Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk

 

Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi ilə bağlı ardıcıl mövqeyinin olmasını təqdir edirik.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Hikmət Hacıyev qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. "Biz bundan əvvəl Şərq Tərəfdaşlığı ilə əlaqədar Brüssel Sammitinin yekun sənədlərinə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanmış "Tərəfdaşlıq prioritetləri” sənədinə baxsaq görərik ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var. Ona görə də bunun davamı olaraq Avropa İttifaqının xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair sənəddə Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətdə ifadə olunan bu mövqeni yüksək qiymətləndiririk”, - deyə Prezidentin köməkçisi bildirib.

 

Azərbaycan.- 2020.- 18 yanvar.- S. 2.