Yol hərəkəti təhlükəsizliyinin
vəziyyəti müzakirə olunub
Daxili
İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun
iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində
2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin
təmini sahəsində görülən işlər və
qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili
İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənAZƏRTAC-a
bildiriblər ki, nazir V.Eyvazov tədbirin gündəliyini elan
edib.
Reqlament təsdiq edildikdən sonra Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin "elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Hesabat dövründə avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib. Bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.
Yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar. Onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.
Baş İdarə rəisi təəssüflə bildirib ki, görülmüş tədbirlərə baxmayaraq, ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir. Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər ölüb, 527 nəfər xəsarət alıb.
Polis general-mayoru R.Zeynalov bildirib ki, insanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə nazirin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş İdarədə 1500-ə yaxın vətəndaş qəbul edilib. Daxil olmuş 93 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.
Müşavirəyə yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib. O, hər bir əməkdaşın vəzifə borcunu layiqincə yerinə yetirməsi, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə olunan müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tövsiyə edib.
Nazir tələb edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.
General-polkovnik V.Eyvazov yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirib.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər cür şərait
yaradıldığını, şəxsi heyətin dövlətin
qayğısı ilə əhatə olunduğunu
nəzərə çatdıran Daxili
İşlər naziri dövlətimizin başçısının
bu ali diqqətinə
və etimadına cavab olaraq
hər bir əməkdaşın üzərinə
düşən vəzifələrin öhdəsindən
layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar
vaxtlarda başqalarına nümunə
olacaqlarına əminliyini bildirib.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 6.