S.Sarkisyan həbsin bir addımlığındadır

 

Ermənistanda hakimiyyətə qarşı etirazlar daha sərt xarakter alır

 

Ermənistanın ictimai, sosial-siyasi vəziyyətinin dərin böhrana doğru getməsi hər keçən gün özünü daha qabarıq formada büruzə verir. Görünən odur ki, Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma ölkədə yeni xaosun formalaşmasına zəmin yaradır.

Belə vəziyyətdə isə baş nazir rəqiblərini həbs etdirməklə aradan götürməyə çalışır. Robert Koçaryanın həbsindən sonra Ermənistanın digər sabiq başçısı Serj Sarkisyan haqqında cinayət işinin təhqiqatı yekunlaşıb. Xüsusi istintaq xidmətinin məlumatına görə, cinayət işinə dair materiallar prokurorluğa göndərilib.

Serj Sarkisyan bir milyon dollardan çox dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur. Onunla birlikdə sabiq kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik idarəsinin rəisi Gevorq Arutyunyan və "Fleş” şirkətinin sahibi Barseq Beqlaryana da ittiham irəli sürülüb.

Bildirilir ki, sui-istifadə kəndlilərə dizel yanacağının münasib qiymətlərlə satılması üzrə hökumət proqramı çərçivəsində baş verib. Cinayət işinin materiallarında göstərilir ki, Serj Sarkisyan dövlət büdcəsindən 2013-cü il yanvarın 25-dən fevralın

7-dək 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmədə və israf etməkdə ittiham olunur. Sabiq prezidentin ölkədən çıxması ilə bağlı qadağa qərarı qəbul edilib. Serj Sarkisyana qarşı ilkin istintaq araşdırmaları çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb.

Belə ki, 24 yanvar 2013-cü ildə hökumət torpaq istifadəçilərinə dövlət dəstəyi proqramını təsdiqləyib. Proqrama əsasən təxminən 17 milyon litr dizel yanacağı satılıb. Məbləğ regional idarəetmə və Kənd Təsərrüfatı Nazirliyi sisteminin müraciətləri əsasında ayrılıb. "Maksxur” və "Fleş” şirkətləri də daxil olmaqla dizel yanacağının tədarükünə görə keçirilən tenderdə iştirak üçün bir neçə şirkət ərizə təqdim edib. "Maksxurdaha aşağı qiymət təklif edib. Nəticədə bu şirkətin müraciəti təsdiqlənmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hökumətə təqdim edilib. Serj Sarkisyan "Maksxurun daha sərfəli təklifinə məhəl qoymayıb və rəsmi mövqeyindən istifadə edərək tabeliyindəki şəxslərə "Fleş” şirkətinin xeyrinə seçim etməyi tapşırıb. Nəticədə hökumətin 7 fevral 2013-cü il tarixli qərarı ilə 17.041.300 litr dizel yanacağı almaq üçün hökumətin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1,7 milyard dramdan çox vəsait ayrılıb. Bu pul "Fleş” şirkətinin hesabına köçürülüb. Sonradan hökumətin qərarı ilə tələb olunan yanacağın miqdarı 17.343.530 litrə qədər artıb, məbləğ isə 1.821.070.650 drama çatıb. Yekunda 14 fevral - 28 iyun arasında 12 ton dizel yanacağı satılıb, bunun üçün 1.269.275.070 dram subsidiya ayrılıb. Faktiki olaraq dövlət büdcəsindən 423.091.690 dram artıq pul ödənilib. Müstəntiqlər hesab edirlər ki, keçmiş prezident sövdələşmədən maksimum şəxsi mənfəət götürmək niyyəti güdüb.

Belə bir vaxtda diqqət çəkən başqa məqamlardan biriodur ki, siyasi proseslərin çözümündə kriminal əməllərdən istifadə cəhdləri də artır. Nikol Paşinyan Ermənistanda baş nazir postuna sahib olduqdan sonra - son il yarım ərzində Ermənistanda bir neçə sabiq məmur müxtəlif şəraitdə ölüb, ya da öldürülüb. 2018-ci ilin iyul ayında Yerevanda "Qazprom-Ermənistan” şirkətinə məxsus "Transgaz” şirkətinin direktoru Nikolay Qabrielyanın meyiti aşkar edilib. Həmin ilin oktyabrında paytaxtda Milli Məclisin keçmiş deputatı, "Yuveçi Karo” ləqəbi ilə tanınan Karo Karapetyan qətlə yetirilib. Ötən ilin sentyabr ayında Ermənistanın Kotayk rayonunun Bjni kəndində respublikanın keçmiş polis rəisi Hayk Harutyunyanın cəsədi tapılıb. 2019-cu ilin sonlarında Yerevanın keçmiş polis rəisi Aşot Karapetyan öldürülüb.

Bu günlərdə isə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş direktoru Georgi Kutoyanın Yerevandakı mənzillərdən birində başında güllə yarası ilə meyiti tapılıb. Cəsədin yaxınlığında tapança, çox sayda patron olub. Qonşuların heç biri atəş səsləri eşitməyib. Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin may ayına qədər DTX-yə rəhbərlik edib. Georgi Kutoyanın ölümü ilə bağlı "İntihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

Digər tərəfdən müxtəlif tələblərlə vətəndaşların bitməyən etiraz aksiyaları da işğalçı ölkədə vəziyyəti ağırlaşdırıb. Hakimiyyətə gəldiyi vaxtdan bugünə kimi itaətsizlik aksiyaları və kütləvi mitinqlər Ermənistanın baş naziri Nikol Paşinyanı çox çətin vəziyyətdə qoyub. Bu günlərdə Ermənistanın müxtəlif bölgələrindən olan ət satıcıları və fermerlər hökumət binası qarşısında növbəti aksiya keçiriblər. Etirazçılar sallaqxanalarla bağlı yeni tələblər irəli sürüblər. Aksiya iştirakçıları Tiqran Mets prospektini bağlayıblar. Fermerlərdən birinin sözlərinə görə, bir sakinin iki donuzu ən yaxın sallaqxanaya aparması üçün 90 kilometr məsafə qət etməsi lazımdır: "Bu isə ağlabatan deyil. Sanitariya standartlarından danışırlar. Gedin bu kəsmə məntəqələrindəki təmizliyə baxın, sonra gəlib həyətimizdəki sallaqxanalara baxın”.

Etirazların qarşısını almaq üçün hökumət evinin qarşısına çoxsaylı polis qüvvələri cəlb edilib. Bütün bunlar Ermənistanı qarşıdakı dövrdə daha gərgin günlər gözlədiyindən xəbər verir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.- 22 yanvar.- S. 8.