IDEA İctimai Birliyi vətəndaşlara
müraciət edib
IDEA İctimai Birliyi ağac kəsilməsi, vəhşi heyvanların qanunsuz saxlanması və qaçaqmalçılığı ilə yanaşı, küçə və digər ictimai yerlərdə su sızmalarının aşkar edilməsi halları ilə rastlaşdıqları zaman da vətəndaşları IDEA-nın "1113 - Təbiətin təcili yardımı” qaynar xəttinə məlumat verməyə çağırır.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, xüsusi yaradılmış eyniadlı mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, foto və videomateriallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə təxirəsalınmaz tədbirlər görəcək.
Məlumdur ki, su həyatı təmin edən əvəzolunmaz nemətdir. Amma təəssüf ki, əksər ölkələrdə məişət suyu itkiləri 20-70 faiz arasındadır və bu itkilər suyun küçə və digər ictimai yerlərdə sızması nəticəsində baş verir. Bununla da, əhalisi sürətlə artan dünyada şirin suyun mövcudluğu daha da məhdudlaşa bilər. Su ehtiyatlarından səmərəli istifadə etmək və su itkilərini əhəmiyyətli dərəcədə azaltmaq qarşıda duran önəmli məsələlərdəndir.
Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi bir daha hər kəsi ətraf mühitə qarşı məsuliyyətli olmağa, su israfına yol verməməyə və su təchizatı şəbəkələrində sızma və ya qəzalar ilə bağlı dərhal "1113” qaynar xəttinə məlumat verməyə çağırır!
Qeyd edək ki, "1113 - Təbiətin
təcili yardımı” qaynar xətti və
mobil qrupu 2014-cü
ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın təşəbbüsü
ilə "Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində
yaradılıb. Sözügedən qaynar
xəttə daxil olmuş
yüzlərlə vətəndaş şikayəti üzrə
tədbir görülüb.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 6.