20 Yanvar faciəsi Belçikanın və
Avropanın paytaxtı Brüsseldə anılıb
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Belçikanın Paytaxt Regionunun Hərbi komandanlığının iştirakı ilə Brüssel şəhərində yerləşən "Konqres sütunu” (Colonne du Congres) memorial kompleksinin yanında dəfn olunmuş Naməlum əsgərin məzarı önündə anım mərasimi təşkil olunub. Bu memorial kompleks 1830-cu ildən etibarən Belçikanın ictimai dövlət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuş əsas tarixi məkan kimi tanınır.
Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, mərasimdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyin əməkdaşları, həmçinin bu ölkədə yaşayan Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Hikmət Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciə, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat verib. Sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirdiyini xatırladan Prezidentin köməkçisi bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına təkan verdiyini qeyd edib. Vurğulayıb ki, doğma Vətənin hazırkı inkişaf mərhələsində həmin günlərin tarixi təcrübəsinin nəzərə alınması xüsusi əhəmiyyətə malikdir.
Sonra Hikmət Hacıyev tərəfindən Belçika hərbçilərinin müşayiətilə Naməlum əsgərin məzarı önünə əklil qoyulub və əbədi məşəl alovlandırılıb, Azərbaycan Respublikası və Belçika Krallığının dövlət himnləri səsləndirilib.
Prezidentin köməkçisi
mərasimin sonunda memorial
kompleksinin xatirə kitabında 20 Yanvar faciəsi barədə qeydlər edib.
Azərbaycan.- 2020.- 23 yanvar.- S. 7.