Gəncədə
keçirilən növbəti seminar seçki prosesində polisin
xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunub
9 fevral Milli Məclisə
seçkilər günüdür
Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunması, azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən Gəncədə keçirilmiş növbəti tədbir "Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi”nə həsr olunub. AZƏRTAC xəbər verir ki, yanvarın 25-də keçirilən regional seminarda Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin nümayəndələri, dairə seçki komissiyalarının sədrləri, rayon polis idarələrinin nümayəndələri iştirak ediblər.
Seminarda Mərkəzi Seçki Komissiyasının nümayəndələri tərəfindən polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə dair müxtəlif mövzularda çıxışlar dinlənilib.
Tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları mövzusunda çıxış edib.
Bildirilib ki, polisin ölkədə keçirilən seçki prosesində ictimai asayişin qorunması ilə əlaqədar fəaliyyəti Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunub.
Qeyd edilib ki, polisin səsvermə prosesində həm səsverməyədək, həm də seçki günü qanunvericiliklə təsbit edilmiş vəzifələri mövcuddur. Səsvermə günü hər hansı bir səsvermə otağında asayişin pozulması ilə əlaqədar müəyyən problemlər yaranarsa, səsvermə otağından 100 metr aralıda öz xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı məntəqə seçki komissiyası sədrinin dəvəti ilə səsvermə otağına daxil olur və ictimai asayişin bərpası ilə bağlı fəaliyyətini həyata keçirir. Polis əməkdaşı səsvermə otağına daxil olduqda səsvermə prosesi dayandırılır və ictimai asayiş bərpa olunduqdan sonra isə qanunla müəyyən edilmiş qaydada səsvermə prosesi davam etdirilir.
Vurğulanıb ki, son bələdiyyə seçkiləri, yaxud ondan əvvəlki seçkilərdə polisin konkret fəaliyyəti ilə bağlı ciddi nöqsanlar müəyyən edilməyib.
Seminarda Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Hamlet Hümbətəliyevin "Seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi” mövzusunda çıxışı dinlənilib.
Sonra Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri Rafiq Abbasov "Seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi” mövzusunda çıxış edib.
Sonda seminar iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan.- 2020.- 26 yanvar.- S. 3.