Kənd təsərrüfatında istehsalın artması əsasən məhsuldarlıq hesabına mümkün olub

 

Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində böyük uğurlar əldə edilib. Buna səbəb həyata keçirilən dərin aqrar islahatlar və sahəyə mütəmadi verilən dövlət dəstəyidir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan dövləti dünyada fermerlərə ən çox dəstək verən ölkədir. Bu səbəbdən də ölkəmizdə keçən il kənd təsərrüfatında məhsul istehsalı 14 faizdən çox artıb.

Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş müşavirədə aqrar sektorda əldə olunan uğurları və görüləcək işləri qeyd edərək demişdir: "İqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının xüsusi rolu var...

Növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunuryeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar bizdə kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək”.

Dünya təcrübəsi göstərir ki, yalnız hazır məhsul satmaqla daha böyük gəlir əldə etmək mümkündür. Çünki xammalın qiyməti də aşağı olur, üstəlik, onu saxladıqca daha çox itki yaranır. Bu üzdən hazır məhsulun satılması istehsalçılar üçün, eləcə də ölkə üçün sərfəlidir.

Məlumdur ki, son bir neçə ildə Prezidentin təşəbbüsü ilə kənd təsərrüfatında olan ənənəvi sahələrin yenidən dirçəldilməsinə başlanılıb. Ötən müddətdə bu sahədə böyük uğurlar qazanılıb. Ancaq proses hələ başa çatmayıb, qarşıdakı illərdə nailiyyətlər daha çox olacaq. Məsələn, keçən il dövlətin verdiyi dəstək sayəsində üzümçülükdə məhsuldarlıq 25 faiz artıb və 190 min tondan çox üzüm yığılıb.

Ölkəmizdə baramaçılığın tarixi qədimdir. Lakin məlum səbəblər üzündən bu sahədə, demək olar ki, məhsul istehsal olunmurdu. Belə ki, 2015-ci ildə ölkə üzrə cəmi 200 kiloqram barama əldə edilmişdi. Ancaq keçən il 294 min ton barama istehsal olunub. Bu da böyük istehsal təcrübəsinə malik "Şəki İpək” kombinatının yenidən fəaliyyətə başlamasına imkan yaradıb. Artıq yüz minlərlə insan barama istehsalından gəlir əldə edərək güzəranını yaxşılaşdırır.

Aqrar sektorda taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. Çünki ərzaq təhlükəsizliyində buğda istehsalı mühüm əhəmiyyətə malikdir. Torpaq sahələrindən daha səmərəli istifadə etməklə məhsuldarlığın çoxalması sayəsində taxıl istehsalı ildən-ilə artır. Ötən il 3 milyon 538 min ton məhsul istehsal olunub ki, bu da 2018-ci ilə nisbətən 6,9 faiz çoxdur. Buğdanın məhsuldarlığı ölkə üzrə təxminən 32,4 sentner təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2 sentner çoxdur.

Yola saldığımız ildə digər sahələrdə də böyük uğurlar qazanılıb. Pambıqçılıqda ümumi məhsul artımı 26,4, məhsuldarlıq 67,6 faiz çox olub. Eyni zamanda günəbaxan istehsalı 43,3, kartof istehsalı 11,7, tərəvəz istehsalı 12,7, bostan məhsullarının istehsalı 11,4, meyvə-tərəvəz istehsalı 8,8 faiz artıb. Heyvandarlıqda diri çəkidə ət istehsalı 3, süd 2,4, yumurta 9, yun 1,6 faiz çox olub.

Cari ildə fermerlərin toxum, gübrə və texnikaya əlçatanlığını asanlaşdırmaq, bu sahədə olan bürokratik əngəlləri aradan qaldırmaq üçün səy göstəriləcək. Fermerlərin kiçik həcmli kreditlərə çıxışını asanlaşdırmaq üçün müvafiq tədbirlər görülür. Məqsəd kənd təsərrüfatının inkişafını stimullaşdırmaqla məhsul istehsalını artırmaqdır.

Bundan əlavə, istehsalın təşviqi istiqamətində görülmüş işlər kənd təsərrüfatı məhsullarının ixracını artırır. Belə ki, aqrar sektorun güzəştli şərtlərlə kreditləşdirilməsi, istehsalda müasir texnologiyaların tətbiqi meyvə-tərəvəz, ipək, tütüns. kimi kənd təsərrüfatı məhsullarının ixracını xeyli artırıb. Təsadüfi deyil ki, ötən il qeyri-neft məhsullarının ixracında üstünlük təşkil edən üç məhsuldan ikisi kənd təsərrüfatına məxsusdur. Ümumilikdə isə ixracatda kənd təsərrüfatı məhsullarının çəkisi digər qeyri-neft məhsullarının çəkisindən yüksəkdir. Bu da aqrar sektor hesabına daha çox valyuta əldə etməyə imkan verir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.- 26 yanvar.- S. 1; 4.