Ağdamda kənd təsərrüfatının
inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib
Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən müşavirədə 2019-cu ildə kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, fermerlərin, kənd təsərrüfatı mütəxəssislərinin iştirak etdiyi müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından, rayonda aqrar sahənin inkişafını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışıb.
Rayon icra hakimiyyəti başçısının müavini Allahverən Əliyev çıxışında rayonda aqrar sahənin vəziyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, rayon iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatının inkişafı 2019-cu ildə də davam edib. Kəndli fermerlər və torpaq mülkiyyətçiləri ötən il 47 min 660 ton buğda, 7870 ton arpa, 6025 ton kartof, 13 min 244,7 ton şəkər çuğunduru, 105 min 441 ton tərəvəz istehsal ediblər ki, bunlar da əvvəlki illə müqayisədə xeyli çoxdur.
Diqqətə çatdırılıb ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da baramaçılığın və pambıqçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkqurdunun yem bazasını təmin etmək üçün 2019-cu ildə rayon ərazisində Çin Xalq Respublikasından gətirilmiş 44 min 500, həmçinin 14 min 600 ədəd yerli tut tingi əkilib. Ötən təsərrüfat ilində 17,1 ton barama, 7315,7 ton pambıq tədarük edilib.
Müşavirədə qeyd edilib ki, rayonun təbii su mənbələri işğal altında qaldığı üçün əkinlərin suvarma suyuna olan tələbatının ödənilməsi əsasən subartezian quyuları vasitəsilə həyata keçirilir. Rayonun əkin sahələri 952 subartezian quyusu, 4 nasos stansiyası, 4 suyığıcı göl, 11 kəhriz vasitəsilə suvarma suyu ilə təmin edilir. Rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə hər il yeni subartezian quyuları qazılır.
Məlumat verilib ki, 2020-ci ilin məhsulu üçün rayonda 22 min 100 hektar sahədə şum aparılıb, 15 min 750 hektar sahədə dən və yaşıl yem üçün payızlıqlar səpilib. Bunun 12 min 092 hektarını buğda, 2255 hektarını dən üçün arpa, 1403 hektarını isə xəsil arpa təşkil edir.
Müşavirədə aidiyyəti qurumların rəhbərləri və fermerlər çıxış edərək, aqrar sahənin inkişafı və bəzi problemlərdən söz açıb, fikir və təkliflərini bildiriblər.
Rayon icra
hakimiyyətinin başçısı Vaqif
Həsənov kənd təsərrüfatının
inkişafı, qarşıya çıxan çətinliklərin
aradan qaldırılması ilə
bağlı aidiyyəti təşkilatların rəhbərlərinə
tapşırıq və tövsiyələrini verib.
Azərbaycan.- 2020.- 26 yanvar.- S. 4.