Milli Məclisə seçkilərlə
əlaqədar aşağı seçki
komissiyaları üçün treninqlər
başlayıb
Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki iştirakçıları üçün maarifləndirmə tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, Komissiya tərəfindən hazırlanan maarifləndirmə proqramı çərçivəsində yanvarın 23-dən növbəti irimiqyaslı layihə olan aşağı seçki komissiyaları üçün treninqlərə başlanılıb. Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində ərsəyə gələn treninq layihəsinin əsası hələ 18 il öncə - 2002-ci ildə qoyulub. Seçkidən-seçkiyə təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilən treninqlər mütəmadi qaydada bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində xüsusilə mühüm rol oynayır.
Milli Məclisə seçkilərdə də iki mərhələdən ibarət treninq layihəsi hazırlanıb. Yanvarın 23-dən başlayaraq dörd gün ard-arda keçiriləcək "Trenerlər üçün treninq” adlı ilk mərhələ Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən müxtəlif əyani və metodiki vəsaitlərdən istifadə edilməklə praktiki məşğələlər şəklində keçirilir. Hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 250 yerli treneri treninqlərin bu mərhələsində seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.
Treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna halları əyani şəkildə səhnələşdirilməklə iştirakçılara nümayiş etdirilir, həmçinin praktiki məşğələlər zamanı əhatə olunan mövzular geniş müzakirə edilərək ortaya çıxan suallar cavablandırılır.
Layihənin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsi yanvarın 27-dən başlamaqla, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir həftə - fevralın 2-dək davam edəcək. Treninqlərin keyfiyyətini artırmaq və səmərəliliyini daha da yüksəltmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin də praktiki formada və 36 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur. Treninqlər zamanı bütün iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunacaq.
Seçkilərin yüksək səviyyədə
təşkil olunub azad
və ədalətli keçirilməsində olduqca
mühüm əhəmiyyət kəsb edən
treninq layihəsi, ümumilikdə 32000-dən
artıq aşağı seçki
komissiyası üzvünü əhatə
edir.
Azərbaycan.- 2020.- 24 yanvar.- S. 1; 4.