YAP İcra Katibliyində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

 

Yanvarın 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov tarixboyu xalqımızın faciələrlə üzləşdiyini və bu hadisələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini bildirib. Əli Əhmədov qeyd edib ki, xalqımız zaman-zaman özünün azadlığı uğrunda mübarizədə itkilər verib.

YAP sədrinin müavini söyləyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 30 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. Onun sözlərinə görə, 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiymət verilməyib, hadisəni törədənlər öz cəzalarını almayıblar. Buna görə də biz bu istiqamətdə fəaliyyətimizi gücləndirməli, beynəlxalq aləmin 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət verməsinə nail olmalıyıq.

Əli Əhmədov deyib: "Biz 20 Yanvar hadisəsini yalnız faciə kimi xatırlamamalıyıq. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Sovet imperiyasının rəhbərliyi dinc insanları qətlə yetirsə də, bu, imperiyanın süqutunu bir az da tezləşdirmiş oldu”.

Baş Nazirin müavini bildirib ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada ulu öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar oldularUlu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.

Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlərin görüldüyünü, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlərin davam etdirildiyini deyən YAP sədrinin müavini bildirib: "Biz şəhidlərimizin qanlarının yerdə qalmaması üçün müstəqilliyimizin qədrini bilməliyik. Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır”.

Sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, 20 Yanvar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi hər il qeyd edilir. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 insan amansızcasına qətlə yetirilib, 744 insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

A.Əliyev qeyd edib ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyevin böyük cəsarət hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış etməsi faciəyə verilən ilk siyasi qiymət olub. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Nazir müavini diqqətə çatdırıb ki, 20 Yanvar gününün Ümumxalq Hüzn Günü elan olunması, "20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin sosial siyasəti həmin kateqoriyadan olan insanların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. İndiyədək nazirlik tərəfindən müharibə, 20 Yanvar əlilləri və şəhid ailələri minik avtomobilləri ilə təmin olunublar.

Qeyd olunub ki, 2019-cu ildə təqdim edilən iki sosial paket çərçivəsində əlillərin müavinət və təqaüdləri də orta hesabla 100 faiz artırılıb, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhidlərinin ailələrinin ölkəmizin aliorta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Müvafiq Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə (103-ü şəhid ailəsi üzvü və 287-si 20 Yanvar əlili olmaqla 390 nəfərə) birdəfəlik maddi yardım göstərilib.

"20 Yanvarİctimai Birliyinin sədri Sultan Əzimzadə, 1990-cı il yanvarın 20-də anadan olan Esmira Hüseynzadə və 20 Yanvar şəhidinin ailə üzvü Aslan Əzimzadə çıxış edərək həmin hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıblar. Bu faciənin dünyada daha da çox təbliği, habelə Qanlı Yanvar hadisələrini törədənlərin məsuliyyətə cəlb olunması üçün səylərin birləşdirilməsinin zəruriliyi qeyd edilib, eləcə də şəhid ailələrinə dövlət qayğısı yüksək qiymətləndirilib.

 

Azərbaycan.- 2020.- 19 yanvar.- S. 2.