Yeni layihənin ilk mərhələsi icra olunub

 

Sumqayıt Gənclər Evində "İctimai davranış qaydalarının gənclərə təşviq edilməsi” layihəsi çərçivəsində ilk seminar keçirilib.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə öncə iştirakçılara ictimai davranış qaydaları haqqında videoçarx nümayiş etdirilib.

Seminarda çıxış edən layihə rəhbəri Əli Zeynalov ölkədə gənclərə göstərilən diqqət və qayğıdan danışıb və layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu qeyd edib. Bildirilib ki, layihənin məqsədi ictimai-mədəni-sosial qaydaları, normaları, davranış qaydalarını gənclərə təşviq etmək, belə qaydalara əməl olunmanın vacibliyini önə çəkmək, cəmiyyətdə daha etik, anlaşıqlı, avanqard, aqressiyadan kənar bir gənclik toplumu yetişməsinə nail olmaqdır.

Layihənin koordinatoru Əli Miriyev, ekspert Arzu İlhamsoy çıxışlarında layihənin yeniyetmə və gənclərin ictimai məsuliyyətinin, mədəniyyət normalarının inkişafına xidmət etdiyini vurğulayıb, cəmiyyətdə sağlam mövqe tutmaq istəyən gənclərin etik qaydalara riayət etmələrinin, özlərinin mədəni səviyyələrini artırmağın qeydinə qalmalarının vacibliyini nəzərə çatdırıblar.

Daha sonra ekspert tərəfindən şəxsiyyətin formalaşması, həyatla bağlı təməl perspektivlərinin inkişafı, gənclərin özləri və ətrafdakı insanlarla münasibətdə ictimai-mədəni-sosial davranışların dərk edilməsi, cəmiyyətdə qəbul edilmiş mənəvi, hüquqisosial standartlar və onların pozulmasının səbəbləri, qarşısının alınması üsulları təqdimat formasında iştirakçılara izah edilib, çalışmalar reallaşdırılıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2020.- 24 yanvar.- S. 6.