Ədəbiyyatda qərənfil yağışlı misralar

 

20 Yanvar - Bakının qan gölünə çevrilməsi zaman keçdikcə yaddaşlarda daha silinməz izlər salır. Günahsız insanların o müdhiş şənbə gecəsində qanlarına qəltan edilməsinə "fərman” verənlər nifrətlə xatırlanır, imperiyanın diz çökməsi uğrunda əzmlə mübarizə aparan azadlıq aşiqləri (yaşından asılı olmayaraq), ölümün gözünə dik baxaraq şərəflə şəhidlik zirvəsinə yüksələnlər isə ehtiramla, məhəbbətlə anılır.

Tarixi hadisələr ictimai mahiyyətindən asılı olaraq, xalqın yaddaşına o zaman yazılır ki, sənət əsərlərinin də mövzusuna çevrilə bilsin. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, onun yetirdiyi yaradıcı övladları da həmin hadisələri bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar.

20 Yanvardan ötən 30 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı qəlbləri riqqətə gətirən, gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən batırıla bilmədiyini görürsən. Təbii ki, hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik, əyilməzlik dərsi keçir. Qanları ilə torpağa "Azadlıq” yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı, terrorçu, bir sözlə, antiinsani, antihumanist siyasəti qarşısına əliyalın çıxmaqla xalqımızın mübarizliyini və əzmkarlığını təsdiqlədilər. Şəhidlər xiyabanının hər vaxt ziyarət yerinə çevrilməsi də məhz buradan irəli gəlir.

Şənbə gecəsinin səssiz fəryadları bədii sənət nümunələrində də öz əksini tapdı. Sözün ifadə edə bilmədiyini rəssamların qan daman fırçaları cızdı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu şəhidlərimizə matəm və hüzn dolu "layla çaldı”. Bu fəryada o gecədən şəhidlərimizin anası obrazına çevrilən Xalq yazıçısı Əzizə Cəfərzadənin dilindən qopan ağı-bayatılar, göylərə sovrulmuş saçları qoşuldu... "Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan biç, amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək:

 

Arazam, keç üstümdən,

Keç, karvan, keç üstümdən.

Bu dərdi mən əkmişəm,

Dəryaz al, biç üstümdən”.

 

Həmin o müdhiş gecə xalqımızın poeziya dilli Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli, Fikrət Qoca və digər vətənpərvər söz və qələm adamlarının misralarından boy verib boylandı, dağ-daşı yandırdı...

Şəhidlər xiyabanını al-qırmızıya bələyən qərənfillər Məmməd Aslanın qələmində ağladı. Qərənfil yağışlı, matəm baxışlı misralar anaların ağısına qarışdı:

 

Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara,

Ağla, qərənfil, ağla.

 

Bəxtiyar Vahabzadənin özü meydanda, düşmənə nifrət nidalı misraları isə xiyabanda fəryad qoparırdı:

 

Şəhidlərin hamısı bənzəyir bir-birinə,

Bir bax qəbirlərinə!

Hamısı qıpqırımızı qərənfilə bələnmiş,

Hamısı bir biçimdə, bir boyda cərgələnmiş,

Səbəb birdir, əməl bir, hədəf birdir, hədə bir!

 

Bədii əsərlərdə şəhidlərin ölməzliyini müqəddəsliyini təsdiq edən obrazlar yaradıldı. Təkcə poeziyada, nəsr ya səhnə əsərlərində deyil, incəsənətin ayrı-ayrı növlərində 20 Yanvar aparıcı mövzuya çevrildi. Rəssamlıq sahəsində bu şərəfli tariximiz daha canlı, qanlı obrazlı təsvir edildi.

Xalqımızın qan yaddaşına yazılan belə hadisələr az olmayıb. 20 yanvar 1990-cı il tarixi yaddaşlara məhz qanla yazıldı. Təbii ki, imperiya caynaqlarından qurtarmaq o qədər asan deyildi. Azadlığın verilmədiyi zorla, qan bahasına alındığını da bura əlavə etməklə deyə bilərik ki, 20 Yanvar xalqımızın yaşadığı müsibətlər faciələr silsiləsindən biri olsa da, qürur iftixar mənbəyi, haqqın hayqırtısı, milli oyanış, birlik, əsl həmrəylik günüdür!

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 23 yanvar.- S. 7.