Zəhmətin şirin bəhrəsi

 

İlin uğurlu yekunları

 

2019-cu ildə ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlar, iqtisadiyyata cəlb edilən investisiyaların həcminin artırılması inkişafı bir qədər də sürətləndirmişdir. Bu inkişafı Goranboy rayonunun timsalında da aydın görmək olar.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Keçən il taxılçılar 8764 hektar sahədə buğda, 13750 hektar sahədə arpa, 431 hektar sahədə qarğıdalı əkib-becərmiş, 66412 ton məhsul təhvil vermişlər. Kənd təsərrüfatının digər sahələrində də yüksək göstəricilərə nail olunmuşdur. Belə ki, 4975 ton kartof, 9634,3 ton tərəvəz, 2825 tondan çox şəkər çuğunduru, 12684 kiloqram tütün istehsal edilmişdir.

Keçən il pambıq yığımında kombaynlara daha çox üstünlük verilmişdir. Pambıq istehsalında əldə olunan nailiyyətlərdə MKT-İK MMC-nin Goranboy filialının, Goran-Cotton ASC-nin və "Azərpambıq” MMC-nin Goranboy pambıq istehsalı və qəbulu məntəqəsinin işçilərinin də payı az olmamışdır.

Keçən ili heyvandarlar da uğurla başa vurmuşlar. Göstərilən diqqət və qayğı nəticəsində nəzərdə tutulduğundan çox ət və süd istehsal edilmişdir. Qoyunçuluqla məşğul olan hüquqifiziki şəxslərin çətinlikləri aradan qaldırılmış, onlar istehsal etdikləri yunu "Azərxalça” ASC-nin Bərdə yun və təbii boyaq bitkilərinin tədarükü məntəqəsinə təhvil vermişlər.

Məlum olduğu kimi, bol su bol məhsul deməkdir. Bunu nəzərə alan rayon suvarma sistemləri idarəsinin kollektivi 25 min 638 hektar sahənin suvarılmasını təmin etmişdir. Mövcud suvarma suyunu əkin sahələrinə itkisiz çatdırmaq üçün arxlar təmizlənmiş, sel sularını ötürmək üçün nizamlama işləri görülmüşdür.

Abadlıq quruculuq işləri davam etdirilmiş, rayon mərkəzindəki Etibar Namazoğlu, Əsgər Ağa Gorani, Nəsrəddin Əliyev, Üzeyir Hacıbəyli, Vidadi, Vaqif, Səməd Vurğun, Rövşən Mustafayev küçələrinə asfalt örtüyü salınmış, Heydər Əliyev parkında 5 min 200 kvadratmetr sahəyə tamet düzülmüş, 2 min 800 gül kolu əkilmiş, oturacaqlar qoyulmuşdur.

Hazırda Goranboy şəhərinin Civəzadə küçəsində qəzalı vəziyyətdə olan binaların sakinləri üçün tikilən beşmərtəbəli, 40 mənzilli yaşayış binasında son tamamlama işləri görülür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 700 şagird yerlik şəhər 1 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinə başlanılmışdır. Məktəbin cari dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Rayon sakinlərinin məşğulluğunun təminatı məqsədilə həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir. Nəticədə keçən il 610 nəfər daimi işlə təmin olunmuş, 345 nəfər üçün müvəqqəti yeri yaradılmışdır. Prezident İlham Əliyevin regionlara investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq rayonun Qızılhacılı qəsəbəsi ərazisində fəaliyyətə başlamış "Kaskad-Aqro” MMC- məxsus istixanada hazırda 70 nəfər rayon sakini işlə təmin olunmuşdur. İllik istehsal gücü 1500 ton olan istixanada yetişdirilən məhsullar əsasən xarici ölkələrə göndərilir.

Goranboylular cari ildə yüksək göstəricilər əldə etmək üçün yorulmaq bilmədən çalışırlar. Bilirlər ki, bu gün çəkdikləri zəhmət payızda öz bəhrəsini verəcək.

 

S.ƏLİYEV

 

Azərbaycan.- 2020.- 25 yanvar.- S. 1; 6.