Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Çindəki vəziyyətlə bağlı xəbərdarlıq edib

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 2019-cu ilin dekabrında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanıb və insandan-insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.

Çin Milli Səhiyyə Komitəsinin 2020-ci il 24 yanvar tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla, 830 nəfər sözügedən virusa yoluxub və 25 nəfər vəfat edib. Çinin Uxan şəhərində karantin elan olunub.

Dünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

 

- kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

 

- xəstə insanlarlaya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;

 

- canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;

 

- kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməl etməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq);

 

- yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;

 

- sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

 

Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmalarını, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur.

Çində daimi, müvəqqəti yaşayanolan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çinin müvafiq səhiyyə qurumlarına və Azərbaycanın bu ölkənin Pekin şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayanolan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımı kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi

 

Ünvan: 100600, Qijayuan Diplomatic Compound, Villa B-3-3, Beijing, China

 

Tel: (+8610) 65 32 46 14

 

Faks: (+8610) 65 32 46 15

 

E-mail: mailbox@azerbembassy.org.cn

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

 

Ünvan: Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50, AZ 1009

 

Tel: +994 (12) 596 90 00

 

Faks: +994 (12) 596 90 01

 

E-mail: katiblik@mfa.gov.az .

 

Azərbaycan.- 2020.- 25 yanvar.- S. 2.