2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 yanvar 2020-ci il tarixli 34 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 13/91

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızı 2020-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 17 yanvar 2020-ci il tarixli 09/56 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələri və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

G.M.Əhmədova müraciətində bildirmişdir ki, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş, qeydə alınması üçün lazım olan 500 seçici imzasının toplandığı 10 imza vərəqəsini digər seçki sənədləri ilə bərabər dairə seçki komissiyasına təqdim etmiş, komissiyanın 17 yanvar 2020-ci il tarixli 09/56 saylı qərarı ilə namizədliyinin qeydə alınmasından imtina edilmişdir. O qeyd etmişdir ki, 161 imzanın etibarsız hesab edilməsinin əsasları qərarda izah olunmamış, imzaların ekspertizadan keçirilməsi üçün şübhələrin hansı səbəbdən yarandığı göstərilməmiş, imzalar yoxlanılarkən ona xəbər verilməmiş və yoxlamada iştirakı təmin edilməmiş, dairə seçki komissiyasının qeyd edilən qərarı isə ona vaxtında təqdim olunmamışdır.

Araşdırma zamanı namizəd G.M.Əhmədova ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmişdir.

Dairə seçki komissiyası G.M.Əhmədovanın namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 17 yanvar 2020-ci il tarixli 09/56 saylı qərarını onunla əsaslandırmışdır ki, namizədliyinin qeydə alınması üçün seçki dairəsinin ərazisindən toplanmış 500 seçici imzası olan 10 ədəd imza vərəqəsini və onlara əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanarkən bəzi imzaların şübhə doğurduğubununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq xətşünas ekspertlər yoxlama prosesinə cəlb edilmişlər. İmzaların düzgünlüyünün yoxlanılması məqsədilə dairə seçki komissiyasının sərəncamına ayrılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xətşünas ekspertlərinə təqdim edilmiş 500 seçici imzası yoxlanılmış və onlardan 161 imzanın 36 qrup olmaqla eyni şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.

Araşdırma prosesində namizəd G.M.Əhmədova tərəfindən təqdim edilmiş imza vərəqələri, ona əlavə edilmiş sənədlər və materiallar dairə seçki komissiyasından tələb edilərək götürülmüş və müəyyən edilmişdir ki, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Həsənova Aygün Vidadi qızı 15 yanvar 2020-ci il tarixdə dairə seçki komissiyasına yazılı müraciət edərək G.M.Əhmədova tərəfindən namizədliyinin müdafiəsi üçün təqdim edilmiş imzaların düzgün olmadığını mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Həmin müraciətin araşdırılması nəticəsində namizəd G.M.Əhmədovanın namizədliyinin müdafiəsi üçün təqdim edilmiş imza vərəqələrində olan bəzi imzaların düzgünlüyü şübhə doğurduğundan onların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması məqsədi ilə dairə seçki komissiyası 15 yanvar 2020-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir.

Namizəd G.M.Əhmədova tərəfindən mübahisələndirilən 161 seçici imzası təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş 161 seçici imzasının 36 qrup olmaqla eyni şəxs tərəfindən icra olunması nəticəsində 125 seçici imzasının qeyri-düzgün olması tərtib edilmiş 20 yanvar 2020-ci il tarixli protokolekspert rəyi ilə bir daha təsdiq olunmuşdur.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı G.M.Əhmədovanın namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Namizəd G.M.Əhmədovanın Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə zidd olaraq imza vərəqələri yoxlanılarkən iştirakının təmin edilməməsi barədə iddiası araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvləri tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, namizəd imzaların yoxlanılmasında iştirak etməyə dəvət edilsə də, o, bu prosesə gəlməmişdir.

Namizəd G.M.Əhmədovanın dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınıb-alınmaması barədə məlumatın ona verilməməsi ilə bağlı iddiaları da araşdırmada öz təsdiqini tapmamışdır. Dairə seçki komissiyasının qəbul etdiyi qərar barəsində namizədə məlumat verilmiş, həmin qərarı götürməsi xahiş edilmiş, eyni zamanda qərarın surəti 18 yanvar 2020-ci ildə poçt vasitəsilə (göndərmə müvafiq poçt sənədi ilə təsdiq edilir) ona göndərilmişdir.

Göstərilənlərə əsasən namizəd G.M.Əhmədovanın müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 17 yanvar 2020-ci il tarixli 09/56 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 57-ci. 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əhmədova Gülər Mikayıl qızının 20 yanvar 2020-ci il tarixli 34 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 17 yanvar 2020-ci il tarixli 09/56 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

Azərbaycan.- 2020.- 22 yanvar.- S. 7.