Avropa standartlarına çatmaq
üçün Statistika
Komitəsinə Aİ-nin dəstəyi
üzrə layihə yekunlaşıb
Dövlət Statistika Komitəsi Niderlandın Mərkəzi
Statistika Bürosu ilə
anlaşma memorandumu
imzalayıb
Yanvarın 22-də Bakıda Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində icrası başa çatan "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Konfransı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açıq elan etdikdən sonra Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış ediblər.
Sonra tədbirdə layihənin qrup rəhbəri Rimantas Yuozas Vaicenaviçiusun "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi layihəsi: qarşıya qoyulmuş məqsədlər və əldə olunmuş nailiyyətlər”, ICON İnstitutunun Statistika şöbəsinin rəhbəri Roland Delemontun "Layihənin konsorsiumu: nəticələrə hesablanmış əməkdaşlıq”, Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyevin "Layihənin komponentləri: hədəflər və nəticələr” mövzularında təqdimatları nümayiş olunub.
Niderland Mərkəzi Statistika Bürosunun baş direktoru Tjark-Tsin-A-Tsoinin "Rəsmi statistikada istifadəçi tələblərinə cavab verən müasir strategiyalar”, Litva Statistika Departamentinin baş direktoru xanım Jurate Petrauskienenin "Avropa Statistika Sisteminin inkişafında statistik proseslərin standartlaşdırılmasının rolu”, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskinin "Rəsmi statistikanın inkişafında davamlı beynəlxalq əməkdaşlığın rolu” və BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin regional məsləhətçisi Steven Valenin "Avropa statistikasının beynəlxalq statistika sisteminə töhfəsi” mövzularında məruzələri dinlənilib.
Qeyd olunub ki, "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsi Dövlət Statistika Komitəsinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi iki Tvinniq layihəsindən sonra 3-cü layihədir. Ölkəmizin statistika sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olmuş bu layihə çərçivəsində tərəfdaş ölkə mütəxəssislərinin Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilib, Dövlət Statistika Komitəsinin əməkdaşları Niderland, Litva, Bolqarıstan, Portuqaliya və Rumıniyaya ezam olunaraq statistik təsnifatların tətbiqi, istehsalçı qiymət indeksləri, statistik keyfiyyətin idarə edilməsi sistemi və sair sahələrdə beynəlxalq təcrübəni öyrəniblər.
Konfransda eyni zamanda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması mərasimi də təşkil olunub. Anlaşma memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.
Konfransda iştirakçıları və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.
Qeyd edək ki, ölkəmizdə səfərdə
olan Niderland, Litva və Bolqarıstan milli
statistika qurumlarının rəhbərlərinin
Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti və
tələbələri qarşısında Avropa
və milli statistika
sistemində baş vermiş
son yeniliklərlə bağlı
çıxışları da nəzərdə
tutulub.
Azərbaycan.- 2020.- 23 yanvar.- S. 3.