Milli Məclisdə AŞPA-nın parlament seçkilərini müşahidə
missiyasının nümayəndələri ilə görüş keçirilib
Yanvarın
23-də Bakıda səfərdə olan Avropa Şurası
Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini
müşahidə etmək üçün
yaradılmış xüsusi komitəsinin üzvlərinin
Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri
ilə görüşü olub.
AZƏRTAC
xəbər verir ki, görüşdə qonaqlara parlamentdə
təmsil olunan siyasi partiyaların fəaliyyəti, iş
prinsipləri, ölkəmizdə insan haqları sahəsində
vəziyyət barədə söhbət açılıb.
Fevralın 9-na təyin olunan parlament seçkiləri ölkəmizdə
həyata keçirilən islahatların davamı kimi qiymətləndirilib.
Vurğulanıb ki, belə tərkibdə missiyanın bu
gün burada təmsil olunması Azərbaycanda seçki
prosesinin şəffaf və demokratik keçməsinin göstəricilərindən
biridir.
Bildirilib
ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən
işğal edilməsinə, bir milyondan artıq
qaçqın və məcburi köçkününün
olmasına baxmayaraq, Azərbaycan Avropaya inteqrasiya istiqamətində
inamla irəliləyir, qurumun təsisatları ilə hərtərəfli
əməkdaşlıq həyata keçirilir.
Avropa
Şurası Parlament Assambleyasının Azərbaycanda
parlament seçkilərini müşahidə etmək
üçün yaradılmış xüsusi komitəsinin
üzvləri - Alfred Heer (İsveçrə), Ravio Tam
(Estoniya), Georgios Kartuqkalos (Yunanıstan) Milli Məclisə
keçiriləcək seçkilər ərəfəsində
seçki kampaniyasının və siyasi mühitin dəyərləndirilməsi
məqsədilə ölkəmizdə səfərdə
olduqlarını vurğulayıblar.
Söhbət
zamanı, həmçinin qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2020.- 24 yanvar.- S. 2.