“Bakı-Moskva: Mədəniyyətlərin
dialoqu” konfransının
iştirakçıları ilə Milli Məclisdə
görüş olub
Yanvarın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda keçirilən "Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” adlı konfransın iştirakçıları ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Oqtay Əsədov əvvəlcə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı yubileyi münasibətilə təbrik edib. Sədr bildirib ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Siyasi əlaqələrin inkişafında dövlətlərimizin başçılarının şəxsi münasibətlərinin və qarşılıqlı səfərlərin böyük rolu var. Hökumətlərimiz və parlamentlərimiz arasında da əlaqələr davamlı olaraq genişlənir. 2019-cu ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 3 milyard dollardan artıq olub və bunun daha da artması gözlənilir. Siyasi-iqtisadi münasibətlərimizlə yanaşı, humanitar əlaqələrimiz də getdikcə genişlənir. Bunu bu günlərdə ölkəmizdə keçirilən "Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” adlı konfrans bir daha sübut edir.
Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycanda rus dilinə böyük hörmət var, Bakıda Slavyan Universiteti fəaliyyət göstərir, 338 orta məktəbdə rus dilində fənlər tədris olunur, 27 ali məktəbdə isə tədris rusca aparılır. Bundan başqa, Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.
Sədr bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya son səfəri zamanı keçirilmiş görüşlər, Moskvada təşkil olunmuş 10-cu Regionlararası Forum yaxşı nəticələr verib. Həmin səfər zamanı Mehriban Əliyevaya ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Prezident Vladimir Putin tərəfindən Rusiyanın "Dostluq” ordeni təqdim olunub. Ölkələrimiz arasında münasibətlərin səviyyəsini ən yaxşı xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, əgər bütün ölkələr arasındakı əlaqələr Rusiya və Azərbaycanın münasibətləri kimi olsaydı, dünyada problem qalmazdı.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Bakıda keçirilən "Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransında iştirak etmək məqsədilə ölkəmizə səfər çərçivəsində keçirilən görüşləri yüksək qiymətləndirib. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfədir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan İlyas Umaxanov deyib ki, Rusiya bu münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə tərəfdardır.
Görüşdə Milli
Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlamentin
aparat rəhbəri Səfa Mirzəyev, deputat Mixail Zabelin, Mədəniyyət naziri
Əbülfəs Qarayev və digər rəsmi
şəxslər iştirak ediblər.
Azərbaycan.- 2020.- 25 yanvar.- S. 2.