Dron kəndlinin köməyinə gəlir
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə icra olunan "Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri cənub bölgəsində həyata keçirilib.
Tədbir çərçivəsində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisindəki taxıl sahələrində yayılmış "haf” zərərvericisinə qarşı dronlar vasitəsi ilə mübarizə tədbirləri aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, bölgə fermerləri, fitopatoloqlar, aqrokimyaçılar, entomoloqlar və becərmə texnologiyası üzrə kadrlardan ibarət tədqiqat qrupu iştirak edib.
Sahə nümayişi çərçivəsində mobil mini laboratoriyadan istifadə etməklə torpaqda NPK-nın (azot, fosfor, kalium), eləcə də PH-ın miqdarı mütəxəssislər tərəfindən yerindəcə təyin edilib və nəticəyə uyğun olaraq gübrə dozası müəyyən edilərək fermerə təqdim olunub. Bildirilib ki, layihənin əsas məqsədi nazirliyin fəaliyyətində əsas götürdüyü fermerə yaxınlıq prinsipinin reallaşmasına dəstək göstərmək, torpaq adamlarının məsləhət-informasiya xidmətinə olan ehtiyacının təmin olunması üçün elm adamları ilə onlar arasında münasibətlər yaratmaq, birbaşa təsərrüfatlara səfər edərək aqrotexniki qulluq, bitki mühafizə, zootexniki, baytarlıq və digər sahələr üzrə tədbirlərin həyata keçirilməsində kömək göstərməkdir.
Layihə çərçivəsində
mövsümə uyğun olaraq
digər bölgələrdə də kənd təsərrüfatı
məhsulları istehsalçıları üçün
tarla seminarlarının keçirilməsi
nəzərdə tutulur.
Azərbaycan.- 2020.- 25 yanvar.- S. 3.