Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan
Korrupsiya Qavrama
İndeksində 26 pillə irəliləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və müxtəlif sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişləndirilməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini verib. Bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb.
AZƏRTAC xəbər verir ki, keçirilən sistemli islahatlar artıq müsbət nəticələrini verməkdədir. Belə ki, "Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) 2019-cu il üzrə tərtib etdiyi Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 30 balla 26 pillə irəliləyərək 180 ölkə arasında 126-cı sırada yer alıb. 2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.
Ötən il dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunub.
Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu–vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan "ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi "DOST mərkəzləri”nin fəaliyyətə başlaması kimi əhəmiyyətli tədbirlər ölkəmizin mötəbər KQİ-də əhəmiyyətli dərəcədə irəliləməsi ilə nəticələnib.
Qeyd edək ki, 1993-cü ildə Berlində təsis edilən "Beynəlxalq Şəffaflıq” Təşkilatı dövlət və özəl sektorlarda mövcud korrupsiya haqqında araşdırmaların aparılması və digər fəaliyyətləri həyata keçirir. Təşkilatın dünyanın yüzdən çox ölkəsində yerli bölmələri var. Qurumun Azərbaycan nümayəndəliyi olan "Şəffaflıq Azərbaycan” Təşkilatı 2000-ci ildə təsis edilib və 2001-ci ildə qeydiyyatdan keçərək fəaliyyət göstərir.
Ötən il Korrupsiya Qavrama İndeksinin hazırlanmasında ümumilikdə
13 fərqli hesabatdan istifadə edilib. Azərbaycana dair məlumat isə Bertelsman Fondu (Bertelsmann
Foundation), İqtisadi Təhlil
Birliyi (Economist Intelligence Unit), "Freedom
House”, "Global Insight”, "Political Risk Services”, "Varieties
of Democracy Project” kimi müxtəlif
mötəbər mənbələr
əsasında hazırlanıb.
Bu mənbələr antikorrupsiya siyasətinin səmərəliliyinə təsir
göstərən bir
sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini
qiymətləndirir. Hazırda Azərbaycanın
26 pillə irəliləməsi
onu göstərir ki, Prezidentin yürütdüyü siyasət
təkcə ölkə
daxilində yox, beynəlxalq arenalarda da düzgün nəticələr verir.
KQİ "Beynəlxalq Şəffaflıq” Təşkilatının
1995-ci ildən etibarən
dərc etdiyi ən başlıca hesabatlardan biridir. Müxtəlif
mənbələrə əsaslanaraq
sistemli şəkildə
hər il
dünya ölkələrində
korrupsiyanın qavranılmasına
dair məlumatları və təhlilləri özündə əks etdirən hesabatda ölkələr üzrə
qiymətləndirmə 2013-cü ildən etibarən 100 bal
(çox yaxşı)
- 0 bal (çox korrupsiyalaşmış)
nisbətində müəyyənləşdirilir.
2012-ci ilədək qiymətləndirmə
10 bal (çox yaxşı), 0 bal (çox
korrupsiyalaşmış) nisbətində
müəyyən edilirdi.
KQİ-nin hazırlanmasında
ümumilikdə 13 fərqli
hesabatın göstəriciləri
nəzərə alınıb.
Korrupsiya
Qavrama İndeksində
ölkəmizin mövqeyinin
əhəmiyyətli dərəcədə
irəliləməsində digər faktorlarla yanaşı, dövlətimizin
başçısı İlham
Əliyevin imzaladığı
"Məhkəmə-hüquq sistemində islahatların
dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın
icrası ilə yeni müstəviyə keçən məhkəmə-hüquq
islahatlarının müstəsna
rolu var. Bu aktın qəbulu digər ali məqsədlərlə
yanaşı, sahibkarların
məhkəməyə müraciət
imkanlarının asanlaşdırılması
məqsədilə ixtisaslaşmış
məhkəmələrin yaradılması
və təşkilini,
mübahisələrin alternativ
həllini, beynəlxalq
arbitraj prosedurlarının,
habelə vahid məhkəmə təcrübəsinin
tətbiqini şərtləndirib.
Azərbaycanın dövlət idarəçiliyində
şəffaflığın artırılması və
korrupsiyaya qarşı
mübarizə sahəsində
həyata keçirdiyi
islahatlar və əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşmış
aparıcı beynəlxalq
təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir. Bu fikir yanvarın 15-də Azərbaycan
Respublikasının Baş
Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiya tərəfindən
ölkəmizdə korrupsiyaya
qarşı mübarizə
sahəsində 2019-cu il
ərzində görülmüş
işlər və qarşıda duran vəzifələrlə bağlı
təşkil edilmiş
mətbuat konfransında
ifadə olunub. Hazırda
"Beynəlxalq Şəffaflıq”
Təşkilatının tərtib
etdiyi Korrupsiya Qavrama İndeksinin mövcud göstəriciləri
ölkəmizdə bu
sahədə əldə
edilən nailiyyətləri
növbəti dəfə
təsdiqləyir.
Azərbaycan.- 2020.- 24 yanvar.- S. 5.