"Signify” şirkəti Azərbaycana
hər cür dəstək verməyə hazırdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yanvarın
21-də Davosda "Signify” şirkətinin baş
icraçı direktoru Erik Rondolat ilə görüşü
olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, son vaxtlar Azərbaycanda aparılan islahatlardan məmnunluğunu bildirən Erik Rondolat, ilk növbədə, ölkəmizdə həyata keçirdikləri layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd etdi ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşması, ölkəmizdə yeni layihələrin həyata keçirilməsi üçün gözəl zəmin yaradır. "Signify” şirkətinin işıqlandırma sahəsində dünya liderlərindən biri olduğunu vurğulayan baş icraçı direktor rəhbərlik etdiyi qurumun ölkəmizə yeni texnologiyaların gətirilməsi baxımından Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu qeyd etdi. Bildirildi ki, şirkət iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin "ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantları təklif edir. Baş icraçı direktor, eyni zamanda, istər kənd təsərrüfatı sahəsində, istərsə də digər sahələrdə işıqlandırma vasitəsilə yeni həll variantlarına investisiya yatırılması imkanlarını Azərbaycanın aidiyyəti qurumları ilə müzakirə etməkdə maraqlı olduqlarını, müvafiq sahədə yeni texnologiyaların ölkəmizə gətirilməsini təmin edə biləcəklərini vurğuladı.
Görüşdən məmnunluğunu bildirən
Prezident İlham
Əliyev Bakı şəhərinin
işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin
vacibliyini bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, növbəti mərhələlərdə
Sumqayıtda və Azərbaycanın digər böyük
şəhərlərində işıqlandırmanın
keyfiyyətinin artırılması, elektrik
enerjisinə əhəmiyyətli qənaəti təmin edən
yeni həll variantlarının tətbiqi,
həmçinin kənd təsərrüfatının
müxtəlif sahələrində işıqlandırma
sistemləri vasitəsilə müasir
texnologiyaların gətirilməsinin aidiyyəti dövlət
qurumları ilə müzakirə olunması barədə müvafiq tapşırıqlarını verdi.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 2.