsirindən gənc və yeniyetmələrdə hərbçi peşəsinə marağın artmasından danışdı.

Fariz Qəhrəmanov keçdiyi şərəfli döyüş yollarından söz açdı. Dedi ki, bu məktəbi bitirib on səkkiz yaşı tamam olanda ordu sıralarına yollanıb. Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda döyüşlərdə iştirak edib. Ağdərə ətrafında döyüşlərdə ağır yaralanıb. Hərbi hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1995-ci ilin mart hadisələri zamanı göstərdiyi şücaətə görə Prezidentin 4 aprel 1995-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda Müdafiə Nazirliyində vəzifədə çalışır.

Maraqlı söhbəti ilə görüş iştirakçılarında xoş ovqat yaradan qəhrəman zabit şagirdlərin çoxsaylı suallarını da cavablandırdı.

Şagirdlər görüş iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim etdilər. Sonda Azərbaycanda Milli Ordu quruculuğundan bəhs edən videoçarx nümayiş etdirildi.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2020.- 18 yanvar.- S.8.