Kənd təsərrüfatı ötən ilin yekun statistikasında

 

Keçən il ölkədə 7,8 milyard manatlıqdan çox kənd təsərrüfatı məhsulları istehsal edilmişdir

 

Dövlət Statistika Komitəsinin keçən ilin yekunlarını əks etdirən hesabatında bildirilir ki, il ərzində ölkə üzrə faktiki qiymətlərlə dəyəri 7 milyard 836,7 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bunun 4 milyard 85,5 milyon manatlığı heyvandarlıq, 3 milyard 751,2 milyon manatlığı bitkiçilik məhsulları olmuşdur.

2018-ci illə müqayisədə ümumi istehsal 7,2, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5, bitkiçilik məhsulları üzrə 11,7 faiz artmışdır.

Hesabatın bitkiçilik üzrə bölməsində qeyd olunur ki, keçən il ölkə üzrə dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkildiyi 1 milyon 39,5 min hektar sahədə 3 milyon 254,9 min ton (2018-ci ildəkindən 6,3 faiz çox) məhsul götürülmüşdür. Orta hesabla hər hektarın məhsuldarlığı 31,3 sentner olmuşdur. Bundan əlavə, 32,8 min hektar dən üçün qarğıdalı sahəsindən 283,6 min ton məhsul toplanmışdır. Beləliklə, qarğıdalı dəni də nəzərə alınmaqla 2019-cu ildə ölkə üzrə taxıl istehsalı 3 milyon 538,5 min tona çatmışdır.

Dənlilərin və dənli paxlalı bitkilərin tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxılın 61,4 faizini (2 milyon 171,5 min tonunu) buğda, 28,7 faizini (1 milyon 15,5 min ton) arpa, 8 faizini (283,6 min tonunu) qarğıdalı, 0,3 faizini (12 min tonunu) çəltik, 1 faizini (36 min tonunu) paxlalılar, 0,6 faizini (19,9 min tonunu) isə digər dənli bitkilər təşkil etmişdir.

Hesabata görə, ötən il sahələrdən, həmçinin 1 milyon 714,7 min ton (əvvəlki ilə nisbətən 12,7 faiz çox) tərəvəz, 1 milyon 4,2 min ton (11,7 faiz çox) kartof, 447,6 min ton (11,4 faiz çox) bostan məhsulları toplanmışdır. Məhsuldarlıq tərəvəz üzrə 14, kartof üzrə 20, bostan məhsulları üzrə 18 sentner artmışdır.

Bunlardan əlavə, keçən il əkilmiş 100,1 min hektar sahədən 295,3 min ton (26,4 faiz çox) pambıq, 16,6 min hektardan 34,8 min ton (43,3 faiz çox) dən üçün günəbaxan, 7,4 min hektardan 237 min ton (20,9 faiz az) şəkər çuğunduru, 3,1 min hektardan 6 min ton (4,4 faiz az) tütün yığılmışdır.

2019-cu ildə ölkə üzrə meyvə və giləmeyvə, üzüm və yaşıl çay yarpağı istehsalı da artmışdır. Belə ki, sahələrdən 1 milyon 99,7 min ton (8,8 faiz çox) meyvə və giləmeyvə, 201,8 min ton (20,4 faiz çox) üzüm, 929,4 ton (7 faiz çox) yaşıl çay yarpağı toplanmışdır.

Hesabatda aqrar sektorda cari ilin məhsulu üçün görülən işlər barədə də məlumat verilir. Bildirilir ki, ötən il dekabr ayının 24-nə olan məlumata görə, bu ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla 1 milyon 156,2 min hektar (əvvəlki ilə nisbətən 1,7 faiz çox) şum qaldırılmış, 1 milyon 19,2 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər əkilmişdir. Bunun 1 milyon 2,7 min hektarı dən üçün nəzərdə tutulmuşdur. Dənlik taxılın 63,4 faizi (636,2 min hektarı) buğda, 36,5 faizi (366,2 min hektarı) arpa əkini sahəsidir. Əvvəlki ilə nisbətən dən üçün taxılın cəmi əkin sahəsi 0,3, o cümlədən arpanın əkin sahəsi 10,6 faiz artmış, buğdanın əkin sahəsi isə 4,8 faiz azalmışdır.

Heyvandarlıq bölməsinə gəldikdə, burada da ciddi irəliləyişlər əldə olunmuşdur. Hesabatda bildirilir ki, keçən il ölkə üzrə diri çəkidə ət istehsalı 3 faiz artaraq 2 milyon 129,4 min, yun istehsalı 1,6 faiz artaraq 16,1 min tona, yumurta istehsalı 9 faiz artaraq 1 milyard 827,1 milyon ədədə çatmışdır. Bunlardan savayı, ölkədə 643,7 ton (əvvəlki ilə nisbətən 25,3 faiz çox) barama istehsal edilmişdir.

Statistikaya görə, keçən il hər inək və camışdan orta hesabla 1636 kiloqram süd sağılmışdır. Müqayisə üçün bildirək ki, 2018-ci ildə bu rəqəm 1589 kiloqram olmuşdur.

Hesabatda, həmçinin ölkədə olan heyvan və quşların sayı barədə də məlumat verilir. 2020-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 8 milyon 296,3 min baş qoyunkeçi, 2 milyon 658,1 min baş qara-mal, o cümlədən 1 milyon 281,2 min baş inək və camış olmuşdur.

Quşçuluğa gəldikdə, keçən il müəssisələrdə diri çəkidə 67,2 min ton quş əti, 764,5 milyon ədəd yumurta istehsal edilmişdir. Ümumilikdə quşçuluq müəssisələrində bəslənən quşların sayı 14 milyon 68,1 min baş olmuşdur. Hər yumurtlayan toyuqdan orta hesabla 201 ədəd yumurta alınmışdır.

 

Azərbaycan.- 2020.- 26 yanvar.- S. 4.