İnsanlara “Vicdanın hökmü”
tələbi
1990-cı ilin qanlı yanvarı xalqımızın azadlıq mübarizəsinə doğru atılan addımının qarşısının sovet ordusu tərəfindən vəhşicəsinə alınması kimi anılmaqdadır. Azadlıq təşnəsini qanla dolduran qüvvələrin əməlləri üstündən 30 illik zaman keçsə də xatırlanır, onların çirkin əməllərinin bəşəriyyətə təhlükə olduğu bildirilir.
Sumqayıtlılar hər zaman milli özünüdərk, milli təşəkkül prosesində öncüllərdən olublar. 20 Yanvar gecəsində 3 nəfər görkəmli alimimizin olduğu avtomobil Sumqayıt-Bakı yolunda tank tırtılları altında qalıb. Hər il şəhər rəhbərliyi, ictimaiyyət Şəhidlər xiyabanı ilə bərabər alimlərimizin də xatirə kompleksini ziyarət edib əklil qoyurlar.
Sumqayıt Dövlət Dram Teatrı da hər zaman tarixi-mədəni irsə, xalqın taleyində önəmli rol oynamış hadisələrə, milli-mənəvi dəyərlərə özünün diqqət çəkən repertuarı ilə münasibət bildirir.
Bu dəfə də kollektiv öz əhdinə sadiq qalıb. Teatrın repertuarında yer alan H.Mirələmovun "Vicdanın hökmü” əsəri 20 Yanvar faciəsinə həsr olunub. Bu il də 20 Yanvar ərəfəsində əsər bütün yaş kontingentindən olan tamaşaçılar üçün nümayış etdiriləcək. Teatrın kollektivi həmin tamaşanı şəhərin kinoteatrlarında, universitet və digər təhsil ocaqlarında da təqdim etməyi planlaşdırıb.
Akif ƏLİYEV
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 5.