Bütün namizədlərə bərabər şərait yaradılıb

 

Ölkəmizdə keçirilən seçkilərdə toplanan zəngin təcrübə, seçki prosesində şəffaflığın təmin olunması üçün görülən işlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Beynəlxalq ekspertlər respublikamızın mövcud qanunvericilik normalarını təhlil edərək artıq bu qənaətdədirlər ki, Azərbaycan şəffaf və demokratik seçki keçirmək təcrübəsinə yiyələnmişdir.

Bu imicin qarşıdan gələn parlament seçkilərində də saxlanılması üçün indi ölkəmizin hər yerində geniş hazırlıq işləri görülür. Bunu 103 saylı Gədəbəy seçki dairəsini əhatə edən məntəqələrdə də hiss etmək mümkündür.

Fevralın 9-da keçiriləcək parlament seçkilərində 103 saylı Gədəbəy seçki dairəsini əhatə edən məntəqələrdə 41 min 850 nəfər seçici səs verməlidir. Hazırda seçici siyahısında dəqiqləşdirmələr aparılır. Demək olar ki, məntəqələr seçki prosesi üçün tam hazırdır. 6 məntəqədə veb-kamera quraşdırılmışdır.

105 yaşlı Kubra Əsgərova söhbət zamanı dedi ki, sovetlər birliyi dövründə çox seçkilərdə iştirak edib. Həmin vaxtlarda səsverməyə candərdi gedərdi. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçirilən bütün seçkilərdə həvəslə iştirak edib. O, qarşıdan gələn parlament seçkilərində də gənclərə nümunə olmağı özünə şərəf bilir.

Məntəqələrdə seçkilərə hazırlığın vəziyyəti ilə bağlı 2 saylı seçki komissiyasının sədri Esmira Şirinova dedi ki, məntəqəni əhatə edən ərazidə 1349 seçici var. Onlardan 12 nəfəri ilk dəfə səs verəcək gənclərdir. Məntəqədə parlament seçkilərinin mütəşəkkil və demokratik keçməsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, 103 saylı Gədəbəy seçki dairəsində 8 nəfər deputat mandatı uğrunda mübarizə aparır. Seçkilərin gedişini izləmək üçün 440 nəfər müşahidəçi qeydiyyatdan keçmişdir. Namizədlərin təbliğat və təşviqat aparmaları üçün həm qapalı, həm də açıq yerlər ayrılmışdır.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.- 23 yanvar.- S. 4.